Paşinyanın “cəsarət”inin sahibləri... NƏ DÜŞÜNÜRLƏR?
ELÇİN ALIOĞLU YAZIR

Noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçiriləcək. Hazırda iqtidarda olan Demokratik Partiyanın əsas namizədi qismində prezident Co Bayden qəbul edilsə də, prioritetin yaxın günlərdə dəyişməsi və partiyanın seçkilərə başqa namizədlə getməsi əsla istisna deyil. Respublikaçılar Partiyası isə artıq namizədini seçib: o, sabiq dövlət başçısı və milyarder Donald Trampdır.

 

Birləşmiş Ştatların administrasiyasının və xüsusilə də Dövlət Departamentinin Ermənistana aşkar dəstək təsiri bağışlayan bəyanatlarının sıralanması artıq təəccüb doğurmur.

 

Dövlət katibi Entoni Blinken, onun müavini Uzra Zeya, müşaviri Ceyms O-Brayen və hətta mətbuat katibi Metyu Miller belə, İrəvanın "Vaşinqtonla əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsində müstəsna səylər göstərməsi" ilə bağlı bravur açıqlamalar verirlər.

 

Bəli, aydındır ki, Cənubi Qafqazda Rusiyanın mövqelərini zəiflətmək, bölgədəki proseslərə Moskvanın təsir imkanlarını minimallaşdırmaq və Ermənistanın Rusiyadan asılılığını aradan qaldırmaq üçün Vaşinqton müstəsna cəhdlər edir, fəaliyyətini sürəkli aktivləşdirir. Strategiyanın daha tez və asanlıqla reallaşdırılması üçün Vaşinqton Bakıya da müxtəlif müstəvilərdə və istiqamətlərdə təzyiqlər göstərməyə, Ermənistanla sülh müqaviləsini maksimum qısa müdətdə imzalamağa vadar etməyə çalışır.

 

Ermənistan Konstitusiyasının preambulasında yer alan və Azərbaycana qarşı ərazi iddialarından ibarət olan hissə ləğv edilməyincə, baş nazir Nikol Paşinyan ölkə Konstitusiyasına zəruri dəyişikliklər etməyincə sülh müqaviləsinin imzalanması adi və rutin prosedur olacaq. Müqavilənin özünün dəyəri dərc olunduğu kağızın qiymətini keçməyəcək.

 

С.Bayden administrasiyası tələsir, noyabrda keçiriləcək prezident seçkilərinədək erməni seçicilərin dəstəyini qazanmağa çalışır. Birləşmiş Ştatlardakı erməni icması isə Ağ Evdən çox narazıdır - çünki demokratlar ermənilərə verdikləri vədlərin faktiki olaraq, heç birinə əməl etməyiblər.

 

Ermənistana aşkar dəstək, Fransanın Ermənistanı silahlandırmasına Vaşinqtonun göz yumması və hətta Parisi buna təşviq etməsi, hərbi-texniki əməkdaşlıq məsələlərində ABŞ və Ermənistan arasında tərəfdaşlığın fəallaşması və s. kimi məsələləri Ağ Ev normal geosiyasi taktika hesab edir.

 

Amerikalılar onu da israrla vurğulayırlar ki, Vaşinqton Ermənistana letal, yəni hərbi əməliyyatlarda hücum məqsədilə istifadə ediləcək öldürücü silahlar vermir, ermənilərin ordusuna amunisiya, müşahidə və rabitə texnikası və s. verir.

 

Ola bilər, amma istənilən formalı hərbi əməkdaşlıqda və avadanlıq tədarükündə dəyişməz qayda var: əgər hansısa ölkəyə "müdafiə məqsədli" texnika və ya maliyyə ünvanlanırsa, həmin dövlət bu məqsədlər üçün nəzərdə tutduğu büdcə vəsaitini "azad" edərək, silah-sursat və hərbi texnika almağa xərcləyir.

 

Co Bayden administrasiyasının Cənubi Qafqaz bölgəsində ABŞ-ın geosiyasi mövcudluğunu gücləndirmək adı ilə yürütdüyü siyasəti son nəticədə gərginliyin sürətlə artmasına və eskalasiyaya səbəb ola bilər.

 

Bölgəni Rusiya və İranla açıq qarşıdurma məkanına çevirmək niyyətindən çox uzaq olduğunu təkrarlasalar da, Vaşinqton rəsmiləri əsas məqsədlərinin regional geosiyasi liderlik olduğunu gizlətmirlər.

 

ABŞ buna can atır, lakin amerikalıların arzuları reallaşa bilməz. Qərb inadla və qətiyyətlə qəbul etməsə də, Rusiya, İran və Türkiyə subregional dövlətlər yox, məhz bölgə ölkələridir və təbii ki, onların təməl maraqları, bəlli mənafeləri var.

 

Birləşmiş Ştatların Ermənistandan vasitə kimi istifadə etdiyini görən Rusiyanın səbri artıq tarıma çəkilib və rəsmi Moskva İrəvana dəfələrlə xəbərdarlıq edərək, erməniləri kollektiv Qərbin marionetkasına çevrilməməyə çağırıb.

