Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda ağır terror aktının qarşısı alınıb.Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Nusaybindəki Çevik Polis Alayında xidmət edən zabitlərdən birinin şəxsi avtomobilinin altına yerləşdirilmiş əldədüzəltmə bomba zərərsizləşdirilib. Bildirilir ki, bomba üzərindəki əl izləri götürülüb və digər sübutlarla birlikdə cinayətkarın axtarışına başlanılıb.
“TRT Haber” telekanalının yaydığı ən son məlumata görə, məqsəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Siirt şəhərində keçirilən mitinqdə terror aktı törətmək olub.
Qeyd edək ki, Mardin və Siirt qonşu vilayətlərdir. Ehtimala görə, avtomobilinin altına bomba yerləşdirilmiş zabit Siirtdəki mitinqin təhlükəsizliyinə təhkim olunmuş şəxslərdən biridir və terrorçular bundan məlumatlı olublar. Partlayıcı qurğu istehkamçı qruplar tərəfindən Ərdoğanın çıxışına az qalmış zərərsizləşdirilib və böyük faciənin qarşısı alınıb.