İsrail hakimiyyəti “Hizbullah” lideri Həsən Nəsrullahı məhv etməzdən əvvəl bir neçə ay onun harada olduğunu izləyib.
Bu barədə “Nyu York Tayms” İsrail rəsmilərinə istinadla məlumat yayıb.
Bildirilib ki, “Yeni sifariş” adını alan əməliyyat üçün “imkan pəncərəsi” yalnız qısa müddətə açılıb, çünki Nəsrullah tezliklə aradan çıxa bilərdi.
“Hizbullah” rəhbərliyinin toplantı keçirdiyi yerə 80-ə yaxın bomba atılıb. Nəsrullahın cəsədi şənbə günü səhər hava hücumu yerində tapılıb. Hava hücumu “Hizbullah” rəhbərliyinin görüşü zamanı həyata keçirilib. İsrail mənbələri təşkilatın qərargahına hücum zamanı bunkerləri məhv etmək üçün güclü hava bombalarından (GBU-28) istifadə edildiyini təsdiqləyib. Hava hücumunun baş verdiyi ərazinin yaxınlığında ən azı altı bina dağılıb.
İsrail ordusu həmçinin “Hizbullah”ın Livanın cənubundakı raket diviziyasının komandiri Məhəmməd Əli İsmayıl, onun müavini və qrupun digər yüksək rütbəli üzvlərinin öldürüldüyünü açıqlayıb.
Qeyd edək ki, “Hizbullah” hərəkatı sentyabrın 27-də İsrailin Beyruta hücumu nəticəsində lideri Həsən Nəsrullahın öldüyünü təsdiqləyib.
Senzor.az bildirir ki, bu arada Beyrutun cənub ətraflarında “Hizbullah” lideri Həsən Nəsrullahın məhv edildiyi yerdən görüntülər yayımlanıb. Həmin görüntüləri təqdim edirik: