Milli Məclisin iclasında “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı (birinci oxunuş) deputat Fazil Mustafa Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) fəaliyyətindən danışıb.Senzor.az-ın məlumatına görə, deputat bildirib ki, əvvəllər DTX sahibkarları incidən və digər mənfi əməllərlə yadda qalıb. Bu baxımdan hazırda bu qurumun fəaliyyəti təqdir olunmalıdır: “Əli Nağıyev rəis təyin olunandan sonra Dövlət Təhlükəsizliyi Xidməti dövlət maraqlarına xidmət edən quruma çevrildi. Vətən müharibəsində də biz bunu gördük”.
Deputat onu da qeyd edib ki, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə bağlı çalışan insanların maaşlarını artırmaq, mənzil-məişət məsələlərinin həlli üçün büdcədən daha çox vəsait ayırmaq lazımdırsa, büdcədən ayrılsın: “Bu 5 faiz məsələləri ilə onları gündəmə gətirməyək”. Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə deyib ki, “5 faiz məhz büdcədən ayrılır, həmin qurumların əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə o qurumların xəzinə hesabına köçürülür”.
Qeyd edək ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə yeni maddə əlavə olunması təklif olunur.
Həmin maddəyə görə, əks-kəşfiyyat fəaliyyətinin subyekti olan müvafiq icra hakimiyyəti orqanı tərəfindən istintaqı aparılan cinayət işləri üzrə dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə ödənilməsi təmin edilmiş vəsaitin 5 faizi və Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının xəzinə hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.