Ermənistan uzun illər Dağlıq Qarabağ məsələsində beynəlxalq ictimaiyyətin mövqeyini ədalətsiz hesab edib və Azərbaycanın mövqeyinə qulaq asmayıb.Senzor.az bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki “Hökumət saatı”nda çıxış edərkən deyib.
Onun sözlərinə görə, nəticədə müəyyən andan etibarən artıq Ermənistanın özünün də mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmur.
“İndi sual olunur ki, biz qərar qəbul etmək istəyirik ya yox? Ermənistan hökumətinin missiyası qərar qəbul etməkdir. Amma deyilənlər o demək deyil ki, istənilən bir həll bizim üçün məqbuldur. Beynəlxalq ictimaiyyət Ermənistan və Azərbaycanın daimi şikayətlərindən sadəcə olaraq yorulub. Və kobud desək, hər iki tərəfi nəhayət, öz aralarında razılığa gəlməyə və ortaq dil tapmağa çağırır. Niyə bizə elə gəlir ki, bütün dünya problem və qayğılarımızla yaşamalıdır? Bəlkə də bəzi problemlərimizi özümüzün həll etməyimizin vaxtıdır. Dünya ictimaiyyəti də bizə təxminən bunu deyir”, – Paşinyan bildirib.
N.Paşinyan onu da bəyan edib ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır və bunu təklif də edib: “Bildirmişik ki, ATƏT-in Minsk Qrupunun bütün fəaliyyəti sülh sazişinin imzalanmasına yönəlib. Tammiqyaslı danışıqlar prosesinin bərpasından danışırıq və bu prosesə cəlb olunmuşuqsa, deməli, məqsədimiz də sülh sazişini imzalamaqdır”.