Ermənistan məhkəmə tərəfindən qərarın elan edilməsindən 3 gün əvvəl digər ərazilərin mina xəritələrini verməklə məhkəmənin məsələyə münasibət bildirməsi zərurətini aradan qaldırdı.Senzor.az bildirir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı qaldırdığı iddialarının təmin olunmaması ilə bağlı keçirdiyi brifinqdə deyib.
Nazir müavini bildirib ki, Azərbaycan Vətən müharibəsindən sonra minaların təmizlənməsi prosesini asanlaşdırmaq üçün mina xəritələrini tələb etmişdi.
"Ermənistan bir çox digər məsələlərdə olduğu kimi, bu məsələdə də çox qeyri-ardıcıl və qeyri-səmimi mövqedən çıxış etmişdi. İlk növbədə bu məsələni şərh etməkdən imtina etmişdi. İkinci dəfə mina xəritələrinin olmaması barədə çıxış etməyə başladılar. Sonradan iyun-iyulda mina xəritələrinin verilməsi müqabilində Azərbaycanda saxlanılan və müxtəlif cinayətlərə görə ittiham edilən erməni əsirlərin geri qaytarılmasını tələb etdi. Xəritələrinin verilməsindən sonra isə Ermənistan xəritələrin çox cüzi hissəsini verdiyini etiraf etmişdi", - deyə E.Məmmədov qeyd edib.
E.Məmmədov bildirib ki, bir çox beynəlxalq təşkilatlara bu barədə müraciət edilmişdi.
"Artıq məsələyə məhkəmədə baxılan zaman bir çox nüfuzlu qurumlar xəritələrin verilməsi ilə bağlı Ermənistana çağırış etmişdi. Minalar səbəbindən mülki şəxslərimizin həlak olması ilə bağlı bütün faktlar məhkəməyə təqdim edilmişdi. Ermənistan məhkəmə tərəfindən qərarın elan edilməsindən 3 gün əvvəl digər ərazilərin mina xəritələrini verməklə məhkəmənin məsələyə münasibət bildirməsi zərurətini aradan qaldırdı", - deyə nazir müavini bildirib.
E.Məmmədov qeyd edib ki, Ermənistan Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı məsələdə də Azərbaycana qarşı siyasi xal qazana bilməyib.
Nazir müavini bildirib ki, Ermənistanın məhkəməyə təqdim etdiyi vəsatətdə tələbi cinayət törətmiş şəxslərin təhvil verilməsi idi."Bu da təsadüfi deyil. Ermənistanın siyasi gündəliyində bu şəxslərin qaytarılması əsas məsələdir. Həmin şəxslərin məhz erməni olduğu üçün saxlanıldığını iddia etmişdilər. Tərəfimizdən bu məsələ ilə bağlı faktlar izahlı şəkildə məhkəməyə təqdim edilmişdi. Ermənistan bu məsələdə Azərbaycana qarşı siyasi xal qazana bilmədi. Eyni zamanda məhkəmə Azərbaycanda saxlanılan bütün şəxslərlə hümanist rəftar edilməsini tələb etmişdi. Azərbaycan daim humanizm prinsiplərinə əməl edildiyi ilə bağlı faktları məhkəməyə təqdim etdi", - deyə E.Məmmədov qeyd edib.
E.Məmmədov xatırladıb ki, Ermənistan son aylarda bəzi ölkələrin parlamentlərində ermənipərəst deputatların vasitəsilə Bakı şəhərində açılmış Hərbi Qənimətlər Parkının erməni millətinə qarşı etnik nifrətin təzahürü olduğunu bildirmişdi: “Hətta müxtəlif səviyyələrdə müxtəlif qərəzli bəyanatlara nail olmuşdur. Lakin Azərbaycan bu məsələyə sırf hüquqi prizmadan yanaşıb. Məhkəmədə parkın mahiyyəti, məqsədi ətraflı izah edib. Nəticədə məhkəmə Ermənistanın vəsatətini rədd edib. Məhkəmə Azərbaycana ümumi şəkildə irqi ayrı-seçkiliyin qarşısının alınması üçün konvensiya üzrə öhdəliklərini qeyd edib. Bununla da Ermənistanın məhkəmədə almağa çalışdığı və məhz siyasi xal qazanmağa hədəfləmiş vəsatəti də uğursuzluğa uğrayıb”.
Nazir müavini vurğulayıb ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistana qarşılıqlı şəkildə sülh müqaviləsinin bağlanması, delimitasiya və demarkasiya məsələsinin həllini tövsiyə edib. Məhkəmə həmçinin hər iki tərəfə münasiqəşədən irəli gələn ziddiyyətli məsələləri daha da dərinləşdirməmək barədə çağırış edib. “Bu çağırış da məhz Azərbaycanın siyasi mövqeyi ilə üst-üstə düşür. Lakin qaldırılan məsələlərə növbəti illərdə baxılacaq və hüquqi qiymət veriləcək. Bu həqiqətlərin məhkəmədə sübut edilməsi istiqamətində səylərimizi əsirgəməyəcəyik", - deyə E.Məmmədov əlavə edib.
Elnur Məmmədov onu da bəyan edib ki, Azərbaycanın Ermənistana qarşı hüquqi məsuliyyət tədbirləri yalnız bunlarla bitmir. İrəvana qarşı müxtəlif beynəlxalq konvensiyalar üzrə Azərbaycan yeni iddialar qaldıracaq.
Onun sözlərinə görə, həmin konvensiyalarda şikayətetmə prosedurları bir-birindən fərqlənəcək: "Azərbaycan gələn il iki konkret istiqamət üzrə şikayət verəcək: Azərbaycan tərəfi ətraf mühitə vurulmuş ziyanın miqyası və enerji resurslarının qanunsuz istismarı ilə bağlı dövlətlərarası şikayətlərin irəli sürülməsini planlaşdırır”.
Xatırladaq ki, dünən Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib. Məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb. Ermənistanın qaldırdığı saxlanılan erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması, habelə Bakıdakı Qənimətlər Parkının dərhal bağlanmasına dair vəsatətlər isə Məhkəmə tərəfindən rədd edilib.