
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Ağdərə şəhərində keçirilən Qərargahın iclasının iştirakçıları iyunun 17-də Xocalı rayonunun Xanabad kəndi ərazisində fəaliyyət göstərən "Qoç Ət" Kəndli Fermer Təsərrüfatı MMC-nin heyvandarlıq kompleksində olublar.
Senzor.az bildirir ki, iclas iştirakçıları kompleksdə yaradılmış şərait barədə məlumatlandırılıb və hazır məhsullara baxıblar.
Qeyd edək ki, iclas iştirakçıları bundan əvvəl Ağdərə şəhərinin Baş planı ilə tanış olublar. Onlara şəhərin inkişaf perspektivləri və nəzərdə tutulan layihələr barədə məlumat verilib. 

Eyni zamanda, Ağdərə və Xocalı rayonlarında həyata keçirilən aqrar və sənaye layihələrinə baxış keçirilib. Ağdərə rayonunun Çaylı kəndində onlara "Frutti Aqro" MMC tərəfindən salınmış intensiv meyvə bağında və "Dəmirli" Filiz Emalı Kompleksində görülən işlər və layihələrin bölgənin sosial-iqtisadi inkişafına töhfəsi barədə məlumatlar təqdim olunub.
Daha sonra Xocalı rayonunun Daşbulaq kəndində yerləşən tut bağına və baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib, eləcə də müxtəlif özəl təsərrüfat subyektləri tərəfindən salınmış intensiv meyvə bağları ilə tanışlıq olub.
Məlumatlandırma zamanı bildirilib ki, aqrar və sənaye sahələrində həyata keçirilən layihələr işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəallığın genişlənməsinə, yeni iş yerlərinin yaradılmasına, sahibkarlığın inkişafına və Böyük Qayıdış prosesinin iqtisadi dayaqlarının möhkəmləndirilməsinə xidmət edir.