Qalanların bədbəxt, qaçanların bəxtəvər sayıldığı ölkə... – ERMƏNİSTAN İÇDƏN ÖZÜNÜ YEYƏN CƏMİYYƏTƏ ÇEVRİLİB
TƏHLİL

Ötən il Ermənistanın 36 512 vətəndaşı ölkəni tərk edərək geri qayıtmayıb.

 

"Bunlar sadəcə, rəqəmlər deyil. Göstəriciləri təhlil edəndə bəlli olur ki, ermənilər ölkəni kütləvi şəkildə tərk etməkdədir", - Ermənistan parlamentinin deputatı, "Alternativ layihələr qrupu"nun üzvü Elinar Vardanyan məqaləsində yazıb.

 

Onun hesablamalarına görə, son 10 ildə ölkəni tərk edən və geri qayıtmayan Ermənistan vətəndaşlarının sayı 291 327 nəfərə çatıb. Bu müddət ərzində sadəcə, 2020-ci ildə Ermənistana daxil olanların sayı tərk edənlərin sayından 42 786 nəfər çox olub ki, həmin rəqəmlər də qlobal COVİD-19 koronavirus pandemiyası ilə bağlı idi.

 

Ermənistanı tərk etmiş 291 327 nəfərin təxminən yarısı, yəni 138 024 nəfəri ölkədən son üç il ərzində gedib və qayıtmayıb.

 

Hazırda yüz minlərlə Ermənistan vətəndaşı “Green Card” əldə edərək ABŞ-a mühacirəti arzulayır. ABŞ “Green Gard” əldə etmək üçün verilən ərizələrin ümumi statistikasını açıqlayıb. Bəlli olub ki, Birləşmiş Ştatların İrəvandakı səfirliyinə “Green Card”ın alınması istəyi ilə 602 359 ərizə verilib. Məsələn, yalnız 2021-ci ildə 160 965 belə ərizə qeydə alınıb. 

“Green Gard” almağa çalışan Ermənistan vətəndaşlarının sayı Gürcüstan və Azərbaycandakı belə şəxslərin sayından dəfələrlə çoxdur.

 

Erməni deputat hesab edir ki, ölkədə kütləvi mühacirət artıq milli fəlakətə çevrilməkdədir: “Bu, artıq adi mühacirət yox, vətəndaşın dövlətdən imtina etməsidir. İmtinalar kütləviləşir və axına dönür. Səbəb bəsitdir: Ermənistan vətəndaşları özlərinin və dövlətin gələcəyi ilə bağlı müəyyənləşmiş, konkret fikirlərə malik deyillər”.

 

E.Vardanyanın fikrincə, ermənilər bitmək bilməyən müharibə qorxusu şəraitində yaşayırlar. Baş nazir Nikol Paşinyanın hakimiyyəti sülhə can atdığını deyir və vətəndaşları buna inandırmağa çalışır. Paşinyan iqtidarının qərarları və siyasəti fasiləsiz qarşıdurma xaosunu daha da gücləndirir.

 

“Ölkədə sosial ədalətsizlik baş alıb gedir. Könüllü attestasiya şəraitində belə, müəllimin maaşı patrul polisinin maaşından az ola bilməz. Sərhəddə xidmət edən sərhədçinin maaşı Ermənistan Polisi əməkdaşlarının maaşlarının baza stavkasından xeyli az olmamalıdır. Yüksəkçinli məmurların əməkhaqları hakimiyyətin aşağı eşelonlarında çalışan və çox ağır iş şəraitində fəaliyyət göstərən adi məmurların maaşlarından dəfələrlə artıq olmamalıdır”, - E.Vardanyan bildirib.

 

Ermənistan vətəndaşları arasında pərişanlıq, ruh düşkünlüyü, ümidsizlik və aldadıqlarına inam günbəgün artır.

 

Erməni gənclər arasında ölkəni tərk etməyə çalışanların sayı xüsusilə çoxdur və artıq İrəvan üçün demoqrafik təhlükə kəsb edəcək həddə çatıb.

 

Elinar Vardanyan problemlərdə Nikol Paşinyan iqtidarını suçlayır və faktiki olaraq rəsmi İrəvanın yarıtmaz daxili siyasət yürütdüyünü vurğulayır.

 

Halbuki problemlər 2018-ci ildə, Nikol Paşinyanın hakimiyyətə gətirildiyi dönəmdə yox, xeyli əvvəl yaranıb və sürətlənib.

 

Xarici siyasətdə olduğu kimi, daxili siyasətdə də tam bacarıqsız, real fəaliyyəti demaqogiya ilə əvəzləyən, bisavadlığı artıq zərb-məsələ çevrilən Nikol Paşinyanın idarəetmə sistemi təbii ki, Ermənistanı tərk etmək, daha doğrusu, ölkədən qaçmaq istəyənlərin sayını artırıb.

 

Bəs real vəziyyət necədir?

 

Demoqrafiyaya və əhali sayına təsir edən əsas amillər arasında miqrasiya, deportasiya, könüllü və ya məcburi köç, əmək mühacirəti, ölənlərlə doğulanların sayı arasında fərq və s. var.

