Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə gəlib. Səfər bir çox baxımdan diqqət çəkir.
Əvvəlcə qeyd etmək lazımdır ki, ölkə başçısı Almaniyaya Füzuli şəhərindən gedib. Yəni Prezident ilk dəfədir, işğaldan azad edilmiş Qarabağdan hansısa bir ölkəyə səfər edib. Təbii ki, bu məqam diqqət çəksə də, verilən əsas mesaj başqadır.
İşağaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sürətli yenidənqurma və bərpa prosesi gedir. Artıq əraziyə xarici ölkə başçıları, rəsmilər, ekspertlər, media nümayəndələri səfər edir. Misal üçün, sonuncu dəfə Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Ağdam, Füzuli şəhərlərində olub.
Əliyev məhz Füzuli şəhərindən Almaniyaya işgüzar səfər edərək Qarabağ və Şərqi Zəngəzurun təhlükəsiz olduğunun, bu ərazilərə investisiya cəlb edilə biləcəyinin mesajını verir. Rəsmi Bakının onsuz da işğaldan azad edilən ərazilərə investisiya, xarici şirkətlərin cəlb edilməsinə dair iqtisadi konsepsiyası var. Lakin bununla belə, ölkənin birinci şəxsinin xarici ölkəyə səfərini bu ərazidən etməsi təhlükəsizlik baxımdan ən böyük qarant hesab edilə bilər.
Rəsmi Bakı işğaldan azad edilən əraziləri “yaşıl enerji zonasına” çevirmək istəyir. Bu istiqamətdə ardıcıl işlər görülür. Bununla belə, xarici investisiya və şirkətlərin cəlbinə ehtiyac var. Bu mənada ölkə başçısının Almaniya səfərinin əsas məqsədlərindən biri bu istiqamətdə ola bilər.
Fevralın 28-də Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən də Berlinlə Bakı arasında iqtisadi əlaqələrin genişlənəcəyi mesajını vermişdi. Həmin görüşdə Almaniyanın aparıcı şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyətinə Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, “Falk” konsaltinq şirkətinin icraçı direktoru Tomas Falk, “Uniper Global Commodities SE” şirkətinin birinci vitse-prezidenti Uve Fip, “Rhenus Group” beynəlxalq nəqliyyat şirkətinin layihələr üzrə idarə heyətinin direktoru Heinrix Kerstgens, “VNG” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Ulf Heitmüller, “Rohde & Schwarz” şirkətinin regional satış direktoru Viktoriya Gerasimova və “HHLA International” şirkətinin icraçı direktoru Filip Sveens daxil idi.
Bu şirkətlərin Azərbaycana gəlməsi də məhz ölkə başçısının son illərdə qurduğu təmasların nəticəsi idi. Belə ki, dövlət başçısı son illərdə xüsusilə alman iş adamları ilə bir araya gəlir və onların ölkəmizə investisiya və iqtisadi layihələr cəlbi istiqamətdə çalışırdı. Məsələn, Münhen görüşü buna misal ola bilər. Mümkündür ki, ölkə başçısı Almaniyaya səfəri zamanı da burada alman iş adamları ilə bir araya gəlsin.
Prezident “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edir. Yəni Əliyev həm də qarşıdan gələn COP29-a ev sahibliyi edəcək ölkənin rəhbəri kimi Almaniyadadır. Mümkündür ki, səfər zamanı COP29 üçün istiqamətlər müəyyən ediləcək.
Təbii ki, səfərin siyasi tərəfləri də var. Bakı Fransadan fərqli olaraq Almaniyanın Ermənistan-Azərbaycan danışıqlar prosesinə verdiyi töhfədən, habelə yanaşmasından məmnundur. Bu mənada Berlinlə mövcud sülh gündəliyi, əldə edilən razılıqlar, habelə Cənubi Qafqazda sülhdən sonra iqtisadi layihələrlə bağlı müzakirələr aparılacaq.
Turan Rzayev,
politoloq