İşğal altında olan bölgəyə Ermənistandan səfərlərlə Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqları pozulurdu. Bu normaları pozanlara qarşı uyğun sanksiyalar tətbiq olunurdu.
İndi Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazilərinin bütövlüyünü və suveren hüquqlarını bərpa edib. Regiona bütün səfərlər sərbəstdir. Düzdür, mina təhlükəsizliyi baxımından müəyyən problemlər qaldığı üçün hələlik ziyarət nəzarət altında reallaşır.
Ancaq Füzuliyə, Ağdama, Şuşaya, Laçına, Zəngilana, Qubadlıya, Kəlbəcərə səfərlə Gəncə, Quba, Şəki, Lənkəran, Yevlax, Bərdəyə səyahət arasında heç bir fərq yoxdur. Çünki hamısı Azərbaycan torpağıdır. Ölkənin bütün bölgələrində dövlət qurumları fəaliyyət göstərir və Azərbaycan hakimiyyətinin nəzarəti altındadır.
Bu yaxınlarda ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi və xanımı Danusya Libbi Qubaya səfər ediblər. Onlar Qırmızı Qəsəbədə olublar. Qonaqlar yəhudilərin Pesax bayramını qeyd etmək üçün Dağ yəhudiləri icmasının nümayəndələri ilə görüşüblər. Eləcə də sinaqoqlara, muzeylərə və Tağlı Körpüyə baş çəkiblər.
Ancaq təəssüf ki, səfir Mark Libbi bir neçə gün əvvəl Şuşaya səfər etməməsi ilə bağlı özfəaliyyətə yol vermişdi. O bunun səbəbini belə açıqlamışdı: “Azərbaycan ərazisində səfərləri səfirlik planlaşdırır”.
Səfir bildirmişdi ki, bu ərazilərə səfərlər bir az fərqli və bir az daha çox koordinasiya tələb edir: “Ancaq mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm. Odur ki, bunu etməyin vaxtı gələndə, mən bunu edəcəyəm”.
Qaydalara əsasən, ölkədə fəaliyyət göstərən səfirlər dövlət tədbirlərinə dəvət edilirlər. Bununla belə həmin mərasimlərdə iştirak edib, etməmək səfirin müstəsna hüququdur. O bu barədə mütləq öz ölkəsinin Xarici İşlər Nazirliyinə məlumat verir. Bundan başqa səfir öz dövləti ilə fəaliyyət göstərdiyi ölkə arasında münasibətlərin normallaşması istiqamətində çalışmalıdır. Onun xidmət etdiyi dövlətə yanaşması fərdi sayıla bilməz. Azərbaycanla ABŞ arasında münasibət normaldır. Bu baxımdan səfirin “şou” ilə bağlı açıqlamasının ölkələrarası münasibətə təsir etməsi mümkün olmasa da, “dəyirmana su tökməyə” oxşayır.
Ancaq 2022-ci ilin yayında Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Bakı Enerji Forumu çərçivəsində Şuşa şəhərində təşkil olunan xüsusi sessiyaya qatılmışdı. Onun bu addımı ölkə ictimaiyyəti tərəfindən xoş qarşılanmışdı. Bu addım həm də Azərbaycanın ərazi bütövlüyünə hörmət sayılır.
Səfir Mark Libbi də bəhs etdiyimiz açıqlamasından bir həftə sonra Şuşaya səfər etməklə Azərbaycan-ABŞ münasibətləri ilə bağlı yayılan dedi-qodulara bir zərbə vurub. Onun “Şuşada olduğuma görə xoşbəxtəm” açıqlaması ölkələrarası əlaqələrə xoşməramlı ismarış da sayıla bilər. Bu səfərə iki aydır hazırlaşdıqlarını, qonaqsevərliyə görə təşəkkürünü özünəməxsus üzrxahlıq kimi də qiymətləndirmək olar. Mark Libbinin sosial şəbəkədə “Azərbaycanın bütün bölgələrinə səfərlərimi davam etdirməyi səbirsizliklə gözləyirəm" paylaşımı indiki məqam üçün yerinə düşür.
Bütün hallarda səfir 30 il ərzində Ermənistanın və havadarlarının işğal altında törətdikləri vəhşiliklərin izlərini əyani olaraq görüb. O, regionda davam edən bərpa və yenidənqurma işlərinə də şahid olub.
Bu, əslində ABŞ səfirinin Şuşaya gecikmiş səfəridir. Çünki Ştatlar vaxtı ilə Azərbaycan torpaqlarının işğal altında olduğunu qəbul etmişdi və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə səs vermişdi. Hətta Ermənistanın işğalı altında olan səkkiz kənddən dördünün Azərbaycana qaytarılmasını, iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyasını müsbət qarşılamışdı.
Bu məntiqlə torpaqlar azad edildikdən sonra həmin əraziyə səfər etməmək, buna siyasi, beynəlxalq əhəmiyyətli don geyindirmək məntiqli deyil.
Digər tərəfdən, ABŞ Prezidenti Cozef Bayden Prezident İlham Əliyevə dəfələrlə məktub ünvanlayaraq Cənubi Qafqazda Azərbaycanla əməkdaşlıq edəcəklərini vurğulayıb. Məsələn, ötən ilin mayında göndərdiyi məktubda o vurğulamışdı: “30 ildən artıq bir dövrdə Azərbaycan və Amerika Birləşmiş Ştatları transmilli təhlükələrlə mübarizədən inklüziv iqtisadi inkişafa qədər möhkəm tərəfdaşlıq yaradıb. Azərbaycan təhlükəsiz enerji təchizatına olan tələbatın ödənilməsinə yardım etməkdədir - bura Cənub Qaz Dəhlizi daxil olmaqla, Orta Dəhlizin inkişafı və enerji çevikliyini gücləndirən enerjinin şaxələndirilməsinin artırılması daxildir”.
Prezident İlham Əliyevlə ABŞ dövlət katibi Antoni Blinken arasında bu ilin ilk dörd ayında bir neçə təmas olub. Fevralın 17-də Münxendə dövlət başçısı ilə dövlət katibi arasında görüş keçirilib. Görüşdə tərəfləri maraqlandıran məsələlər müzakirə olunub. O, Azərbaycanın COP29 rəhbərliyini öz üzərinə götürməsini vacib sayaraq, buna ciddi dəstək verəcəklərini bildirib. Növbəti təmas isə aprelin 3-də reallaşıb. Antoni Blinken Prezident İlham Əliyevə zəng edərək aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüş barədə məlumatlandırıb.
Bu kimi təmaslardan göründüyü kimi Azərbaycanla ABŞ yaranmış problemləri və ya ziddiyyətli məsələləri müzakirə yolu ilə həll edə bilir.
Səfir Mark Libbinin Şuşaya səfəri Dövlət Departamentində də mənfi qarşılanmayıb. Qurumun rəsmi nümayəndəsi Metyu Miller səfirin Şuşaya səfəri ilə bağlı ünvanlanan suala cavabında deyib: “Heç bir şərhim, yaxud gözləntim yoxdur”.
Bu, səfirin Şuşa səfərinə, onunla bağlı yayılan müxtəlif məzmunlu fikirlərə, demaqogiyaya nöqtə qoyulması kimi də dəyərləndirilə bilər. Mark Libbiyə Azərbaycanın başqa bölgələri də “Xoş gəlmisiniz” deyər, lap Şuşadakı kimi o da özünü xoşbəxt hiss edər. Odur ki, səfirin Azərbaycanın növbəti bölgəsinə ziyarəti xəbərini gözləyək.(“Report” İA)