İsraildə azərbaycanlı biznesmen Telman İsmayılovun ailəsinin iki evinə həbs qoyulub.Bu barədə “Kommersant” VTB-nin tərkibinə daxil olan VMT bankının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilir ki, məhkəmə bu qərarı VTB-nin iddiası üzrə qəbul edib, daşınmaz əmlakın dəyəri 3 milyon dollar qiymətləndirilib.
“VTB mövcud qanunvericilik çərçivəsində Telman İsmayılovun borcunun alınması üçün bütün lazımi tədbirləri görməyə davam edəcək”, - bankın mətbuat xidmətindən bildiriblər.
Telman İsmayılovun özü Monteneqroda olduğundan bütün rəsmi proseslərin icrası bir qədər vaxt tələb edib. Sənədlər İsrail və Monteneqro arasında “gedib-gələrkən”, Telman İsmayılov daşınmaz əmlakı oğlu Ələkbər İsmayılova verib.
Bəli, VTB məhkəmə yolu ilə bu əmlakın barəsində həbs tədbirinin seçilməsinə nail olub. İndi proses İsmayılovun oğlu ilə davam etdiriləcək. Məhkəmə prosesi çərçivəsində VTB Təl-Əvivdəki evlərin qanunsuz olaraq özgəninkiləşdirildiyini sübut etməyə çalışacaq.
Xatırladaq ki, Moskvadakı “Çerkizovski” bazarının keçmiş sahibi, əslən azərbaycanlı iş adamı T.İsmayılov artıq Monteneqrodan siyasi sığınacaq alıb. Rusiya Baş Prokurorluğu Monteneqronun Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinə iş adamına sığınacaq verilməsi qərarının ləğvi üçün müraciət göndərib. Telman İsmayılov iş adamları Vladimir Savkin və Yuri Brilevin qətlinin təşkilində ittiham olunur. Rusiya Telman İsmayılovu 2017-ci ildə qiyabi həbs edib, o, 2018-ci ildən beynəlxalq axtarışdadır.