“Azərbaycan Naxçıvanla, Ermənistan isə İran və Rusiya ilə dəmir yolu və avtomobil əlaqəsi alacaq. Bu, Ermənistanın maraqlarına tam uyğundur”.Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu baş nazir Nikol Paşinyan parlamentdə çıxış edərkən deyib.
Qeyd edək ki, Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasından olan deputatı Anna Mkrtçyan bu gün parlamentdə 9 noyabr 2020-ci il tarixli bəyanatının 9-cu bəndinə istinad edib: "Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə təminat verir. Nəqliyyat vasitələrinə nəzarəti Rusiya FTX-sının Sərhəd Xidməti həyata keçirir. İndi sual yaranır: bir neçə kilometr uzunluğunda olan bu, dəhliz deyilsə, nədir?”.
Baş nazir Nikol Paşinyan isə cavabında deyib ki, həmin bənddə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması qeyd edilib. İkincisi, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasına nəzarət Rusiya FTX-sının Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir.
“Ermənistan bütün yolların açılmasında maraqlıdır. Bəli, biz Azərbaycanın qərb rayonlarının dəmir yolu və avtomobil yolları alması kontekstində regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasına hazırıq və maraqlıyıq. Azərbaycan Naxçıvan Muxtar Respublikası, Ermənistan isə Azərbaycan ərazisindən keçməklə İran və Rusiya ilə avtomobil və dəmir yolları ilə əlaqəni əldə etməlidir”, - Paşinyan vurğulayıb.
N.Paşinyan onu da deyib ki, Ermənistan 3+3 formatında keçiriləcək ilkin görüşdə iştirak edəcək.
O əlavə edib ki, Ermənistan tərəfinin mövqeyi dəyişməz olaraq qalır: "Gündəlikdə başqa formatlarda artıq müzakirə edilən məsələlər olmasa, İrəvan 3+3 formatında maraqlı ola bilər. Biz bu məsələni həmkarlarımızla, xüsusən də Rusiya ilə müzakirə etdik və onların da bu fikri bölüşdüyünə dair siqnallar var".
Paşinyanın sözlərinə görə, dekabrın 10-da işçi qrupun 3+3 və ya ola bilsin ki, 3+2 formatında ilkin görüşü baş tutacaq: "Ermənistan iclasda xarici işlər nazirinin müavini səviyyəsində iştirak edəcək, çünki bu, görüşün nəzərdə tutulduğu səviyyədədir”.
Xatırladaq ki, 3+3 formatı Azərbaycan və Türkiyə liderləri tərəfindən irəli sürülüb. Bu format Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan və Gürcüstan və Azərbaycanın iştirakını nəzərdə tutur.
N.Paşinyan həmçinin, hazırda müxalifətdə olan əvvəlki hakimiyyət nümayəndələrini bir daha Qarabağla bağlı danışıqlarda xoşagəlməz vəziyyət yaratmaqda ittiham edib.
Baş nazir qeyd edib ki, 2018-ci ildə hakimiyyətə gəldikdən sonra danışıqlar prosesi ona miras qalıb: “Siz hələ də bir kəlmə demirsiniz ki, özünüz müharibənin qarşısını necə alardınız. Gedin fikirləşin ki, 2018-ci ildə, 2019-cu ildə, 2020-ci ildə nə edərdiniz ki, müharibə olmasın?”.
O, sələflərini ordunu və ölkəni talamaqda da ittiham edib. Paşinyan sonda qapalı iclas təşkil etməyi təklif edib və bildirib ki, o, iddiasını sübut etmək üçün keçmiş danışıqlara dair sənədləri gətirəcək.