Ermənistan Həvariyun (Apostol) Kilsəsinin (EAK) Tavuş (Tovuzqala) yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyan şənbə günü səhərdən partiya nümayəndələri ilə görüş keçirib və hakimiyyətin dəyişdirilməsi məsələsini müzakirə edib.
Senzor.az bildirir ki, bu barədə B.Qalstanyan özü məlumat verib.
O qeyd edib ki, siyasi qüvvələr onun - Baqrat Qalstanyanın “Vətən naminə Tavuş” etiraz hərəkatının baş nazirliyə namizədi olmaq arzusunu ifadə ediblər.
Amma arxiyepiskop dərhal onu da əlavə edib ki, bu məsələ ilə bağlı hələlik qərar verilməyib. Düzdür, o qeyd edib ki, görüşdə iştirak edən bütün qüvvələr Hərəkatla həmrəylik ifadə edib və əməkdaşlığa hazırdırlar: "Lakin bu, sadəcə bir arzudur, qərar deyil, mən hələ bu barədə katolikosla da danışmalıyam".
Belə bir görüş isə mayın 26-na təyin edilib. Onun sözlərinə görə, xalq onun namizədliyini irəli sürməli və təsdiq etməlidir. Eyni zamanda, siyasi qüvvələr onun heç bir ümumi bəyanat qəbul etməmək təklifi ilə razılaşıblar.
Arxiyepiskop təəssüflə bir məqamı da qeyd edib: “Masa arxasında oturan insanlar arasında elələri var idi ki, başqa şəraitdə bir-biriləri ilə salamlaşmırlar”.
Əvvəllər baş nazir Nikol Paşinyanı dəstəkləyən şəxslərin Hərəkata qoşulması ilə bağlı iradlara cavab olaraq o, “bunda heç bir qəbahət olmadığını” deyib. Onun sözlərinə görə, Hərəkat birlik tərəfdarıdır və insanları müxtəlif kateqoriyalara bölmür.
“Əsas odur ki, Hərəkatın strategiyası və hədəfi var və biz geri çəkilmək fikrində deyilik”, - deyə arxiyepiskop çıxışını yekunlaşdırıb.
Senzor.az