Paşinyan özünü və erməniləri sınayır: BUNDAN SONRA NƏ OLACAQ?
ELÇİN ALIOĞLUNUN YAZISI

Ermənistanda Tavuş rayonundakı dörd kəndin azad edilərək Azərbaycana təhvil verilməsi ilə bağlı etiraz aksiyaları səngimir. Ölkənin müxtəlif yerlərində azsaylı, kiçik qruplar yolları bağlamağa çalışır, paytaxt İrəvanda küçələrə çıxaraq yürüşlər edirlər. Sosial şəbəkələrin erməni seqmentində radikalizm, şovinizm və revanşizm ruhlu çağırışlar fasiləsiz artır.

 

Azərbaycanla Ermənistan arasında aparılan ikitərəfli, birbaşa, vasitəçilərsiz danışıqlar artıq öz effektini verir.

 

Ermənistanın baş naziri Nikol Paşinyan çox gec olsa da, regionda formalaşmış geosiyasi reallıqları, böyük güclərin bölgə ilə maraqlar toplusunun nədən ibarət olduğunu, ermənilərin "hami və havadar" hesab etdikləri dövlətlərin vədlərinin, əslində, İrəvanın tam ram edilərək, kontrol altına alınması məqsədi güddüyünü anlamağa başlayıb.

 

Sülh prosesinin başlanması və sazişin imzalanması üçün Azərbaycanın ilkin olaraq Ermənistana ünvanladığı 5 şərtin əsasında sonradan müzakirə arealı formalaşdı. Məhz həmin şərtlər iki ölkə arasında şərti dövlət sərhədinin delimitasiya və demarkasiya prosesi, sülh sazişinin imzalanması, habelə Zəngəzur dəhlizi layihəsinin reallaşması üçün səbatlı bünövrəyə çevrildi.

 

Daha sonra ABŞ, Avropa İttifaqı və Rusiyanın danışıqlarda vasitəçilik etməyə çalışması, moderatorluq və aktorluq funksiyalarına sahiblənmək cəhdləri Bakının maraqlarının tam təminatı olmasa da, prosesin irəliləməsi, Cənubi Qafqazda sülhlə stabiliyin bərqərar olması üçün Azərbaycanın geosiyasi mənafelərinin reallaşması şərti ilə prosedurlara qatıldı.

 

Brüssel, Moskva və Vaşinqton platformalarında aparılan danışıqlar problemin həlli üçün bitkin formata çevrilməsə də, irəliləyiş vardı.

 

Kiçik, çox kövrək, amma real.

 

Fəqət, Fransanın sonradan kobud müdaxilələri, Avropa Siyasi Şurasının Qranada sammitindəki isterik davranışı danışıqlarda fasilələrin yaranmasını şərtləndirdi.

 

Daha konkret olsaq, Fransa prezidenti Emmanuel Makronun məntiqdən və rasionallıqdan uzaq bəyanatları, Azərbaycana qarşı aşkar aqressiyası, Ermənistanın "tam və total dəstəklənməsi" idefiksini özündə ehtiva edən diplomatiyası Parisin prosedur qaydalarını çox kobud şəkildə pozması ilə yanaşı, rəsmi Bakının faktiki olaraq hədəfə alınması idi.

 

Emmanuel Makron administrasiyasının xaotik davranışı, Azərbaycanın maraqlarının, ümumiyyətlə, nəzərə alınmaması və Fransanın Cənubi Qafqazda mövqelər əldə etmək niyyətilə Ermənistandan istifadə etməsi, daha sonra isə erməni ordusunu sürətlə silahlandırmağa başlaması. təbii ki, danışıqlar masasındakı konfiqurasiyanın zorakı dəyişdirildiyi vəziyyətlə nəticələndi.

 

Məhz bu səbəbdən bəlli perspektivlərə malik Brüssel formatı tarixə qovuşdu, Vaşinqtonda aparılan danışıqlar təxirə salındı, Moskvadakı müzakirələrə isə Ermənistan qatılmaq istəmədiyini bildirdi.

 

Yeganə çıxış yolu Bakı və İrəvan arasında bilavasitə, ikitərəfli danışıqlar variantı oldu ki, bu da ən optimal seçim sayıla bilər.

 

Prosesdə irəliləyiş üçün Ermənistan növbəti addımlar atmalıdır.

