Qərbin Cənubi Qafqazda aktivləşməsi İranın "erməni səbri"ni tükətdi - TEHRAN İNDİ NƏ EDƏCƏK?
ELÇİN ALIOĞLU YAZIR

Aprelin 5-də Brüsseldə ABŞ-ın dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşdə müzakirə edilən məsələlər, bu görüşdən sonra Cənubi Qafqazda baş verən proseslər İranı da ciddi narahat edir.

 

ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinn isə bir neçə gün öncə “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində Vaşinqtonla İrəvan arasında təhlükəsizlik və müdafiə ilə bağlı əməkdaşlığın müzakirə edildiyini, hərbi müşavirlərin, eyni zamanda zirehli təcili tibbi yardım maşınlarının göndərilməsi üzərində iş aparıldığını deyib.

 

ABŞ, Avropa İttifaqı və xüsusilə də Fransanın Ermənistandan vasitə qismində istifadə edərək Cənubi Qafqazda möhkəmlənməyə çalışması təbii ki, bölgə dövlətlərini narahat etməyə bilməz.

 

Qərbin regiona təsir imkanlarını maksimum dərəcədə artırmaq məqsədilə İrəvandan faydalanmağa çalışması, Ermənistanı sürətlə silahlanırmaq niyyətini hələlik üstüörtülü şəkildə açıqlaması da faktdır.

 

Azərbaycan, Türkiyə və Rusiya yaşanan proseslərlə bağlı mövqelərini bəyan ediblər.

 

Azərbaycan ABŞ, Fransa və Avropa İttifaqını xəbərdar edib ki, Qərbin bölgədə yeni məhdudlaşdırıcı xətlər formalaşdırmaq niyyəti çox təhlükəli fəsadlara səbəb ola bilər.

 

Rusiya Federasiyası Qərbin niyyətini Ermənistanı bölgədə öz plasdarmına və forpostuna çevirmək strategiyası kimi dəyərləndirib. Türkiyə isə hesab edir ki, regional olmayan qüvvələrin bölgədəki proseslərə kobud müdaxiləsi yolverilməzdir.

 

Fəqət, 2020-ci ildən, İkinci Qarabağ Müharibəsindən sonra Cənubi Qafqazı "həyati önəmli strateji və geosiysi maraqlar məkanı" elan edən, Ermənistana dəstək verən və İrəvan vasitəsilə Qərbə çıxış əlde etməyi planlaşdıran İran susmuşdu.

 

Ermənistandan istifadə etməklə hansısa qüvvənin Cənubi Qafqazda möhkəmlənməyə çalışağına qarşı çıxdığını həmişə bəyan edən Tehran "nədənsə" Brüssel görüşündən sonra susmuş, heç bir rəsmi mövqe bildirməmişdi.

 

Lakin Qərblə Ermənistan arasındakı aktivliyin ifrat dərəcədə artması İranın da səbrini tükədib. 

İranın ali dini lideri ayətullah Əli Xameneinin beynəlxalq əlaqələr üzrə baş müşaviri, ölkənin sabiq xarici işlər naziri Əli Əkbər Vilayəti "Əl Mayaden" panərəb telekanalının saytında "ABŞ və NATO-nun Cənubi Qafqazdakı qəsdi barədə" ("Into the US-NATO plot for South Caucasus") adlı geniş məqalə dərc etdirib.

 

O, yazısında Qərbin Cənubi Qafqazla bağlı planlarını kəskin tənqid edib və faktiki olaraq rəsmi Tehranın Brüssel görüşü, habelə ABŞ-Fransa-Avropa İttifaqı triosunun regionumuzla bağlı planları barədə mövqeyini açıqlayıb.

 

"Avropa İttifaqı və ABŞ, yəni NATO bu yaxınlarda Brüsseldə bir araya gələrək Cənubi Qafqazdakı proseslərə qanunsuz müdaxilə ilə bağlı yeni plan qəbul ediblər", - Vilayəti bəyan edib.

 

Onun sözlərinə görə, ABŞ və Avropa İttifaqı açıq bəyan ediblər ki, həssas bölgəyə müdaxilə etmək istəyirlər.

 

Qərb bu niyyətini Cənubi Qafqaz bölgəsində Azərbaycanla Ermənistan arasınla sülh sazişinin imzalanmasına can atması ilə əlaqələndirib. Əslində isə Qərbin məramı bölgə ölkələrinin təhlükəsizliyinə və müstəqilliyinə zərbələr vurmaqla regionda hərbi mövcudluğunu gücləndirməkdir.

 

"Qərbin Cənubi Qafqaz regionu ilə bağlı yeni planı ABŞ-ın və vasitəçilik etdiklərini vurğulayan bəzi ölkələrin təşəbbüslərinə əsaslanır" yazan Ə.Ə.Vilayətinin "bəzi ölkələr" dedikdə məhz Türkiyəni nəzərdə tutduğu şübhə doğurmur.

 

"Qeyd etmək gərəkdir ki, təqribən iki il əvvəl bu istiqamətdə başqa ad və fasad altında müəyyən tədbirlər keçirilirdi. Həmin fəaliyyət çərçivəsində Qərb bölgə ölkələri arasında enerji nəqli məqsədilə kommunikasiyaların işə salınmasına çalışırdı. İlk baxışdan bu, gözəl görünə bilər. Amma əsl məqsəd bölgə daxilində gərginlik yaratmaq idi", - Vilayəti bildirib.