 

Konkret halda Ermənistandakı demoqrafik vəziyyətə 2020-ci ildə İkinci Qarabağ Müharibəsindəki kapitulyasiya, Xankəndidəki artıq keçmiş separatçı rejimin sonu, qarabağlı ermənilərin Azərbaycandan Ermənistana könüllü köçü, əhalinin ümumi rifah və yaşam səviyyələrinin sürəkli aşağı düşməsi, kütləvi işsizlik, bərbad daxili siyasət, sənaye müəssisələrinin iflic durumda olması təsir edir.

 

Ən əsas amil isə ermənilərin ümumiyyətlə, tarixi vətənlərinin olmamasıdır və bu səbəbdən əzəli, tarixi və qədim torpaqlara bağlılıq hissindən xali ermənilər yaxşı yaşadıqları məkanı tarix boyu özlərinə vətən hesab ediblər. 

Bu, son iki əsrdə ermənilərin yaşamları ilə sübut olunan danılmaz tarixi faktdır. Yetər ki, çar Rusiyası dönəmində ermənilərin Cənubi Qafqaza kütləvi şəkildə köçürülməsini, Azərbaycanın əzəli və tarixi torpaqlarında onlar üçün süni şəkildə “Ermənistan” adlı dövlətin yaradılmasını xatırlayaq.

 

Ermənistandakı mövculd demoqrafik vəziyyət çox ağırdır: ilkin təzahürlərdən biri doğulanların sayının ölənlərin sayından xeyli az olmasıdır. 1990-cı illərdə, ağır siyasi, iqtisadi və sosial şəraitdə ölkədəki ailələrdə yeni doğulan uşaqların sayı azalmağa başlanmışdı. Həmin təmayül indi də davam edir.

 

Üstəlik, reproduktiv yaşda olan erməni gənclərin əksəriyyəti mühacirətə can atır, ən kiçik, hətta mikroskopik imkan tapan kimi Ermənistanı tərk etməyi arzulayırlar.

 

Hazırda Ermənistan əhalisinin 46,5 faizi kişilər, 53,5 faizi isə qadınlardır.

 

Yerli ekspertlərin dediklərinə görə, disbalansın səbəbi mühacirətdir. Belə ki, son 20 ildə Ermənistanda vəziyyət pisləşməyə doğru gedir və bu təmayül zəifləmək əvəzinə, daha da güclənir.

 

2020-ci ildəki 44 günlük İkinci Qarabağ Müharibəsi də Ermənistandakı demoqrafik duruma çox kəskin təsir edib.

 

Ermənistanın hakimiyyət dairələrinin açıqladıqları rəsmi statistikaya görə, müharibədə 5 min nəfərdən artıq erməni hərbi qulluqçu həlak olub və onların əksəriyyəti 2000-2002-ci illər arasında anadan olmuşlardır.

 

Üstəlik, Ermənistandakı mühacirət axınını statistikasına nəzər saldıqda, ölkəni tərk edənlərin 73 faizinin əmək qabiliyyətli kişilər olduğunu görərik. Bu da təbii ki, reproduktiv yaşdakı erməni qadın və kişilər arasındakı disbalansı daha da dərinləşdirib.

 

Yenə də rəsmi statistikaya görə, Ermənistan əhalisinin sayı 2,976 milyon nəfərdir. 2023-cü ildə ölkədə doğulanların sayı 36 662 nəfər, ölənlərin sayı 31902 nəfər olub. Nəticədə əhalinin təbii artımı cəmi 5570 nəfər təşkil edib.

 

Məlum olduğu kimi, istənilən ölkədə əhalinin say artımı üçün hər ananın ən azı iki övlad dünyaya gətirməsi şərtdir. Çağdaş təbabətin bütün nailiyyətlərinə rəğmən, doğulan uşaqların heç də hamısının reproduktiv yaşa çatmadıqlarını nəzərə alsaq, demoqrafik vəziyyətin inkişafda olması üçün hər ailədə uşaqların sayının təqribən 2,15-2,2 əmsalda olması, yəni hər 100 qadının payına 215-220 uşaq düşməsi mütləqdir.

 

Ermənistanda əhali sayının azalmasına təsir edən digər amil hakimiyyətin yürütdüyü daxili siyasət, iqtisadi durum və sosial vəziyyətdir.

 

İşsizliyin çox yüksək səviyyədə olması, hiperinflyasiya, cəmiyyətdəki ümumi ruh düşkünlüyü və bədbinlik, rəsmi İrəvanın mücərrəd xarici siyasəti və bu kimi amillər ölkəni tərk edənlərlə bu addımı atmağı düşünənlərin sayını son üç ildə 32,2 faiz artırıb. 

Xankəndidəki separatçı rejimin varlığına son qoyulması və qarabağlı ermənilərin total hissəsinin könüllü olaraq Azərbaycanı tərk edərək Ermənistana üz tutması da demoqrafik problemlərin sayını artırıb.

 

Son rəy sorğularının nəticələrinə görə, Ermənistanda 18-35 yaş arasında olan vətəndaşların 71,3 faizi (!) imkan düşən kimi ölkəni tərk etməyi arzulayır.

 

Ermənistan içdən özünü yeyən cəmiyyətə çevrilib və problemlərin yaxın perspektivdə həll yolları görünmür.

 

Süni yaradılmış, əhalisi tarixi vətən hissindən xali dövlət Nikol Paşinyanla komandasının bəyanatlarında, erməni diaspor təşkilatlarının açıqlamalarında qətiyyətli sosium kimi qələmə verilsə də, içdən çürüməyə davam edir. 








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.