
Moskva və Bakı münasibətlərdəki böhranı aradan qaldırıblar, növbəti addım ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi olmalıdır.
Senzor.az bildirir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Təhlükəsizlik Şurası nümayəndələrinin müşavirəsində deyib.
"Məmnuniyyətlə qeyd edirik ki, Moskva və Bakının birgə səyləri nəticəsində ikitərəfli əlaqələrdəki son böhran dövrü aradan qaldırılıb. İndi əsas məqsəd Rusiya-Azərbaycan əməkdaşlığının liderlərin əldə etdiyi razılaşmalara uyğun olaraq davamlı şəkildə inkişaf etdirilməsidir", - o qeyd edib.
Şoyqunun sözlərinə görə, Rusiya və Azərbaycan münasibətləri ən yüksək səviyyədə imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə də daxil olmaqla ikitərəfli müqavilə-hüquq bazası, eləcə də mehriban qonşuluq və tərəfdaşlıq prinsipləri əsasında inkişaf etməlidir.
S.Şoyqu onu da bildirib ki, Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək.
O, İrəvanın NATO ilə əməkdaşlığı genişləndirmək istəyinə və Avrasiya İqtisadi İttifaqı və KTMT-yə qarşı istehlakçı münasibətinə işarə edib.
Şoyqu qeyd edib ki, Rusiya Cənubi Qafqazda sülhün, cənub tərəfdaşları ilə ünsiyyətin və təhdidlərin olmamasının təmin edilməsində maraqlıdır: “Cənubi Qafqazda Qərbə yalnız resurslar və logistika marşrutları üzərində nəzarət lazımdır. Qərbin planlarına Rusiyanın Qlobal Cənubla qarşılıqlı əlaqələrini azaltmaq və onu qlobal proseslərdən təcrid etmək daxildir. ABŞ-la Avropa Rusiya və İranın mövqelərini zəiflətməkdə və Cənubi Qafqazda öz qaydalarını yaratmaqda maraqlıdırlar”.
O, “Qərbin Gürcüstandakı siyasi vəziyyətə həyasızcasına müdaxilə etməyə çalışdığını, Rusiyanın isə Gürcüstanla iqtisadi və humanitar əlaqələrin inkişafına kömək etməyə hazır olduğunu” da vurğulayıb.