“Ermənistan hökumətinin Azərbaycanla sərhədlərin delimitasiyası üzrə fəaliyyəti regionda bu günə, gələcəyə və davamlı sülhə yönəlib”.
Bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan Ermənistan mətbuatına açıqlamasında deyib.
“Tavuşda yerləşən Voskepar, Bağanis, Kirants və Berkaber kəndlərinin yaxınlığında baş verən proseslər ilk növbədə Ermənistanla Azərbaycan arasında sərhədlərin dəqiqləşdirilməsinə yönəlib. Nəhayət, biz dərk etməliyik ki, əgər dövlət varsa, onun sərhədləri olmalıdır və bu dövlətin gələcəyi qonşuları ilə sərhədlərin nə dərəcədə dəqiqləşdirilməsindən asılı olacaq”, - deyə o bəyan edib.
Xaçaturyan qeyd edib ki, bir çox hallarda hakimiyyət delimitasiya zonasında yerləşən kəndlərin sakinlərinə danışıqlar prosesinin təfərrüatını təqdim edə bilmir, çünki bu, yekun qərara mane ola bilər.
“İnanıram ki, biz baş verən hadisələrdə daha maraqlı və məsuliyyətliyik”, - Ermənistan prezidenti vurğulayıb.