Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 30-da Ankarada Qarabağ müharibəsi şəhidlərinin bir qrupunun ailə üzvləri ilə görüşüb.
Senzor.az bildirir ki, görüş Milli Müdafiə Universitetinin Hərbi Akademiyasında diplomların təqdim edilməsi mərasimindən sonra olub.
Türkiyənin dövlət başçısı 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlara Allahdan rəhmət diləyib. Şəhid ailəsi üzvlərinin bir-bir əlini sıxan Ərdoğan, “Bütün şəhidlərimizin məkanı cənnət olsun” deyib.
Türkiyə lideri şəhid ailəsi üzvlərini Prezident Kompleksinin ərazisində Zəfər bayramı münasibətilə təşkil olunan konsert proqramına dəvət edib.
Rəcəb Tayyib Ərdoğan daha sonra Azərbaycandan gələn heyət üzvləri ilə birgə şəkil çəkdirib.
Qeyd edək ki, Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərindən ibarət 30 nəfərlik qrup “YAŞAT” Fondu ilə “Türkiyə və Azərbaycan Sahibkar və Sənayeçiləri” İctimai Birliyinin (TÜİB) birgə həyata keçirdiyi “Qardaş ailə” proqramı çərçivəsində Ankarada səfərdədir. Dünən Türkiyənin milli müdafiə naziri Yaşar Güler onlarla görüşmüşdü. Səmimi keçən görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mətin Gürak da iştirak etmişdi.
Yeri gəlmişkən, sentyabrın 2-dək davam edəcək səfər çərçivəsində 4-cü Ordu komandanlığının qərargahında, Prezident Administrasiyasında, eləcə də Türkiyənin Gənclər və İdman Nazirliyində də şəhid ailələri ilə görüşlər planlaşdırılıb.
Səfər proqramına, həmçinin, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məqbərəsi və ev-muzeyinə ziyarətlər daxildir. Bundan əlavə, şəhid ailələri Türkiyə paytaxtının Cebeci bölgəsində şəhid olan türk əsgərlərinin məzarlığını ziyarət edəcəklər. Hacı Bayram Vəli məscidində Azərbaycan və Türkiyə qəhrəmanlarının xatirəsinə dualar oxunacaq.