“Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”.
Senzor.az bildirir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində deyib.
“Düzünü desəm, mən şadam ki, biz sərhəd dirəyi quraşdırmışıq. Yəni Azərbaycan tanıyıb ki, bu dirəkdən sonra Ermənistan var. Dünyada heç kim bundan böyük zəmanət fikirləşməyib. Biz ümumiyyətlə müharibə haqqında fikirləri həm erməni, həm də Azərbaycan gündəliyindən çıxarmalıyıq - bax bu, əsl zəmanət olardi”, - deyə o vurğulayıb.
Simonyan onu da qeyd edib ki, etirazçılar üçüncü tərəfin təhriki ilə Ermənistan və Azərbaycan arasında münaqişəni qızışdırmağa çalışırlar. Spiker onları məcburi şəkildə sülhməramlıları ölkəyə gətirmək istəyində ittiham edib.
Lakin o, söhbətin hansı sülhməramlılardan getdiyini dəqiqləşdirməyib.
Yeri gəlmişkən, bu arada məlum olub ki, Azərbaycanla Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-dək artıq 20 sərhəd dirəyi quraşdırılıb və iki dövlətin ekspert qruplarının işi davam edir.
Senzor.az