Azərbaycan-Türkiyə münasibətlərində nə baş verir? - QÜDRƏT HƏSƏNQULİYEVDƏN İLGİNC İZAH VƏ...
RUSİYA İLƏ BAĞLI TƏKLİF

“Əgər sən böyük siyasətdəsənsə rəqiblərin, düşmənlərin çalışacaqlar ki, səninlə dostların, müttəfiqlərin arasında etimadsızlıq yaradıb səni təkləsinlər, zəiflətsinlər. Diqqət yetirsəniz, görəcəksiniz ki, təkcə müttəfiqlərlə yox, Prezidentin sadiq tərəfdaşları, iqtidarın dayağı sayılacaq şəxslər arasında da intriqalar yaratmaq, onları Prezidentin gözündən salmaq üçün hansı oyunlardan çıxırlar. Bizim kiçik partiyamızın daxilində belə zaman-zaman bu cür cəhdlər edənlər varsa, görün düşmənlərimiz ölkə miqyasında nələr etmək istəyəcəklər”.

 

Senzor.az bildirir ki, bu sözləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin Türkiyə-Azərbaycan və Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirmək üçün Qərbdən maliyyələşən müəyyən qrupların hərəkətə keçməsi haqda sualını cavablandırarkən deyib.

 

O bildirib ki, biz Türkiyə ilə qardaş dövlətlərik, hansısa məsələlərə dair fikir ayrılıqları da ola bilər, bu çox normaldır: “Amma prezidentlər arasındakı səmimi dostluq münasibətləri və eyni millət olmağımız bizi bir-birimizə elə tellərlə bağlayıb ki, heç kim bir daha bizi bir-birimizdən ayıra bilməz.

 

Rusiya ilə münasibətlərə də xələl gətirmək üçün gecə-gündüz “Azərbaycanı Rusiya yönəldir”, yaxud “Rusiya Azərbaycandan istifadə edir”, - deməklə xalqımızı qıcıqlandırmaq, onun keçmişdə ilişib qalmasını istəyirlər. Prezidentin 2022-ci ilin fevralında Rusiya ilə imzaladığı müttəfiqlik münasibətlərinə dair saziş, Rusiyaya münasibətdə yürütdüyü dostluq siyasəti Azərbaycanın milli maraqlarına və mənafelərinə cavab verdiyi üçün həmin siyasəti müdafiə edirik. Bu dostluq münasibətləri zəminində 44 günlük Vətən müharibəsində Rusiyanın neytrallığını təmin etdik. Rusiyanın vasitəçiliyi ilə Laçın və Kəlbəcər rayonlarını heç bir itki vermədən işğaldan azad etdik. Rusiya sülhməramlıları imkan vermədi ki, hansısa təxribatlar törədib Azərbaycanı etnik təmizləmədə, yaxud soyqırımda kimsə ittiham etsin. Bəli, bu gün belə ittihamlarla çıxış edənlər var, amma onların böhtançı olması da göz önündədir. Azərbaycan Qarabağ üzərində dövlət suverenliyini bərpa edəndən sonra sülhməramlılar da sazişdə nəzərdə tutulan vaxtdan tez çıxıb getdi. Amma rus sülhməramlıları burada olanda həmin təxribatçılar nələr demirdilər. Burada siz harda görürsünüz Rusiyanın bizdən istifadə etməsini? Bu həqiqətləri deyənləri isə dərhal başlayırlar “Rusiyanın adamıdır” - deyib ləkələməyə, gözdən salmağa”.

 

Millət vəkili xatırladıb ki, Rusiya azərbaycanlı gənclər üçün əmək bazarıdır: “Kənd təsərrüfatı məhsullarımızı orada satırıq, iki milyon azərbaycanlı Rusiyada məskunlaşıb, özlərinə ev-eşik qurub. Təbii ehtiyatlarla zəngin Rusiya Federasiyanın tərkibində 8 türk respublikası var. Biz qonşuyuq, bizi bir-birimizlə tarixi, mədəni, humanitar əlaqələr bağlayır. İndi sifarişlə işləyən hansısa siyasi riyakarların sözlərinə görə Rusiya ilə əlaqələri pozmalıyıqmı? Bəziləri Ukraynadakı müharibəyə görə Rusiya ilə münasibətlərimizi dəyişməli olduğumuzu deyir. Ermənistan 30 il torpaqlarımızın 20%-ni işğal altında saxlayanda bizdən çox böyük olan Ukrayna dövləti Azərbaycandan da dəfələrlə kiçik Ermənistanla münasibətlərini pozdumu? Hər zaman söylədilər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, münaqişə də danışıqlar yolu ilə həll olunmalıdır. Mən bir il öncə Moskvada MDB-yə üzv olan dövlətlərin parlamentlərində təmsil olunan partiyaların iştirakı ilə keçirilən konfransda Azərbaycan dövlətinin mövqeyindən çıxış edərək bildirdim ki, üzv dövlətlərin ərazi bütövlüyünə hörmət olunmalıdır və yalnız bu halda keçmiş sovet respublikalarının səmimi əməkdaşlığı və daha sıx inteqrasiyası mümükündür. Azərbaycan həmişə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib, Ukraynaya humanitar yardım etməkdə davam edir. Baxmayaraq ki, erməni vandalları tərəfindən yerlə yeksan edilmiş şəhər və kəndlərimizin bərpası üçün beynəlxalq birlik tərəfindən bizə kömək edilməlidir. Azərbaycan torpaqları işğal olunanda, bir milyon qaçqınla baş-başa qalanda da beynəlxalq birlik bizə yetərli miqyasda humanitar yardım etmədi. Ona görə nə qədər ki, Rusiya Azərbaycanın maraqlarına zidd addımlar atmayacaq, biz həmişə Rusiya ilə dost olmağa çalışmalıyıq”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.