 

O, hesab edir ki, həmin "zərərli plan"ın həyata keçirilməsi "bölgə xalqlarının strateji mühüm maraqlarına zərbə" olacaq: "Bundan başqa, bölgədə tarixi sərhədlər çökəcək, yeni məhdudlaşdırıcı xətlər yaranacaq və bu da Qərb ölkələrinin əlində fürsət olacaq. Başda Amerika olmaqla Qərb ölkələri bölgədə alovu körükləyir, qonşular arasında yeni münaqişələr yaradırlar. Daha sonra Qərb həmin qarşıdurmalardan və ziddiyyətlərdən istifadə edərək güya münaqişələri tənzimləyən vasitəçi qismində Cənubi Qafqazda möhkəmlənəcək".

 

Əli Əkbər Vilayəti hesab edir ki, NATO-nun lider və rəhbər qüvvəsi olaraq ABŞ həmişə Cənubi Qafqazda, Rusiyanın cənub və İranın şimal sərhədlərinin yaxınlığında hərbi-siyasi mövcudluğa nail olmağa çalışıb: "Bu məqsədlə Qərb səbəb kimi həmişə Xəzər və Mərkəzi Asiya regionlarının enerji ehtiyatlarından istifadə edib".

 

"İran belə prinsipə qarşı qətiyyətlə çıxış etdi, NATO-nun planları baş tutmadı. Əvvəlcə bölgənin bəzi ölkələri bu planı dəstəkləsə də, İran qarşı çıxdı, mövqeyini ardıcıl və müdrik şəkildə bəyan etdi", - Vilayəti bildirib.

 

Onun fikrincə, Qərbin Cənubi Qafqazla bağlı planları NATO-nun şərqə doğru genişlənməsi ilə bağlı daha böyük planın tərkib hissəsidir.

 

İranın ali dini liderinin baş müşaviri hesab edir ki, "Qərbin birqütblü dünya qurmaq cəhdləri uğursuzluğa düçar oldu: "2022-ci ildə Çinlə Rusiya arasında praktiki olaraq yeni alyans formalaşdı. Qərbə müxalif mövqedə duran, inkişaf etməkdə olan ölkələr Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS kimi formatlarda birləşdilər".

 

Daha sonra Əli Əkbər Vilayəti Cənubi Qafqazdakı "sərhəd dəyişiklikləri"ndən bəhs edib: "Bu səbəbdən ABŞ-ın yüksək rütbəli nümayəndələrindən biri bəyan edib ki, Qərb Hörmüz boğazındakı və Baltik dənizindəki strateji inhisarı öz gələcək enerji təminatı planlarına görə dağıtmalıdır. Bunu isə yalnız Cənubi Qafqaz vasitəsilə etmək olar".

 

Vilayəti qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin hələ Ukraynada hərbi əməliyyatlar başlanmazdan əvvəl demişdi ki, "Cənubi Qafqazdakı sərhədlər sabiq SSRİ-nin sərhədləridir": "Ukraynadakı hərbi əməliyyatlar nəticəsində Rusiyanın Cənubi Qafqazdakı mövqeləri zəifləməyə başladı. İş o yerə çatdı ki, Türkiyənin arzuladığı Zəngəzur dəhlizinin zorla açılmasına bölgədə etiraz edən yeganə dövlət İran oldu".

 

Əli Əkbər Vilayətinin sözlərinə görə, bir çox analitiklərin fikrincə, Cənubi Qafqazda Rusiyanın mövqelərinin zəifləməsi NATO-nun İranın qonşusuna çevrilməsinə səbəb olacaq: "Amma biz qətiyyətli mövqe tutmuşuq və istənilən belə qüvvəyə müqavimət göstərməyə hazırıq. İran hələ də hesab edir ki, "3+3" formatı Cənubi Qafqazın problemlərinin həlli yoludur. İranın regiondakı iki ölkənin - Azərbaycan və Ermənistanın - xalqları ilə tarixi münasibətləri var. Bu ölkələrin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması bizim üçün həddən ziyadə önəmlidir". 

Sonda Ə.Ə.Vilayəti Qərbə xəbərdarlıq edib: "Biz açıq və konkret şəkildə xəbərdarlıq etdik ki, İran heç bir ölkəyə, təşkilata və ya ittifaqa imkan verməyəcək ki, təhlükəsizliyinə qəsd etsin. Cənubi Qafqaz İranın təhlükəsizlik zonasının önəmli hissəsidir və biz bu bölgənin ölkələrinin müstəqilliy ilə ərazi bütövllüyünü daim müdafiə edəəcyik. ABŞ, Avropa İttifaqı və NATO bu yaxınlarda Brüsseldə qəbul etdiklərti qərarı dəyişməyəcək, həmin qərarı istənilən yolla həyata keçirməyə çalışacaqlar".

 

… İranın ali dini rəhbərinin baş müşaviri geniş məqaləsində bir sıra məsələlərə toxunsa da, leytmotiv aşkardır: rəsmi Tehran Cənubi Qafqazda etibarlı tərəfdaş və strateji qonşu qismində Azərbaycanla Türkiyəni görür. Ermənistanın ərazi bütövlüyü, sərhədləri və s. ilə bağlı aberrasiyalar isə Qərbin ermənilərdən yararlanaraq İranın şimal sərhədləri boyunca müxtəlif adlar altında — məsələn, Avropa İttifaqının Ermənistandakı müşahidə-monitorinq missiyası (EUMA) kimi — uzunmüddətli və dayanıqlı hərbi kontingent formalaşdırmasına, bölgənin Qərblə Rusiya arasında yeni qarşıdurma məkanına çevrilməsinə imkan verməməyə çalışan Tehranın istifadə etdiyi diplomatik metodologiyanın bir hissəsidir.

 

Artıq aydındır ki, Cənubi Qafqazda ABŞ-Avropa İttifaqı-Fransa triosunun aktivləşməsi İranın səbrini tükədir.

 

Tehran bundan sonra nə edəcək sualı isə təbii, hələ açıq qalır. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.