Azərbaycanla Ermənistan arasındakı "divar"... BERLİNDƏ "SÖKÜLƏ" BİLƏRMİ?
ŞƏRH - PROQNOZ

Azərbaycan və Ermənistan xarici işlər nazirləri sabah, fevralın 28-də sülh müqaviləsi layihəsini müzakirə etmək üçün görüşəcəklər.

 

Haqqin.az portalının şərhində xatırladılır ki, bu görüşlə bağlı razılıq fevralın 17-də Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşdə əldə olunub.

 

Şərhdə o da vurğulanıb ki, bir gün əvvəl, fevralın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərlə söhbətində erməni həmkarı Ararat Mirzoyanla “yaxın günlərdə görüşəcəyini” bildirib. Bundan sonra isə Ermənistan Xarici İşlər Nazirliyi görüşün fevralın 28-29-da Almaniyanın paytaxtında keçiriləcəyini rəsmən bəyan edib.

 

Beləliklə, Almaniya uzun fasilədən sonra ikinci dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə danışıqlar üçün platforma təqdim edəcək. 

 

Bu o deməkdirmi ki, Moskva, Vaşinqton və Brüssel platformalarından sonra başqa bir platforma - Berlin danışıqlar platforması yaranacaq?

 

Şərhdə həmçinin xatırladılır ki, son iki ildə Brüssel və Vaşinqton formatları ümumiyyətlə Moskva formatını əvəz edib: tərəflərin nümayəndələri xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda, liderlər səviyyəsində isə əsasən Avropa paytaxtlarında -  Brüsseldə və ya digər yerlərdə görüşüblər. Lakin Qərbin fəal vasitəçiliyi sülh müqaviləsinin bağlanması ilə bağlı gözlənilən nəticəni vermədi. Nəticədə Azərbaycanın Qərb vasitəçiliyinə inam səviyyəsi kəskin şəkildə azalıb, Ermənistan isə öz növbəsində Moskva formatına etimadsızlığını açıq şəkildə ifadə edir. Bundan başqa, Ermənistan tərəfi Bakının danışıqların neytral ölkənin ərazisində və ya Ermənistanla Azərbaycan sərhədində aparılması təklifinə o qədər də müsbət reaksiya vermədi. Bu da son nəticədə birbaşa danışıqlarda uzun fasiləyə səbəb oldu.

 

Bu arada Rusiya israr etməkdə davam edir ki, Qərbin Ermənistan-Azərbaycan sülh danışıqlarında iştirakının əsas məqsədi onu Cənubi Qafqaz regionundan sıxışdırıb çıxarmaqdır. Nəticədə Moskva İrəvana güclü siyasi təzyiq göstərir, erməniləri Qərbin vasitəçiliyindən imtina etməyə və regional sülh yollarını məhz Rusiyada axtarmağa məcbur edir. 

Belə bir çətin vəziyyətdə Almaniya Kansleri Olaf Şolts uzun fasilədən sonra Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında birbaşa əlaqə yarada bildi. Düzdür, Münhen konfransı çərçivəsində Ermənistan-Azərbaycan trekində hər hansı nəzərəçarpacaq irəliləyiş əldə olunduğu barədə məlumat yoxdur. Yeri gəlmişkən, Ermənistan mətbuatının yazdığı kimi, tərəfdaşları ilə qapalı söhbətində Nikol Paşinyan özü də bunu təsdiqləyib.

 

Eyni zamanda, XİN rəhbərləri arasında dialoqa razılıq verməsinin özü tərəflərin danışıqlar prosesini davam etdirmək niyyəti ilə bağlı müəyyən müsbət dəyişikliklərdən xəbər verir. Hər halda, bu istiqamətdə hətta niyyətlər də artıq Cənubi Qafqazda yeni eskalasiya ehtimalını azaldır. Xüsusən də son vaxtlar Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı insidentlər fonunda.

 

Şərhdə o da qeyd olunur ki, Azərbaycan və Ermənistan liderlərinin Münhen görüşünün təşkili təkcə Kansler Şoltsun xidməti sayıla bilməz. Belə ki, ondan bir gün əvvəl ABŞ dövlət katibi Antoni Blinken tərəflərlə ayrıca görüşlər keçirmiş, Dövlət Departamentinin yüksək rütbəli diplomatları isə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə danışıqlar aparmışdılar. Beləliklə, Berlində tərəflər arasında danışıqların davam etdirilməsində Amerika diplomatiyası da rol oynadı. Bununla belə, yeni - “alman” formatının yaranması haqda danışmaq tez olardı. Bu, daha çox Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sabah Almaniyanın paytaxtında keçiriləcək görüşünün məhsuldarlıq səviyyəsindən asılı olacaq.

 

Lakin bir şey artıq göz qabağındadır: Berlin platforması formalaşsa belə, danışıqlar birbaşa Qərbin vasitəçiliyi ilə davam etdiriləcək. Beləliklə, Moskvanın İrəvana siyasi təzyiqləri davam edəcək. Bakıya gəlincə, Brüsselin regiondakı rolundan narazı olan və Aİ müşahidəçilərinin Ermənistandakı fəaliyyətinin gərginliyi artırdığını bəyan edən Azərbaycanın mövqeyi Rusiyanı tamamilə qane edir.

 

Xatırladaq ki, Almaniya Avropa İttifaqının aparıcı üzvlərindən biridir və Ermənistanda sərhəd monitorinq missiyasının bir hissəsi məhz bu ölkənin nümayəndələrindən formalaşıb. Belə bir vəziyyətdə təbii sual yaranır: Azərbaycan “Berlin platforması”nın formalaşmasında maraqlı olacaqmı? 

Eyni zamanda, rəsmi Bakı Berlin görüşü ərəfəsində Ermənistandan sülhə nail olmaq üçün onun şərtlərini qəbul etməsi tələbini təkrarladı. İrəvan qarşısında qoyulan bu tələblərdən biri də Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik imtina etmək və bunu Ermənistan Respublikası Konstitusiyasının yeni redaksiyasında təsbit etməkdir.

 

Şərhdə vurğulanır ki, ekspertlərin fikrincə, birbaşa danışıqlara başlamaq üçün Ermənistanın bu şərti qəbul edəcəyi ehtimalı çox şübhəlidir.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.