Sosial şəbəkə seqmentində cəmiyyətdə tanınmış şəxslər barədə, xüsusən də onların şəxsi həyatına dair dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyət tərəfindən narazılıqla qarşılanır və eyni zamanda, birmənalı qəbul olunmur.
Senzor.az bildirir ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı açıqlamada belə deyilir.
Qeyd olunub ki, sosial şəbəkə fəalları insanların şəxsi həyatına müdaxilə kimi qiymətləndirilə biləcək və ictimaiyyəti çaşdıracaq paylaşımlar etməməli, həmçinin davranışlarını təmsil olunduqları sosial şəbəkənin etik qaydalarına uyğun tənzimləməli, yalan, dezinformasiya xarakterli məlumatların yayılmasından çəkinməlidirlər.
Diqqətə çatdırılıb ki, ümumiyyətlə, son dövrlər peşəkar media subyektləri və jurnalistlər sosial mediada yayılan bu qəbildən olan məlumatlara jurnalistika prinsipləri baxımından yanaşaraq peşəkar davranış nümayiş etdirməkdədirlər.
“Qeyri-dəqiq, mənbəyi bilinməyən və ictimai fikri çaşdırmağa yönəlmiş dezinformasiyaların yayılmasının hüquqi məsuliyyət yaratdığını xatırladaraq sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa səsləyirik”, - deyə açıqlamada vurğulanıb.