Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodundakı yanğın tam söndürülüb.
Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin ümumilikdə 20 ədəd texnika və 100 nəfərdən artıq canlı qüvvəsi iştirak edib.
Yanğın nəticəsində ərazidə olan 11 ədəd tikilidən ümumi sahəsi təxminən 1000 kv.m olan iki ədəd obyekt yanıb, ümumi sahəsi təxminən 3 500 kv.m olan digər doqquz ədəd obyekt yanğından mühafizə olunub.
**14:08
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda başlayan yanğınla bağlı çağırış əsasında hadisə yerinə ilkin olaraq yeddi təcili tibbi yardım briqadası cəlb olunub.
Bu barərə KİV-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Avqustun 22-si saat 11:00-da Abşeron Rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində fabrikdə yanğın hadisəsinin baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Əlavə məlumat veriləcək", - deyə məlumatda bildirilib.
**13:50
"Havanın güclü küləkli olmasına və yanğının mürəkkəbliyinə baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin yüksək peşəkarlığı və yanğınsöndürənlərin fərdi şücaəti sayəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən boya istehsalı zavodundakı yanğın daha da genişlənərək digər obyektlərə keçməsinə imkan verilmədən məhdudlaşdırılıb".
Senzor.az bildirir ki, bu barədə FHN-dən məlumat verilib.
Qeyd olunub ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.
**11:19
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın başlayıb.
Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, baş vermiş yanğınla əlaqədar polis əməkdaşları, eləcə də dövlət yol polisinin naryadları hadisə yerinə cəlb edilib. Məlumata görə, polis əməkdaşları hadisə yerini mühafizə edir, təhlükəsizlik və digər zəruri tədbirlər görürlər.
Yanğınla bağlı atmosfer havasına atılan emissiyaların monitorinqinin və ölçmə işlərinin aparılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinq Mərkəzinin mütəxəssisləri də ərazidədirlər.