Rusiya Xankəndidə niyə konsulluq xidməti açmaq istəyir? Axı Xankəndidə Rusiya vətəndaşı yoxdur, hərbçiləri də bölgəni tərk edib.
Senzor.az bildirir ki, bunları politoloq Elxan Şahinoğlu Rusiyanın Xankəndidə konsulluq açmaq istəyinə münasibət bildirərkən deyib.
O hesab edir ki, bu addım Azərbaycanın maraqlarına cavab vermir: “Türkiyənin Şuşada konsulluq xidməti açılmadan Rusiyanın Qarabağda konsulluq xidmətinin açılması doğru deyil. Görünür, Kreml konsulluq xidməti vasitəsilə yenidən Qarabağa qayıtmaq və itirdiyi mövqeləri bərpa etmək istəyir. Bu isə Azərbaycanın maraqlarına cavab vermir”.
Xatırladaq ki, dünən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin bildirmişdi ki, Rusiya Xankəndidə yaxın vaxtlarda baş konsulluğunun açılışı üçün hazırlıqlara başlayacaq və bu işdə Azərbaycanın dəstəyinə ümid edir. O həmçinin vurğulamışdı ki, baş konsulluğun 2024-cü ildə açılması yaxşı olardı.