Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Brüsseldə üzv dövlətlər arasında qərarların qəbulunda ikili standartların mövcud olduğunu düşünür.
Yerli KİV xəbər verir ki, Şarl Mişel bu fikri İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində deyib. Onun fikrincə, Avropa Komissiyası siyasiləşmiş qurum olmamalı, neytrallığa və obyektivliyə hörmət etməlidir.
Avropa İttifaqının genişlənməsi məsələsini şərh edən Şarl Mişel 2004-cü ildə təşkilata yeni üzvlərin qoşulmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, 20 il öncə Aİ-yə yeni ölkələr daxil olmasaydı, onların arasında “yeni dəmir pərdə” yaranacaqdı. Avropa İttifaqı Şurasının sədri, eyni zamanda, qurumda yekdil qərarların qəbulu ilə bağlı getdikcə artan problemin mövcudluğunu da etiraf edib.
Şarl Mişelin sözlərinə görə, Avropa İttifaqının növbəti genişlənməsi tarixi bir an olacaq. “Böyüklüyünə, kənd təsərrüfatının həcminə və müharibəyə görə Ukraynanın Aİ-yə üzvlüyü üçün xüsusi keçid dövrü lazımdır”, - deyə siyasətçi əlavə edib.