Rəşad Bayramov: ABŞ-ın Ermənistanda möhkəmlənmək planı təkcə Rusiyanın neytrallaşdırılması və İran faktoru ilə bağlı deyil...
“DİGƏR CİDDİ MƏSƏLƏLƏR DƏ VAR”

“Fransanın davamlı olaraq Ermənistanı müasir silahlarla silahlandırması, Avropa İttifaqının “Sülh fondu” çərçivəsində İrəvana maliyyə yardımı etməsi, ABŞ Silahlı Qüvvələrinə məxsus "Boeing C-17" hərbi təyyarəsinin “Zvartnots” hava limanına enməsi və birgə ABŞ-Ermənistan təlimləri onu deməyə əsas verir ki, Qərb güc mərkəzləri Ermənistanda hərbi-siyasi cəhətdən möhkəmlənmək istəyir. Odur ki, hətta yaxın zamanda ABŞ və Fransanın Ermənistanda hərbi baza qurmaq məsələsi də ortaya çıxa bilər. Bütün bu proseslərin mahiyyəti və eləcə də tərəflərn məqsədləri kifayət qədər açıqdır. ABŞ və Fransa nəyin bahasına olursa-olsun Rusiyanın Cənubi Qafqaz regionundan sıxışdırılıb çıxarılmasını və Rusiyadan boşalacaq yerə özlərinin yerləşməsini istəyirlər. Bunun üçün bütün mümkün vasitələrlə Ermənistana təzyiq edirlər. Ermənistan isə bu təzyiqlər qarşısında aciz durumda olduğu üçün faktiki olaraq müstəqil addım atmaq imkanlarını itirib. KTMT-nin baykot olunması da, ABŞ-la hərbi təlimlər də, rus hərbçilərinin “Zvartnots” hava limanından çıxarılması da həmin təzyiqlərin nəticəsidir. Ermənistan da Qərbdən gələn sifarişləri icra etmək üçün təhlükəsizlik məsələsini önə sürüb. Və indi ABŞ-ın hərbi təyyarələrinin Ermənistana gəlməsi, silah və texnika tədarükü ilə yanaşı, bu texnikadan istifadə qaydalarını öyrətmək adı ilə ABŞ hərbçilərinin də Ermənistanda yerləşməsi Ağ Ev tərəfindən verilən təhlükəsizlik zəmanətinin göstəricisidir”.

 

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov bunları ABŞ-ın və Fransanın Ermənistanı silahlandırmaları fonunda regionda baş verən prosesləri Senzor.az-a şərh edərkən deyib.  

Onun fikrincə, hədəf Ermənistanı tamamilə nəzarətə götüməkdən ibarətdir: “Zamanında Rusiyanın etdiklərini indi ABŞ edir. Hal-hazırda Qeyri-hökumət təşkilatları sektoruna nəzarət tamamilə ABŞ-ın əlindədir. Eyni şəkildə KİV-ə də nazərt böyük ölçüdə faktiki olaraq ABŞ-a verilib. Ədliyyə sisteminə, orduya və ümumiyyətlə güc strukturlarına ABŞ-dan olan mütəxəssislər yerləşdirilib. Son olaraq Ermənistanda hərbi bazanın qurulması və bununla da Rusiyanın Ermənistandakı hərbi gücünün neytrallaşdırılmasına çalışılır”. 

 

Tanınmış politoloq hesab edir ki,  ABŞ-ın Ermənistanda möhkəmlənmək istəməsinin arxasında Rusiyanın neytrallaşdırılması ilə yanaşı, təbii ki,  İran faktoru da var. Amma təkcə bunlar da deyil: “Regionumuz bir çox nəqliyyat dəhlizlərinin qovşağında yerləşir. ABŞ da dünyanın digər yerlərində olduğu kimi,  burada da həmin dəhlizlərə nəzarəti öz əlinə almaq istəyir. Nəzərə alaq ki, ABŞ-ın planlarında həm də Orta Asiya regionunun Rusiya və Çinin təsir dairəsindən çıxarılması nəzərdə tutulub. Bu isə yalnız Orta Asiya ölkələri üçün alternativ nəqliyyat dəhlziləri açmaqla mümkündür. Bu gün dünya bazarına çıxmaq üçün böyük ölçüdə Rusiyadan və Çindən asılı olan Orta Asiya ölkələri üçün Cənubi Qafqaz regionu bir çıxış qapısıdır. ABŞ da məhz bu çıxış qapısına nəzarəti ələ keçirməklə həm Azərbaycan və Ermənistana, həm Orta Asiya ölkələrinə, həm də İran və Rusiyaya təsir imkanları əldə etmək istəyir. Başqa sözlə desək,  regionumuzdan keçən dəhlizlərə bu və ya digər şəkildə nəzarət imkanı əldə etmək ABŞ-ın öz qarşısına qoyduğu prioritet vəzifələrdən biridir. ABŞ yaxşı bilir ki, Zəngəzur dəhlizinin açılmasının hüquqi bazasını 10 noyabr 2020-ci tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik bəyanat təşkil edir. Yəni başqa sözlə desək, dəhlizin açılması halında həmin yola nəzarətin Rusiya tərəfindən təmin olunması ilə bağlı Paşinyanın da imzası olduğu sənəd var ortada. Təbii ki, bu istiqamətdə Ermənistana olan təzyiqlər nəticəsində Paşinyan hakimiyyəti nəzarətin Rusiyaya verilməsindən artıq imtina edib. Amma Rusiyanın da dəhlizə nəzarət istəyindən asanlıqla geri çəkiləcəyi inandırıcı deyil. İndi ABŞ silahlı qüvvələrinin bir hissəsinin həmin istiqamətdə yerləşməsi də gələcəkdə Rusiya tərəfindən gələ biləcək təhlükənin qarşısını almağa hesablanıb. ABŞ bununla Rusiyaya mesaj verir ki, Zəngəzur istiqamətində hər hansı addımlar atılan zaman qarşılarında təkcə Ermənistanı yox, həm də Birləşmiş Ştatları görəcəklər.

 

İstər ABŞ-ın, istərsə də Fransanın aktiv şəkildə Ermənistanı silahlandırması təbii ki, region üçün ciddi təhlükələr vəd edir. Məsələ burasındadır ki, ermənilər böyük ölçüdə revanşist hisslərlə yaşayırlar və sabah əlverişli imkan olacağı halda yenidən baş qaldıracaqlarına qətiyyən şübhə yoxdur. Bunu ölkə başçısı da kifayət qədər yaxşı bildiyi üçün dəfələrlə həm Ermənistana, həm də onların havadarlarına açıq mətnlə mesajlarını çatdırıb. Bizim artıq kimlərinsə öz maraqlarını təmin etmək üçün regionu  yenidən qan gölünə çevirmək istəməsinə səssiz qalmaq kimi bir lüksümüz yoxdur. Əgər real təhlükə hiss ediləcəksə, əgər Ermənistanın təxribatları davam edəcəksə o zaman ermənilərin hansı ölkənin silah və texnikası ilə silahlanmasından, hansı ölkənin hərbi kontingentinin Ermənistan ərazisində olmasından asılı olmayaraq cavab mütləq şəkildə veriləcək. Baş verənlərin məsuliyyəti isə təkcə Ermənistanın yox, həm də Cənubi Qafqazda təmsil olunmaq üçün Ermənistandan alət kimi istifadə edənlərin üzərinə düşəcək”.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.