Tanınmış hüquqşünas Akif Çovdarovla Vidadi Zeynalovu debata çağırdı
“ONLAR HƏMİN ƏMLAKLARI HARADAN ƏLDƏ EDİBLƏR?”

 

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov Bakı Apelyasiya Məhkəməsinə yenidən müraciət edib.“Qaynarinfo”nun məlumatına görə, sabiq məmur bu dəfə ailəliklə cavabdeh qismində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsini məhkəməyə verib. İddiaçı qismində Vidadi Zeynalovla bərabər, oğlanları Zeynal Zeynallı və Pərviz Zeynalov, qızı Lalə Zeynalova, həyat yoldaşı Zeynalova Natəvan Hüsü qızı, qohumu Zeynalova Şura Məhəmməd qızıdır. Qeyd edək ki, Vidadi Zeynalov məhkəmələrdə dəfələrlə uduzsa da, həbs qoyulan 43 milyonluq   əmlaklarını yenidən geri  istəyir. O, iddia edir ki, bu əməlakları halal yolla əldə edib. Amma heç kəsə sirr deyil ki, V.Zeynalov sabiq Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovla əlbir olaraq rəhbərliyində təmsil olunduğu qurumda böyük rüşvət şəbəkəsini qurubmuş.

 

Vidadi Zeynalovun geri almağa çalışdığı əmlakların siyahısınında  Nərimanov rayonunda ümumi dəyəri  21 milyon olan qeyri-yaşayış sahəsi və evlər var.  Xətai rayonunda iki mənzil də var ki, onların da toplam dəyəri 650 min manatdan çoxdur. Yasamal rayonunda 5 mənzili də geri istəyirlər ki, onların da toplam dəyəri 700 min manatatdan artıqdır.   Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Malik-Aslanov küçəsi, 5C saylı ünvanda yerləşən qeyri-yaşayış binasının (Zeynalova Lalə Vidadi qızının adına) dəyəri isə 2 milyon 45 min manatdır. Qaradağ rayonu, Sənqəçal və  Şanqar qəsəbəsində iki torpaq sahəsinin (Zeynallı Pərviz Vidadi oğlunun adına) dəyəri  1 milyon 600 min manatdan çoxdur.

 

Bundan başqa Qəbələ rayonu  Bum kəndində 300 min manatadək torpaq sahələri də  geri istənilən əmlaklar sırasındadır. İsmayıllı rayonunda 8 müxtəlif torpaq sahələri də Zeynanolovların əmlakları sırasındadır.   Üzərinə həbs qoyulmuş əmlakların ümumi dəyəri isə 43 milyon 489 min 537 manat təşkil edir.

 

Yada salaq ki, Vidadi Zeynalov "MTN işi”nə görə həbs edilən məmurlardandır. O, 2015-ci ilin noyabr ayının 13-də həbs edilib. 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən Vidadi Zeynalov 73 milyon 590 min manat məbləğində dövlət vəsaitinin mənimsənilməsi və israf edilməsinin təşkilində təqsirləndirilirdi. O,   2019-cu ilin mart ayında azadlığa buraxılıb.

 

Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi ilə bağlı müsadirə olunmuş əmlaklar geri qaytarılıb. Bu barədə Bakı Apelyasiya Məhkəməsi qərar qəbul edib. Hakim Habil Məmmədovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə müsadirə olunmuş əmlaklar sahiblərinə geri qaytarılmalıdır. Bazar dəyəri 30 milyon manata yaxın qiymətlındirilmiş sözügedən əmlaklar Akif Çovdarovun ailə üzvlərinə məxsusdur. Xatırladaq ki, Akif Çovdarov da 2015-ci ildə həbs olunub. Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunan general-mayor Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib. Prezident İlham Əliyevin 2020-ci ildə imzaladığı əfv sərəncamı ilə Akif Çovdarov azadlığa buraxılıb.  

