Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatında qalib olması münasibəti ilə təbrik edib.
Senzor.az bildirir ki, təbrikdə deyilir:
“Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm! Əməyinə və iradənə görə çox sağ ol! Səninlə fəxr edirəm! Azərbaycana Qələbələr yaraşır!”
Xatırladaq ki, Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva Yunanıstanın Rodos adasında təşkil edilən Avropa çempionatında qızıl medal qazanıb.
Sonuncu – X turda Gürcüstan təmsilçisi Nina Batsiaşvili ilə heç-heçə edən iti zəka sahibi qitə çempionluğunu qazanıb.
Bu nəticədən sonra xallarını 8,5-ə çatdıran Ü. Fətəliyeva rəqibləri üçün əlçatmaz olub.
Qeyd edək ki, Avropa Şahmat İttifaqı tərəfindən qadınlar arasında şəxsi Avropa çempionatı 2000-ci ildən təşkil olunur. Ülviyyə Fətəliyeva şəxsi qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.