Helikopter qəzasında həlak olan hərbçilər II Şəhidlər xiyabanında dəfn olundular - YENİLƏNİB
FOTO
Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda ötən gün qəzaya uğraması nəticəsində həlak olanlar dəfn olunublar.
 
Senzor.az bildirir ki, onlar II Şəhidlər xiyabanında torpağa tapşırılıb.
 
Mərasimdə hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib.
 
Yaylım atəşi açılıb.
 
**13:42

“Sərhədçi” İdman Kompleksində helikopter qəzasında ötən gün həlak olan hərbi qulluqçularla vida mərasimi başa çatıb. 

 
Senzor.az
bildirir ki, vida mərasimində DSX rəisi general-polkovnik Elçin Quliyev, Hərbi prokuror Xanlar Vəliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, digər rəsmi şəxslər, şəhidlərin yaxınları, müxtəlif qurumların və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
 
Vida mərasimi şəhid hərbi qulluqçuların cənazələrinin zala gətirilməsi ilə başlayıb.
 
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
Mərasim iştirakçılarına şəhid hərbi qulluqçuların xidməti fəaliyyətləri barədə ətraflı məlumat verilib.
 
Dövlət Sərhəd Xidmətinin maddi-texniki təminat idarəsinin rəisi general-mayor Faiq Məmmədov çıxış edərək şəhidlərin ailələrinə bir daha başsağlığı verib. Bildirilib ki, qəza nəticəsində həlak olan hərbi qulluqçular daim nümunəvi xidmətləri ilə seçiliblər. Onların əksəriyyəti Vətən müharibəsi zamanı böyük fədakarlıqlar göstəriblər. Azərbaycan xalqı qəhrəman oğullarının xatirəsini daim yaşadacaq.
 
DSX rəisinin müavini general-leytenant İlham Mehdiyev helikopterin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçuların daim nümunəvi xidmətləri ilə seçildiklərini bildirib. Ən böyük təsəllinin onların şəhidlik zirvəsinə ucalmaları olduğunu deyən İ.Mehdiyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının, o cümlədən helikopter qəzası nəticəsində şəhid olan hərbçilərin Vətən müharibəsində qəhrəmanlıq və fədakarlıq nümunələri göstərdiklərini vurğulayıb. Xidmət rəisinin müavini onların şərəfli xidmət yolunun və vətənpərvərliyinin hər bir gənc üçün nümunə olduğunu, xatirələrinin daim qəlblərdə yaşayacaqlarına bildirib: “Əlbəttə, valideynlərin də kədərini başa düşürük. Yeganə təsəllimiz odur ki, silahdaşlarımız şəhidlik zirvəsinə yüksəlməklə bütün Azərbaycan xalqının övladlarına çevriliblər. Bu gün dəfn mərasimini keçirdiyimiz şəhidlərimiz Vətən müharibəsində də vəzifələrinin öhdəsindən layiqincə gələrək torpaqlarımızın işğaldan azad olunmasına öz töhfələrini veriblər. Onların şərəfli xidmət yolu hər bir sərhədçi üçün örnək olacaq. Əziz valideynlər, siz hər bir sərhədçinin timsalında minlərlə oğul, qardaş qazanmısınız”.
 
Şəhid kapitan Xəyyam Əliyevin atası Əlixan Əliyev oğlunun şəhidlik zirvəsinə ucalması ilə fəxr etdiyini bildirib, şəhidlərimizin xatirəsinin daim yaşayacağını deyib..
 
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev helikopter qəzasında hərbi qulluqçularımızın həlak olmasının ölkə ictimaiyyətini dərindən sarsıtdığını bildirib. Şəhidlik zirvəsinə ucalan hərbi qulluqçuların Vətən müharibəsinin iştirakçıları olduqlarını deyən Xidmət rəisi onların qəhrəmanlıqlarının, şərəfli xidmət yolunun daim yaşayacağını vurğulayaraq qeyd edib: “Biz silahdaşlarımızı itirmişik. Onların hər biri şəhidlik zirvəsinə ucalaraq, övladlarının başını uca etdilər. Vətən sağ olsun. Şəhid zabitlərimizin, əməkdaşlarımızın valideynlərinə, yaxınlarına, əzizlərinə, bacı-qardaşlarına, övladlarına Dövlət Sərhəd Xidmətinin bütün rəhbər heyəti və rəhbərliyi adından başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əmin ola bilərsiniz ki, hər bir Azərbaycan vətəndaşı, sərhədçisi şəhidlərimizin xatirəsini daim qəlblərində yaşadacaq. Onların Vətənə xidmətdə göstərdikləri qəhrəmanlıqlar yaşadılaraq, gələcək nəsillərə çatdırılacaq. Şəhidlərimizin valideynləri qarşısında baş əyirəm”.
 
General-polkovnik Elçin Quliyev şəhid hərbi qulluqçuların ailə üzvlərinə başsağlığı verərək, vətənpərvər oğullar böyütdükləri üçün onlara minnətdarlıq edib, səbr diləyib.
 
**12:14

Ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticədə həlak olan 14 hərbi qulluqçu ilə vida mərasimi başlayıb.

Senzor.az bildirir ki, mərasim DSX-nin “Sərhədçi” İdman Kompleksində keçirilir.
 
Mərasimdə dövlət rəsmiləri, mərhumların ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər.
 
**10:56

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçularla bu gün vida mərasimi keçiriləcək.
 
Senzor.az
bildirir ki, mərasim bir qədər sonra DSX-nin "Sərhədçi" İdman Kompleksində başlayacaq.
 
Həlak olan şəxslərin nəşi hazırda Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinə olunur.
 
Sonra cənazələr vida mərasiminin keçirilməsi üçün "Sərhədçi" İdman Kompleksinə aparılacaq.
 
Daha sonra isə cənazələr dəfn olunmaq üçün ailələrinə təhvil veriləcək. Yaxınlarının verdiyi məlumata görə, hərbçilər İkinci Şəhidlər xiyabanında dəfn olunacaqlar.
 
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.
 
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.
 
Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidməti rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunan mütəxəssis tərəfindən "qara qutu"nun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.