Türkiyənin Suriya üçün humanitar yardımın çatdırılması məqsədilə Ermənistanla sərhəddə yerləşən "Alican" (“Marqara”) sərhəd-keçid məntəqəsini müvəqqəti olaraq açmaq qərarı ciddi suallar və narahatlıq doğurur. Bu addım xeyirxah niyyət, humanitar həmrəylik jesti kimi təqdim edilsə də, gözəl sözlərin arxasında İrəvanın açıq siyasi manipulyasiyası dayanır və bu manipulyasiyanın arxasında yenə də Ermənistanın məkrli planları görünür.
Ermənistanın çox yaxşı tanınan bu davranış tərzi heç bir şübhəyə yer qoymur: xeyirxah təşəbbüs pərdəsi altında erməni tərəfi əvvəlki razılaşmalara zidd olan yeni geosiyasi ssenari ortaya qoymağa çalışır. Hələ Zəngəzur dəhlizinin açılması ilə bağlı öz öhdəliklərini yerinə yetirməyən – halbuki bu dəhliz Ermənistan ərazisindən keçməklə Türkiyə və Azərbaycanı birləşdirməli olan strateji nəqliyyat marşrutudur – İrəvan indi Suriyadakı ağır durumdan yararlanaraq, yalnız öz maraqlarına uyğun alternativ marşrut yaratmağa cəhd edir.
Bu, sadəcə siyasi gediş deyil – bu, açıq təxribatdır.
Yaşanan olay mühüm regional razılaşmaları pozmaq, Azərbaycan və Türkiyənin strateji maraqlarını zəiflətmək və öz oyununu diktə etmək cəhdidir. Daha da önəmlisi, Türkiyə "Alican" məntəqəsinin müvəqqəti açılmasına razılıq verməklə, əslində, birtərəfli güzəştə getdi və bunun müqabilində İrəvandan heç bir addım görmədi. Halbuki Ermənistan 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında aydın şəkildə qeyd olunan Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliklərini hələ də yerinə yetirməyib.
Məsələ haqlı olaraq belə bir sual doğurur: Ermənistan Zəngəzur dəhlizinin açılmasını illərlə məqsədli şəkildə sabotaj etdiyi halda, Türkiyənin ərazisindən sərbəst tranzit imkanını hansı əsasla əldə edir?
Niyə Bakı illərlə öz qanuni tələblərinin icrasını gözləməli olduğu halda, İrəvan heç bir qarşılıqlı addım atmadan yeni imkanlar əldə edir?
Paradoksal haldır ki, uzun illər regionu mühüm kommunikasiyaların blokadası ilə şantaj edən tərəf indi Suriyadakı vəziyyətdən öz xeyrinə faydalanmağa çalışır. Ermənistan yaranmış vəziyyətdən istifadə edərək siyasi gedişlərini xeyriyyəçilik adı altında pərdələməyə və açıq-aşkar sabotajını "humanitar missiya" kimi təqdim etməyə çalışır.
Bu, əslində, Zəngəzur dəhlizinin konsepsiyasını kölgə altına salmaq və Türkiyə–Ermənistan–Suriya xəttinin alternativ marşrut kimi təqdim edilməsi illüziyasını yaratmaq cəhdidir. Halbuki Zəngəzur dəhlizi təkcə Ankara və Bakının deyil, bütün Türk dünyasının maraqlarına cavab verən strateji layihədir.
İrəvanın bəhs etdiyimiz primitiv manipulyasiyaları təkcə Azərbaycan və Türkiyənin iqtisadi maraqlarını deyil, həm də bütövlükdə regionun təhlükəsizliyini təhdid edir. Əgər İrəvan öz planlarını irəli aparmağa nail olsa, bu, təhlükəli presedent yaradacaq – elə bir presedent ki, burada öhdəliklərin yerinə yetirilməsini saxta “humanitar missiya” bəhanəsi ilə əvəz etmək və qonşuların qanuni tələblərini görməzdən gəlmək adi hal olacaq. Bu isə yolverilməzdir. Ermənistan anlamalıdır ki, qan və faciələr üzərindən oynanılan oyunlar cəzasız qalmayacaq.
Türkiyə daha əvvəl dəfələrlə bəyan etmişdi ki, Ermənistanla münasibətlərin normallaşması yalnız regiondakı bütün maneələrin, o cümlədən, Zəngəzur dəhlizinin açılması ilə mümkün olacaq.
