Qarabağda azərbaycanlılara qənim kəsilən mina: sülhməramlılar və ermənilər niyə minaya düşmürlər?
Ermənistan iki ilə yaxındır verdiyi vədlərə əməl etmir. Rəsmi Bakı beynəlxalq qurumlarda regional məsələlərə dair görüşlərdə rəsmi İrəvandan minaladığı ərazilərin xəritəsini verməsini tələb edir. Qarşı tərəf isə bu istiqamətdə üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Beynəlxalq ictimaiyyət Azərbaycanın İkinci Qarabağ müharibəsi zamanı saxladığı və məhkəmənin ədalətli qərarı ilə mühakimə olunan cinayətkarların Ermənistana təhvil verilməsini istəyir. Bununla bağlı rəsmi Bakıya təzyiq göstərənlər erməni cinayətkarların təhvil verilməsi məsələsini humanizm adlandırırlar.
Təəssüf ki, Azərbaycan dövləti torpaqlarının işğal altında qaldığı müddət ərzində üzləşdiyi ədalətsizliklərlə yenə qarşılaşır. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı yürütdüyü gizli müharibə və terror siyasətini görməzlikdən gəlir. 44 günlük müharibə başa çatandan sonra işğalçı ölkənin məmuru itkin düşənlərin ailə üzvləri ilə görüşdə ermənilərin verdiyi itkidən daha çoxunu Azərbaycanın verəcəyi və ona qarşı gizli müharibə aparacaqları vədini vermişdi.
Azərbaycan torpaqlarının böyük bir hissəsi Ermənistan silahlılarından təmizlənsə də, onların basdırdıqları minaların dəqiq xəritələrini verməmələri hələ də işğalçı siyasətin davam etdiyini deməyə əsas verir. Bu onu göstərir ki, Ermənistan üzdə əməkdaşlıq və əlaqələrin bərpası, normallaşma prosesindən danışsa da, əslində Azərbaycana qarşı düşmənçilik, kin və nifrət bəsləyir.
Ermənilərin Qarabağı tərk edərkən basdırdıqları minalar
Məlumat üçün bildirək ki, avqustun 2-də minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşı Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşüb və müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Bir nəfərin sağ ayağı amputasiya olunub. Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.
2020-ci ilin noyabrın 10-dan indiyədək azad edilmiş ərazilərdə mina partlaması nəticəsində 7 hərbi qulluqçu, 32 mülki şəxs həlak olub. Azərbaycan Baş Prokurorluğunun məlumatına əsasən, mina partlaması zamanı 117 hərbi qulluqçu, 67 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu, o deməkdir ki, 2 il ərzində Ermənistanın apardığı səssiz müharibə nəticəsində Azərbaycanın 39 vətəndaşı həyatını itirib, 184 vətəndaşı isə yaralanıb. Bu, qeyri-döyüş şəraitində Azərbaycana böyük maddi-mənəvi zərbədir. Sayın belə çox olması sübut edir ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük hissəsi minalanıb. Hətta 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən ermənilər həmin ərazilərə əlavə minalar basdırıblar.
Ermənistan iki ölkə sərhədlərini də minalayır. Bu, onların xoşməramlı olmayan qonşu xislətinin göstəricisidir. Rəsmi İrəvan Azərbaycanın sülh müqaviləsinin imzalanması ilə bağlı təkiflərindən boyun qaçırır, ən yaxşı halda yayınmağa çalışır. Bu, Ermənistanın regionda təhlükəsizliyi təhdid etməsi, sabitliyə və əməkdaşlığa qarşı çıxması kimi də dəyərləndirilə bilər. Hakimiyyət dəyişikliyi olsa da, ölkəni idarə edənlərin Azərbaycana, eləcə də qonşulara olan nifrət və kini dəyişmir. İndiki Baş nazir Nikol Paşinyan demokrat, Qərbyönlü mövqedə olduğunu iddia etsə də, ancaq bu istiqamətdə real addımlar atmır.
Əraziləri minalayan Ermənistana xaricdən ayrılan pul yardımları
Rəsmi İrəvan bu davranışı ilə demokratik prinsiplərə, beynəlxalq hüquqa hörmətsizlik etdiyini göstərir. O, Xocalı soyqırımını törədən keçmiş prezidentlər - Robert Koçaryan və Serj Sarqsyandan heç nə ilə fərqlənmir. Onların dövründən basdırılan minalar Paşinyan hökumətinin məsuliyyətsizliyi və antihumanist davranışı səbəbindən indi partlayır. Bu yaxınlarda ABŞ Senatının Qarabağın minalardan təmizlənməsi adı altında Ermənistana 2 milyon dollar yardım verməsinə dair məlumatlar yayılıb. Çox paradoksal bir addımdır. Çünki basdırılan partlayıcı qurğulardan Azərbaycan əziyyət çəkir, yardım isə Ermənistana verilir.
Yeri gəlmişkən, Azərbaycan torpaqlarında müvəqqəti yerləşən Rusiya sülhməramlıları və onların himayə etdikləri ermənilər arasında indiyədək mina partlaması hadisəsi, demək olar ki, qeydə alınmayıb. Bu, həm də Rusiya və Ermənistanın əlində minalanmış ərazilərin xəritəsinin olduğunu bir daha təsdiqləyir. Çünki Rusiya hərbçiləri də işğaldan təmizlənən ərazilərə səfərlər edirlər. Amma ortaya haqlı sual çıxır: Bəs onlar niyə minaya düşmürlər? Göründüyü kimi, Ermənistanın etimad və etibar qazanması üçün torpaqların minalardan təmizlənməsi istiqamətində də Azərbaycanla əməkdaşlıq etməsi vacib şərtlərdəndir. Rəsmi İrəvanın bu yöndə addımlar atmaması, onun normallaşma prosesinə, əməkdaşlığa və regionda sülhün yaranmasına qarşı olduğunu isbatlayır.
44 günlük müharibənin nəticəsinə əsasən, kapitulyasiya aktına, bəyanata Paşinyanla yanaşı, vasitəçi kimi və təminatçı dövlət olaraq Rusiya Prezidenti Vladimir Putin də imza atıb. Ərazilərin minalardan təmizlənməsi və Azərbaycanla Ermənistan arasında əlaqələrin qurulmasına vasitəçilik edənlərdən biri də Rusiyadır. Ermənistan hökumətinin başçısı minalardan təmizlənmə məsələsində əməkdaşlıq etməməklə Rusiya və onun başçısının beynəlxalq imicinə zərbə vurur. Habelə Avropa İttifaqı, ABŞ-ın sülhyaratma, əməkdaşlıqla bağlı çağırışlarını qulaqardına vurur. Odur ki Ermənstanın davranışını Azərbaycanın atalar sözü ilə belə dəyərləndirmək olar: “Qozbeli qəbir düzəldər”.(“Report”)