İstanbulda Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra sosial media vasitəsilə insanları aksiyaya çağıran 138 şübhəli saxlanılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, polis 21-24 mart tarixləri arasında sosial şəbəkələrdə insanları küçəyə çağıraraq vətəndaşlarda qorxu və təşviş yaradan, nifrət və düşmənliyə sövq edənlərə qarşı fəaliyyətə başlayıb.
Əməliyyat tədbirləri zamanı martın 21-də üç şübhəli saxlanılıb. Onlar məhkəmənin qərarı ilə həbs olunublar.
Martın 22-də saxlanılan 58 şübhəlidən altısı ev dustaqlığına buraxılıb, ikisi isə həbs edilib. Digər şübhəlilər də şərti olaraq sərbəst buraxılıblar.
Martın 23-də beş şübhəli saxlanılıb. Onlardan biri həbs olunub.
Martın 24-də saxlanılan 72 şübhəli ilə bağlı araşdırmalar davam etdirilir.