 

Onlar 4 hissədən, seqmentdən və ya mərhələdən ibarətdir:

 

1. Kommunikasiyaların və əlaqələrin bərpası. Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər, dövlətlərarası əlaqələr qurulur, sərhədin səciyyələndirilməsində "şərti" ifadəsi aradan qaldırılır, Zəngəzur dəhlizi layihəsinin reallaşdırılmasına başlanır.

 

2. Yekun sülh sazişinin imzalanması. Sülh sazişinin gerçəkləşməsi bölgədə ötən əsrin əvvəllərindən bəri mövcud olan, arada səngisə də, sonradan yenidən aktivləşən qarşıdurmaya birdəfəlik son qoya bilər və qoymalıdır da. Bunun üçün Ermənistanın hakimiyyət dairələri ölkənin Müstəqillik Bəyannaməsinə və Konstitusiyanın 1-ci maddəsinə zəruri dəyişikliklər etməlidir. Səbəb həmin sənədlərdə Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır.

 

3. Demarkasiya və delimitasiya. Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası zəruri, qaçılmaz, labud və müstəsna əhəmiyyətli proseslərdir. Bu proseslər Azərbaycandan daha çox Ermənistana gərəkdir, çünki əks halda rəsmi İrəvan dövlətin legitimliyini, bütün perimetr üzrə sərhəd bütünlüyünü və toxunulmazlığını de-yure təsdiqləmiş olmayacaq.

 

4. Türkiyə ilə münasibətlərin normallaşması. Bu ən maraqlı və eyni zamanda, vacib məqamlardan biridir. Ermənistanın Türkiyə ilə münasibətlərinin normal məcraya gətirilməsi bütünlüklə Bakı və İrəvan arasındakı münasibətlərin formasından asılıdır. İrəvan sadə həqiqəti anlayır, amma hələ də danışıqlarda intensiv yox, ekstensiv strategiya yürüdür.

 

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla münasibətləri normallaşdırmaq, sülh sazişini imzalamaq fikrindədirmi? Onun son həftələrdəki davranışı, bəyanatları, müsahibələri və açıqlamaları rəsmi İrəvanın regional problemlər arasında ən ağırı olan postmünaqişə nizamlanmasına meylləndiyini göstərir.

 

İrəvandakı siyasi isteblişment sülh sazişinin imzalanmasını, habelə şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyasını dəstəkləyir. Hər halda Ermənistan rəsmilərinin bəyanatları belədir.

 

Ermənistanın əsas qanununa əlavələr və dəyişikliklər edilməsi, yəni Azəraycana qarşı ərazi iddialarının yer aldığı maddənin götürülməsi isə ilk baxışdan göründüyü kimi, asan proses deyil.

 

Hazırda 4 kəndin Azərbaycan verilməsi ilə bağlı Ermənistanda başlayan və indi də davam edən etiraz aksiyaları xaotik, spontan, yaxşı idarə olunmayan, mütəşəkkillikdən uzaq proseslərdir.

 

Nikol Paşinyan prosesləri tələsdirməyə və qarşısına qoyduğu məqsədlərə daha sürətlə çatmağa çalışarsa, xarici ölkələrdəki erməni diasporu, Erməni Apostol kilsəsi və kənardan idarə olunan müxalifət qüvvələri birləşəcəklər.

 

Belə birlik İrəvandakı hakimiyyət üçün olduqca ağır sınağa, böyük təhlükəyə çevriləcək və hətta hakimiyyət dəyişikliyi ilə də nəticələnə biləcək.

 

4 kəndin Azərbaycana təhvil verilməsi və Konstitusiyaya dəyişikliklər mövzusu Paşinyan üçün erməni cəmiyyətinin müqavimət-etiraz potensialını yoxlamaq üçün sınaq səciyyəli idi.

 

Kəndlərlə bağlı proses, sərhədin demarkasiya və delimitasiyasının yaratdığı etirazlar Paşinyan hakimiyyəti üçün təhlükə səciyyəsində deyil.

 

Konstitusiyaya əlavələr və dəyişikliklərin təsbitlənməsi üçün keçirilməsi zəruri olan referendum İrəvandakı hakimiyyəti kütləvi etiraz dalğası ilə üzləşdirə ilər.

 

Məhz bu səbədən Nikol Paşinyan tələsmir.

 

Əslində, onu tələsdirməyə ehtiyac da yoxdur.

 

Əks təqdirdə hakimiyyətə Erməni Kilsəsi ilə “qarabağlılar klanı”nın təmsilçisi gələ bilər.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.