 

44 günlük İkinci Qarabağ Müharibəsindən sonra Ermənistanı aktiv dəstəkləyən və az qala strateji tərəfdaş elan edan İran da ermənilərin Qərblə sövdələşmələrinin fəallaşdığını görüncə İrəvana xəbərdarlıqlar etməyə başlayıb.

 

Moskva kimi, Tehran da ABŞ-da keçiriləcək prezident seçkilərini gözləyir, həmin prosesin nəticələrinin Cənubi Qafqaza necə təsir edəcəyini təxmin etməyə çalışır.

 

Donald Trampın rəhbərlik etdiyi respublikaçılarla müqayisədə elektoral bazaları güclü təsir bağışlamayan, ABŞ-ın əksər hissəsində rəqiblə çox ciddi mübarizənin qaçılmaz olduğuna şübhə etməyən demokratlar üçün xarici siyasət arealında mütləq şəkildə, kiçik də olsa, uğur və ya qələbə gərəkdir, İsrail-Fələstin, Rusiya-Ukrayna qarşıdurmalarının tənzimlənməsində və ya həllində heç bir uğura nail ola bilməyən Bayden administrasiyası Cənubi Qafqazda irəliləyişi reallaşdırmaq, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına təşviqlə mövqelərini qismən də olsa, normallaşdırmaq fikrindədir.

 

Birləşmiş Ştatların siyasi isteblişmenti tarixində növbəti dəfə amerikalıların uzaq saydıqları ölkələrin yerləşdikləri bölgədəki maraqlarını çox kobud şəkildə təmin etməklə elə həmin amerikalıları uğurlu olduğuna inandırmaq arzusundadır.

 

Azərbaycan da sülhə, stabilliyə və regional təhlükəsizliyin təminatına can atır. Lakin məqsədə çatmağın yolları, forması, üsulları və s. kimi məqamlar təbii ki, çox önəmlidir.

 

Parisin təklif etdiyi destruktiv ssenari və ya Vaşinqtonun danışıqlar formatını dəyişərək gündəmə gətirdiyi yeni təkliflər qəbuledilməz şərtlərdir. Sadəcə Azərbaycan üçün yox, Qərbin planları ilə taktikasını ikiəlli dəstəkləyən Ermənistan üçün də.

 

Ermənistanın Azərbaycanla şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası prosesini praktiki olaraq dayandırdığı, sülh müqaviləsinin imzalanmasına yönəlmiş prosesdə çoxsaylı əngəllər yaratdığı və "Avropa Siyasi İcması"nın Oksfordda keçirilmiş 4-cü Zirvə Toplantısında ikitərəfli görüşdən imtina etməklə danışıqların formatını dəyişməyə çalışması, ən başlıcası isə Azərbaycana qarşı ərazi iddialarının Konstitusiyasından çıxarılması üçün heç bir əməli addım atmadığı şəraitdə İrəvanın sürətlə silahlandırılması, Vaşinqton və Parisin az qala əlbir olaraq İrəvanda remilitarizasiya ilə məşğul olmaları ciddi fəsadlar yarada bilər.

 

ABŞ Dövlət Departamentinin rəhbərliyi və yüksək rütbəli funksionerləri sözdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləisnin imzalanmasına, bölgədə dayanıqlı stabilliyin və təhlükəsiz mühitin bərqərar olmasına çalışdıqlarını desələr də, fəaliyyəti tam əksini göstərir.

 

C.Bayden administrasiyası bilir ki, Ermənistandakı revanşist qüvvələr Azərbaycana qarşı yeni müharibə arzulayır, ərazilərimizi işğal etmək istəyirlər. Bu səbəbdən də sürətlə silahlandırma, danışıqlar prosesində süni maneələrin yaradılmasına təşviq edilmə, Azərbaycanı könüllü tərk edərək, Ermənistana yollanmış qarabağlı ermənilərin "məcburi köçə vadar edilmələri" barədə mifin Vaşinqton və Paris tərəfindən gündəmdə saxlanmasını ermənilər təbii ki, planlarının və istəklərinin Qərb tərəfindən rəğbətlə qarşılanması, onlara kart-blanş verilməsi kimi anlayırlar.

 

Ermənilər inamlarında yanılırlar və dərk etmirlər ki, Qərbin vədlərinə kor-koranə inam, hər şirnikləndirici təklifə tam etimad sonda acı nəticələr verir.

 

Qərbin belə vədlərinə inanan postsovet məkanı ölkələrinin son illərdə məruz qaldıqları kolliziyalar, habelə dünyanın müxtəlif yerlərində ABŞ və Fransanın "sarsılmaz tərəfdaşlıq və sürəkli müttəfiqlik" vədlərinə aldanaraq suvereniteti, müstəqilliyi və resurslarını hədiyyə edən ölkələrin acı taleyi Ermənistanı qəflət yuxusundan ayıltmayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.