Ukrayna müdafiə naziri Oleksiy Reznikov Rusiya ilə danışıqların şərtini açıqlayıb. O, bu barədə yerli mətbuata müsahibəsində deyib.
“Rusiya ilə danışıqlar o zaman mümkündür ki, Ukraynanın tərəfdaşları masa arxasnda əyləşsinlər: ""Referendum" keçiriləcəyi halda, heç bir danışıqlardan söhbət getməyəcək. Amma rusiyalılarla danışıqlar mümkündür. Tərəfdaşlarımız masa arxasında otursalar, bu, mümkün olacaq”.
Reznikov, həmçinin xatırladıb ki, "Minsk-3" razılaşmasını əldə etməyin mənası yoxdur.
Nazirin fikrincə, Ukraynadakı müharibə Suriya və Koreya ssenarisi ilə bitə bilməz: “Yeganə variant Ukrayna Silahlı Qüvvələrinin qalib gəlməyinə inanmaqdır. Rusiya hələ 2014-cü ildə silahlı münaqişəni dondurmaq şansını əldən verdiyi üçün Ukraynada hərbi əməliyyatlar “Koreya ssenarisi” ilə bitə bilməz. Həmçinin Suriya ssenarisi də mümkün deyil. Rusiyanın həm şəxsi heyət, həm də texnika baxımından resursu tükənir. Bizim isə tərəfdaşlarımız var. Bu, Kollektiv Qərbdir".
Xatırladaq ki, daha əvvəl ekspertlər savaşın qış ayında bitəcəyini istisna etməmişdilər.
İlk növbədə onu deyək ki, yaxın gələcəkdə nəticəyönümlü danışıqların baş tutması və müharibənin bitməsi gözlənilmir. Çünki tərəflər buna hazır deyillər. Kiyevin əks-hücum əməliyyatlarına başlaması da savaşın uzun çəkəcəyinə işarədir.
Reznikov açıqlamasında Qərbi aparıcı “oyunçu” kimi göstərib. Nazir Kollektiv Qərbi Kiyevin əsas dayağı kimi təqdim etməklə yanaşı, həm də danışıqlara ABŞ və müttəfiqlərinin iştirak edəcəyi təqdirdə hazır olduğunu bildirib.
Dediyimiz kimi, yaxın gələcəkdə sülh mümkün görünmür. Danışıqlar isə... bəlkə də, ola bilər. Əsas sual budur: Qərb danışıqlar masasında nə qədər təsirli ola biləcək? Və Qərb Ukraynanın ərazi bütövlüyündə israr edərsə, Kreml konstruktiv mövqe sərgiləyəcəkmi? Kiyev ərazilərinin işğal altında olması ilə barışarmı? Yəqin ki, yox.
Nazirin dediklərindən belə qənaətə gəlmək olar ki, Ukrayna Qərbə, həqiqətən, inanır. Əslində inam üçün əsas var: Kiyevə lazımi dəstək verilir, Moskvaya təzyiq göstərilir.
Savaşın ilk günlərindən etibarən nəticənin Rusiyanın xeyrinə olmayacağını deyirəm. İndi də bu fikirdəyəm. Eyni zamanda əminəm ki, bu müharibədə Qərbin xüsusi maraqları var. Kiyev bir çox addımlarını ABŞ və müttəfiqlərinin diktəsi ilə atır. Başqa cür edə bilməz. Çünki müharibənin taleyi məhz Qərbdən asılıdır. Kollektiv Qərb silah təminatını dayandırsa, Ukraynanın məğlubiyyəti üçün bir həftə kifayətdir. Yeri gəlmişkən vurğulayaq ki, bunu Ukrayna rəsmiləri özləri də etiraf edirlər. Hazırkı situasiya heç bir halda Kiyevin məğlubiyyəti kimi göstərilməməlidir. Qərb də əslində silah tədarükünə görə minnət etməli deyil. Çünki savaş məhz ABŞ və müttəfiqlərinin sabotajlarına görə başlayıb. Döyüşlərin davam etməsi isə Qərbin maraqlarına tam uyğundur.
Beləliklə, düşünmək olar ki, Reznikovun fikirləri məhz Qərbin "beyninin məhsuludur". Çox güman, Qərb, xüsusilə ABŞ danışıqlar prosesində iştirak etmək istəyir. Vaşinqtonun həm Kiyev, həm də Moskva ilə bağlı maraqları var. Hər ikisini idarə olunan duruma salmaq, ikincini həm də iqtisadi baxımdan çökdürmək istəyir. Düşünür ki, danışıqlar prosesində iştirak etsə, buna nail ola bilər.
Yaxın zamanlarda Qərb dövlətlərindən vasitəçiliklə bağlı açıqlamalar verilməsi gözləniləndir. Ancaq dediyim kimi, nəticəyönümlü danışıqların yaxın gələcəkdə baş tutacağı ağlabatan deyil. Əgər Rusiya və Ukrayna nümayəndələri görüşməlidirlərsə, bu, mütləq Ankaranın vasitəçiliyi ilə baş tutmalıdır. Nəinki tərəflər, elə bütün dünya üçün də daha xeyirli olanı budur...
Kənan Novruzov,
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti