“İtaliya enerji təhlükəsizliyinə və müstəqilliyinə nail olmalıdır və bunun üçün həm də Azərbaycandan Apuliyaya təbii qaz ötürən Trans-Adriatik Boru Kəmərinin (TAP) gücünün ikiqat artırılması lazımdır”.
İtaliyanın “Formiche” nəşri xəbər verir ki, bunu İtaliyanın energetika naziri Cilberto Piketto Fratin deyib.
“TAP daha əvvəl işə salınsaydı, bu, ölkəyə daha çox fayda gətirərdi, lakin indi Azərbaycandan gələn axının ikiqat artması İtaliyaya tamamilə fərqli şəkildə qaz böhranına qarşıdurmağa imkan yaradacaq. Müdafiə naziri Qvido Krosettonun Bakıya səfəri də İtaliyanın [yeni hökumətin] Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunun təsdiqidir”, - nəşr qeyd edir və vurğulayır ki, Azərbaycan qazının Avropaya tədarükü ilə bağlı rəqəmlər çox şeydən xəbər verir.
Belə ki, 2021-ci ildə TAP vasitəsilə Avropaya 8,1 milyard kubmetr qaz nəql edilib. 2023-cü ildə Azərbaycan Avropaya qaz təchizatını 12 milyard kubmetrə qədər çatdırmağa ümid edir. 2022-ci ilin rəqəmlərinə görə, Azərbaycan bu xətlə 11,4 milyard kubmetr qaz ixrac edib ki, bu da 2021-ci illə müqayisədə 12,3 % artım olduğunu göstərir.
Trans-Adriatik Boru Kəməri istismara verildiyi gündən - 2020-ci il dekabrın 31-dən bu yana boru kəməri vasitəsilə 18,5 milyard kubmetr qaz nəql edilib ki, bunun da təxminən 16 milyard kubmetri İtaliyaya olub. 2022-ci ildə İtaliyaya 3 milyard kubmetr çox qaz nəql olunub. Beləliklə, Azərbaycan İtaliyanın təbii qaza olan tələbatının 14 %-dən çoxunu ödəyir.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.
“TAP AG” konsorsiumu boru kəmərinin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud – ildə 14,4 milyard kubmetrə qədər, qismən məhdud – ildə 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrədək.(“Report”)