Durovun müəmmalı həbsində mühüm məqam: MAKRON HAQDA HANSI İFŞAEDİCİ MƏLUMATI OLUB?
ŞƏRH

“Teleqram”ın təsisçisi və baş direktoru Pavel Durovun Parisdə Fransa xüsusi xidməti tərəfindən saxlanılması kifayət qədər qarışıq məsələdir. Hadisənin pərdəarxası məqamları var və bunlar diqqət çəkir.

 

Misal üçün, Durovun həbsindən sonra Rusiya tərəfi onun müdafiəsinə qalxıb. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev P.Durova dəstək paylaşımı edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə deyib ki, Rusiyanın Parisdəki Səfirliyi Fransa Xarici İşlər Nazirliyinə nota göndərərək Pavel Durovla konsulluq əlaqəsi tələb edib.

 

Kremlin P.Durovu müdafiə etməsi diqqət çəkir. Belə ki, o, biznes fəaliyyətinin imkansız olduğunu əsas gətirərək Rusiya vətəndaşlığından imtina edib, 2021-ci ilin fevralında Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustunda isə Fransa vətəndaşlığını alıb. Yəni Durov Rusiya vətəndaşı deyil.

 

Rusiyanın Durovu müdafiə etməsi kimi Fransanın onu həbs etməsi də qəribədir. Çünki o, cəmi üç il öncə Fransa vətəndaşlığı alıb. Bundan başqa, Durov barəsində Parisə enməyə cəmi bir neçə dəqiqə qalmış axtarış elan edilib və bundan dərhal sonra həbsinə order verilib. Yəni onun həbsi ani qərarla baş tutub.

 

Durov həm Fransa üçün, həm də Rusiya üçün mühüm şəxsdir. Yəni iki tərəfin də ondan gözləntiləri var. Misal üçün, Rusiyanın dövlət strukturlarındakı şəxslər yazışmalarının əksəriyyətini “Teleqram” üzərindən həyata keçirirlər. Böyük ehtimalla Kremlin narahatlığı bununla bağlıdır. Fransaya gəldikdə isə Paris Durovun sosial şəbəkənin kodlarını kəşfiyyat struktularına təhvil verməsini istəyir.

 

Digər diqqətçəkən bir detal isə Durovun Bakıdan qayıtdıqdan sonra saxlanılmasıdır. Mövcud Paris-Bakı gərginliyi fonunda bu detal çox mühümdür. Paris ya Durovun Bakıda Azərbaycan rəsmiləri ilə görüşüb nələr müzakirə etdiyini bilmək istəyir, ya da onun Azərbaycana Fransa ilə bağlı məxfi məlumatlar verdiyini düşünür. Bütün hallarda Parisin atdığı bu addım insan hüquqlarına və söz azadlığına zərbədir.

 

Durovun ittiham edildiyi cinayətlərə baxdıqda bunların bir çoxunun “Teleqram”da baş verdiyini görmək olar. Amma bu yenə də onun həbsini leqallaşdırmır. Yəni terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsi kimi məsələlər eynilə “X” platformasında da var. Əgər demokratiya dəyərlərinə hörmət Qərb tərəfindən meyar kimi müəyyən edilibsə, onda “X” rəhbərliyi də həbs edilməlidir. Halbuki prezident Emmanuel Makron X-nin rəhbəri İlon Maskı bir neçə dəfə qonaq edib. Yeri gəlmişkən, Mask özü də sosial mediada açıq şəkildə Durovu dəstəkləyib. Bu fakt belə onun özünün də Durovla eyni mahiyyətdə olduğunu sübut edir. Bu həm də Parisin Durovu məhz siyasi motivlə həbs etdiyini göstərir.

 

Digər bir diqqətçəkən məqam isə Avropa İttifaqının üzvü olan Fransanın bu cür represssiv addımlarına İttifaqın səssiz qalmasıdır. Halbuki, Azərbaycanda belə hal baş versəydi, artıq bəyanat verməmiş bir Qərb rəsmi dairəsi, institutu qalmazdı. Məsələ Durovun təmiz insan olmasından getmir. Məsələ Qərbin ikili yanaşmasından gedir. Bununla belə Aİ, ABŞ, Fransa başqa ölkələrin daxili işinə müdaxilə edərək bu kimi hallardan onlara təzyiq vasitəsi kimi istifadə edir. Qərb özünün bəyan etdiyi prinsiplərə sadiqlik nümayiş etdirməyəcəksə, başqa ölkələrdən nə isə tələb etməsi əbəsdir.

 

Turan Rzayev, 

politoloq






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.