Məzkur prinsip Ankara tərəfindən region siyasətinin əsas prioritetlərindən biri kimi elan edilmişdi. Ancaq indi İrəvandan heç bir güzəşt görmədən Türkiyə birtərəfli addım atır və öz ərazisini Ermənistan yüklərinin tranziti üçün açır. Bu mövqe hansı məntiqlə izah edilə bilər?
Əslində, “Marqara” məntəqəsi vasitəsilə yüklərin tranzitinə razılıq verməklə Ankara İrəvana qarşı anlaşılmaz yumşaqlıq nümayiş etdirir. Halbuki, yuxarıda da vurğuladığımız kimi, Ermənistan hələ də Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliklərindən yayınır – bu isə təkcə Türkiyə və Azərbaycan üçün deyil, həm də bütün türk dünyası üçün mühüm nəqliyyat dəhlizidir.
Nəticədə, haqlı və konkret sual yaranır: niyə Azərbaycan illərdir əldə olunmuş razılaşmaların icrasını gözlədiyi halda, Ermənistan heç bir güzəşt etmədən yeni imtiyazlar qazanır?
Ankaranın bu yanaşması İrəvanda elə təəssürat yarada bilər ki, artıq güzəştlərə ehtiyac yoxdur. Əgər Türkiyə Ermənistanın qarşılıqlı addım atmadan belə əməkdaşlıq təkliflərinə açıqdırsa, bu, İrəvana Zəngəzur dəhlizini və digər strateji təşəbbüsləri bloklamağı davam etdirmək üçün cəsarət verə bilər. Ermənistan başa düşməlidir ki, bu cür manipulyasiyalar regionda sabitliyi pozur və uzunmüddətli perspektivdə İrəvanı daha da təcrid olunmuş vəziyyətə salacaq.
Zəngəzur dəhlizinin həyata keçirilməsi yalnız iqtisadi layihə deyil, eyni zamanda, regionun nəqliyyat təhlükəsizliyinin və sabitliyinin mühüm elementidir. Güzəştlərin birtərəfli qaydada edilməsi Türkiyənin Ermənistanla danışıqlardakı mövqelərini zəiflədə və ilk növbədə Azərbaycanın bu məsələdə haqlı gözləntilərinə zərbə vura bilər.
İrəvanın manipulyasiyaları yalnız onun regiondakı təcridini dərinləşdirəcək və İrəvanın qeyri-konstruktiv siyasətini bir daha təsdiqləyəcək. Ermənistan bilməlidir ki, belə oyunlarla nə Türkiyəni, nə də Azərbaycanı aldatmaq mümkün deyil. Azərbaycanın və Türkiyənin maraqları hər hansı “humanitar teatr”ın və manipulyasiyanın qurbanına çevrilə bilməz. Ermənistanın ikiüzlü siyasəti, qan və faciələr üzərindən qurduğu oyunlar artıq ifşa olunub və bu dəfə də onun planlarının puça çıxacağı qaçılmazdır.
2023-cü ilin fevral ayında Türkiyə 1993-cü ildən sonra ilk dəfə olaraq Ermənistanla sərhəddə yerləşən "Marqara" sərhəd-keçid məntəqəsini zəlzələdən zərər çəkmiş bölgələrə humanitar yardım çatdırmaq məqsədilə açdı.
Fəqət bu addım tez bir zamanda siyasi alətə çevrildi: erməni KİV-ləri bunu Ankara ilə İrəvan arasında münasibətlərin normallaşma prosesinin başlanğıcı kimi təqdim etməyə çalışdılar və eyni zamanda, Ermənistanın Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliklərini yerinə yetirməkdən məqsədli şəkildə yayınmasını görməzdən gəldilər.
"Alican" sərhəd-keçid məntəqəsinin müvəqqəti açılması isə İrəvanın alternativ marşrut formalaşdırmaq cəhdlərini üzə çıxarır. Sözügedən alternativ marşrut, gələcəkdə Zəngəzur dəhlizinin strateji əhəmiyyətini zəiflətməyə yönəlmiş açıq manipulyasiya cəhdidir. Bu siyasət Ermənistanın son dövrlərdə Qərbin dəstəyi ilə həyata keçirməyə çalışdığı “Zəngəzur dəhlizinə alternativ” adlanan planın tərkib hissəsidir.
Son aylar ərzində Qərbin Türkiyəyə təzyiqləri açıq şəkildə artmaqdadır. Avropalı siyasətçilər və ABŞ-dakı ermənipərəst dairələr Türkiyə və Azərbaycanın regionda logistik mövqelərini zəiflətmək üçün Ermənistandan “nəqliyyat vasitəçisi” qismində istifadə etməyə çalışırlar.
