
Bu gün "Xəzər" TV-də "İncə Səhər" verilişinin yayımının yarımçıq dayandırılmasına aydınlıq gətirilib.
Senzor.az bildirir ki, bu barədə telekanal məlumat yayıb.
Qeyd olunub ki, bu gün saat 10:38-də "Xəzər" TV-də "İncə Səhər" verilişinin yayımı zamanı texniki problem yaranıb: "Sözügedən verilişin bu həftə efirə getmiş bütün buraxılışları öncədən çəkilib. Verilişin bugünkü buraxılışı da əvvəlki günlərdə çəkilib, anonsu uğurla yayımlanıb və həmin mərhələdə heç bir nasazlıq qeydə alınmayıb.
Bu gün yayımlanacaq buraxılış 2 fayldan ibarət idi. 1-ci fayl heç bir problem olmadan efirə verilib. Reklam buraxılışına ayrılıb və 2-ci faylın yayımlanması zamanı texniki problem yaranıb. Fayl "Playout" sistemi tərəfindən oxunmadığı üçün efirə çıxmayıb. Tətbiqi proqram təminatında kritik xəta baş verib, bu isə əsas efir serverində cihazsəviyyəli nasazlıq yaradıb, nəticədə də verilişin tam yayımı mümkün olmayıb.
"Xəzər" TV olaraq yaranmış narahatlığı anlayışla qarşıladıqları və efirimizi diqqətlə izlədikləri üçün izləyicilərimizə minnətdarlığımızı bildiririk".
**12:40
Bu gün "Xəzər" TV-də efirə gedən "İncə səhər" verilişi yarımçıq dayandırılıb.
"Qafqazinfo" xəbər verir ki, proqramın qonaqları tanınmış müğənnilər - Almaxanım Əhmədli, Pərviz Abdullayev və Namiq Qasımov olublar.
Həftəiçi hər gün saat 10:00-dan 12:30-dək davam edən veriliş bu gün saat 11:40-da reklama ayrılsa da, sonradan davam etməyib. Proqramın vaxtından tez yekunlaşması ilə bağlı aparıcı Vüsalə Əlizadə heç bir məlumat verməyib.
Verilişin dayandırılması barədə kanal tərəfindən də hələlik hər hansı rəsmi açıqlama verilməyib.