Azərbaycan və Türkiyə arasında energetika sahəsində əməkdaşlıq bütün regiona fayda verib.
Senzor.az bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsinin açılış mərasiminin iştirakçılarına müraciətində belə deyilir.
Müraciəti Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar oxuyub.
"Biz iki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirmək niyyətindəyik. Bakı Enerji Həftəsinin Azərbaycan və Türkiyə arasında əməkdaşlığımızın dərinləşməsinə vəsilə olacağına və bölgəmizdəki sülh və sabitliyə töhfə verəcəyinə ümid edirəm.
Can Azərbaycanla münasibətlərimiz hər sahədə olduğu kimi, enerji sahəsində də güclüdür. Uzun illərə söykənən Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum boru xətləri və TANAP-la taclandırdığımız əməkdaşlığımız Türkiyə və Azərbaycana fayda verməklə yanaşı, bölgənin və Avropanın enerji təhlükəsizliyinə mühim töhfələr verib. Türkmənistanda istehsal ediləcək qazın birgə səylərimizlə Türkiyəyə və Avropaya nəql edilməsi və TANAP-ın həcminin genişləndirilməsi artıq sadəcə zaman məsələsidir. Bu mövzuda görülən işlərin çox yaxın zamanda nəticə verməsi şübhəsiz ki, Türkiyə və Azərbaycanın bir başqa ortaq uğuru olacaqdır", - Türkiyə Prezidentinin müraciətində bildirilib.