Xatırladaq ki, Zəngəzur dəhlizinin açılması 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda təsbit edilib və postmünaqişə nizamlanmasının ayrılmaz hissəsi kimi qəbul olunub. Bu layihə təkcə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqəni təmin etməyəcək, həm də Türkiyədən Mərkəzi Asiyaya qədər uzanan ən qısa və təhlükəsiz marşrut olacaq. Dolayısıyla, bu dəhlizin bloklanması yalnız Azərbaycan və Türkiyənin deyil, bütövlükdə regionun sabitliyi və təhlükəsizliyinin pozulması deməkdir.
Buna baxmayaraq, Ermənistan layihənin icrasını bilərəkdən yubadır, bununla yanaşı, yalnız öz maraqlarına xidmət edən alternativ marşrutlar yaratmağa cəhd göstərir. Eyni zamanda, "Alican" məntəqəsinin müvəqqəti açılması Ankaranın İrəvana birtərəfli şəkildə güzəştə getdiyini göstərir - halbuki Ermənistan bu güzəştin müqabilində heç bir qarşılıqlı addım atmayıb.
Bu vəziyyət bir neçə ciddi təhlükə yaradır:
1. Siyasi təxribat: Alternativ marşrutların yaradılması Ermənistan tərəfindən Azərbaycanın qərb rayonları, o cümlədən, Zəngəzur üzərində ərazi iddialarının irəli sürülməsi üçün istifadə edilə bilər.
2. Türkiyə və Azərbaycanın mövqelərinin zəiflədilməsi: Türkiyə-Ermənistan-Suriya marşrutunun təşviqi gələcəkdə iqtisadi magistral xəttə çevrilə və bu, Zəngəzur dəhlizinin strateji əhəmiyyətini kölgədə qoya bilər.
3. Qərbin təsirinin güclənməsi: Ermənistan üzərindən açılan bu müvəqqəti marşrut məhz Türkiyə və Azərbaycanın regiondakı mövqelərini zəiflətmək istəyən dairələrin maraqlarına uyğundur.
4. Precedent yaradılması: Əgər bu müvəqqəti marşrut siyasi tanınma qazansa, bu, gələcəkdə İrəvanın öz maraqlarına uyğun addımlar atması və Azərbaycan-Türkiyə strateji layihələrini bloklamaq cəhdlərinin əsasına çevrilə bilər.
İrəvanın Suriyada yaşananlardan öz məkrli siyasi məqsədlərinə alət kimi istifadə etməyə çalışması təkcə qəzəb deyil, eyni zamanda haqlı narahatlıq doğurur. İrəvan bir daha sübut edir ki, öz ambisiyaları naminə digər xalqların ağrı və faciələrini belə istismar etməyə hazırdır. Ermənistan hakimiyyətinin humanitar yardım jestini siyasi ticarət vasitəsi kimi təqdim etməsi və bu hiyləgər davranışı “humanitar missiya” adlandırması ən sərt qınağa layiqdir.
Onilliklər ərzində Ermənistan regional kommunikasiyaların açılması ilə bağlı öhdəliklərini sistematik şəkildə pozub, hər mərhələdə razılaşmaların icrasını sabotaj edib və daim yeni-yeni tələblər irəli sürüb. Zəngəzur dəhlizinin açılması kimi strateji layihənin reallaşdırılması əvəzinə İrəvan növbəti siyasi oyunlara baş vurur, mövcud razılaşmaları pozur və bütün regionun sabitliyini təhlükə altına atır.
Belə siyasət yalnız Ermənistanın təcridini daha da dərinləşdirəcək və İrəvanın qeyri-konstruktiv siyasətini bir daha ifşa edəcək. Ermənistan anlamalıdır ki, qan və faciələr üzərindən qurulmuş oyunlar cəzasız qalmayacaq. Azərbaycan və Türkiyənin strateji maraqları heç bir manipulyasiyanın qurbanına çevrilə bilməz. Ermənistanın bu ikiüzlü siyasəti açıq şəkildə ifşa olunub və bu dəfə də onun məkrli planlarının iflasa uğrayacağı qaçılmazdır.
"Marqara" sərhəd-keçid məntəqəsi vasitəsilə müvəqqəti marşrutun açılması təkcə Suriyada zərərçəkənlərə göstərilən humanitar jest deyil, bu, əslində, İrəvanın yalnız öz maraqlarına xidmət edən alternativ yol formalaşdırmaq üçün növbəti hiyləgər cəhdidir. Ermənistan tərəfi yenə də mənimsədiyi hiyləgər taktika ilə reallığı təhrif etməyə çalışır: öhdəliklərini yerinə yetirərək Zəngəzur dəhlizinin açılmasına dəstək vermək əvəzinə, insan faciəsindən sui-istifadə edərək, Türkiyə və Azərbaycana əlverişsiz şərtlər diqtə etməyə cəhd edir. Bu addımın nə insanpərvərliklə, nə də xeyirxahlıqla heç bir əlaqəsi yoxdur - burada soyuq siyasi hesablamalar və açıq-aşkar manipulyasiya dayanır.
Məsələ yalnız nəqliyyat marşrutlarında deyil - burada söhbət regionda əldə olunmuş razılaşmaların mahiyyətinin təhrif edilməsindən gedir.
Ermənistan qonşu ölkələrin maraqlarını nəzərə almadan, yalnız öz maraqlarına xidmət edən alternativ kommunikasiyalar formalaşdırmağa çalışır ki, bu da 44 günlük İkinci Qarabağ müharibəsindən sonra əldə edilmiş kövrək balansı pozmaq təhlükəsi yaradır. İrəvanın bu siyasəti sanki Türkiyənin Qərbin təzyiqləri qarşısında geri çəkiləcəyinə hesablanıb. Halbuki Qərb açıq şəkildə Ermənistanın Zəngəzur dəhlizini bloklamaq və Türkiyə-Azərbaycan əlaqələrini zəiflətmək təşəbbüslərini dəstəkləyir.
Bu cür addımlar cavabsız qalmamalıdır. Əgər İrəvan düşünürsə ki, razılaşmaları pozduğu halda məsuliyyətdən yayınmağa müvəffəq olacaq, o zaman ciddi şəkildə yanılır. Ermənistan eyni zamanda həm "qurban" imicini formalaşdırmaq, həm də Cənubi Qafqazda sülh prosesini sabotaj etmək siyasətini daha davam etdirə bilməyəcək. Zəngəzur dəhlizinin açılmasının ləngidilməsi və ya alternativ marşrutların yaradılması cəhdi Azərbaycan və Türkiyənin sərt və qəti reaksiyası ilə qarşılaşmalıdır.
Bu gün söhbət təkcə geosiyasi rəqabətdən deyil, bütün regionun sabitliyindən gedir. Əgər Ermənistan manipulyasiya və siyasi intriqa siyasətini davam etdirərsə, o, özünü daha da təcrid olunmuş və zəif vəziyyətə salacaq. Ermənistanın bu siyasəti nə iqtisadi dividend, nə də siyasi nüfuz qazandıracaq. Əksinə, bu cür siyasət yalnız İrəvanın mövcud təcridini dərinləşdirəcək və dünya ictimaiyyətinə Ermənistanın xarici siyasətinin əsl mahiyyətini - riyakarlığı, ikili standartları və sonsuz manipulyasiyaları nümayiş etdirəcək.
Tarix dəfələrlə sübut edib ki, regional sabitlik yalnız götürülən öhdəliklərə sadiqlik və əldə olunmuş razılaşmalara hörmət prinsipi əsasında mümkündür.
İrəvanın Zəngəzur dəhlizini bloklamaq cəhdi yalnız siyasi uzaqgörənliyin yoxluğunun deyil, həm də regional sülhə yönəlmiş açıq təhdidin göstəricisidir. Ermənistan başa düşməlidir ki, birtərəfli manipulyasiya dövrü artıq arxada qalıb. İndi bölgədə məsuliyyət və qarşılıqlı əməkdaşlıq tələb edən yeni reallıq hökm sürür.
İrəvan anlamalıdır ki, bu dəfə risklər daha böyükdür və regiondakı tərəfdaşlarının səbrinin sərhədləri sonsuz deyil. Ermənistanın cəhdləri yalnız Azərbaycan və Türkiyənin deyil, bütün regionun maraqlarına qarşı yönəlib və bu təxribatçı siyasət nəinki nəticəsiz qalacaq, əksinə, İrəvanın daha da təklənməsi ilə nəticələnəcək. Ermənistana aydın mesaj verilməlidir: regionda sülhün və sabitliyin açarı yalnız öhdəliklərə sadiqlik və razılaşmalara hörmət prinsiplərinə əsaslanır.
Ermənilərin saxta humanitar missiyalar adı altında oynadığı bu çirkin oyunlar iflasa məhkumdur. Bir daha təkrar edirik: İrəvan anlamalıdır ki, Azərbaycan və Türkiyənin strateji maraqları heç vaxt siyasi manipulyasiyaların qurbanı olmayacaq.