Tanınmış hüquqşünas Əkrəm Həsənov deyir ki, Azərbaycan hüquqi dövlət olsaydı, belə işlərə normal baxılardı: “Akif Çovdarovun, Vidadi Zeynalovun  əmlaklarının geri qaytarılması əslində hüquq mühafizə orqanlarının bu şəxslərə qarşı səhv etdiyini ortaya qoyur. Məhkəmələr də prokurorluğun səhvlərini düzəldir. Normal hüquqi dövlətdə belə şeylər ola bilir. Bu gün istəsələr xarici təşkilatlarda bunu belə də təqdim edə bilərlər. Deyə bilərlər ki, Akif Çovdarova, Vidadi Zeynalova qarşı haqsızlıq olub, onların əmlakları olaraq müsadirə edilən əmlaklar əslində onların olmadığı təsbit olunub deyə geri qaytarılıb. Məntiqi işə salsaq, görərik ki, əslində bu adamların əmlaklarının geri qaytarılması   qanunsuzdur. Mən Akif Çovdarovla Vidadi Zeynalovu debata çağırıram. Haradan əldə ediblər həmin əmlakları? Deyə bilərlər ki, halal yolla qazanıblar. Azərbaycan qanunlarına görə heç kimdən əmlakının mənbəyi haqda soruşula bilməz. Mən desəm ki, 2005-ci ildə Azərbaycan BMT-nin Korrupsiyaya qarşı Mübarizə Konvensiyasına qoşulub və həmin ildə Azərbaycan dövləti “Korrupsiyaya Qarşı Mübarizə haqqında” “İctimai xarakterli məlumatların ictimailəşdirilməsi haqqında” Qanunları qəbul edib. Bu qanunlara görə hər bir məmur, hər il yanvarın əvvəlində özünün və onunla birgə yaşayan şəxslərin gəlirləri, mal-mülkləri haqda bəyannamə verməlidir. Həmin qanunda yazılıb ki, məmurların təqdim etməli bəyannamə forması Nazirlər Kabineti tərəfindən hazırlanmalıdır. Lakin ötən illər ərzində Nazirlər Kabineti bəyannamə formasını təqdim etməyib. Akif Çovdarov da, Vidadi Zeynalov da deyə bilərlər ki, mən nə edim ki, bu forma yox idi. Deyə bilərlər ki, Nazirlər Kabineti bəyannamə formasını təqdim  edərdi, mən də gəlirlərim, mal-mülküm haqda bəyannamə verərdim. İndilik isə heç bir məmur mal-mülkü, gəlirləri haqda məlumat vermək imkanında deyil. Hansını danışdırsan, deyəcək ki, bəyannamə formasını ver, mən də tələb olunan məlumatları bölüşüm. Bu gün baş verənlərdə günahkar dövlətdir. Dövlət Nazirlər Kabinetinin simasında bəyannamə formasını təqdim etmir. Bu gün artıq 17 ildir ki, bəyannamə forması ortaya qoyulmur və məhkəmə hüquq islahatlarından danışılır. 

 

Azərbaycanda reallıqda məhkəmə hüquq sahəsində islahatlar getmir. Bu gün Akif Çovdarov, Vidadi Zeynalov bu qanunlara istinad etmədən mənimlə şəffaf olaraq danışmağa hazırdırlarsa, gəlsinlər. Yox, əgər dövlətin yol verdiyi boşluqlardan sui-istifadə edəcəklərsə, bu halda sussunlar!”

 

Hüquqşünas deyib ki, Azərbaycan qanunvericiliyi bu gün korrupsiya ilə mübarizə aparmır, daha çox korrupsiyanın əl-qol açmasına kömək edir: “Məmurlar bəyannamə vermir, Daşınmaz Əmlak Reyestri qapalıdır. Bu məmurların büdcə pullarını necə istəyirlərsə, elə də talamasına yol açan əsas amillərdir. Sadə vətəndaş da oturub düşünür ki, dövlət büdcəsini talamaq istəyən gərək Akif Çovdarov, Vidadi Zeynalov kimi talasın. Adamlar açıq-aşkar dövlətə də, cəmiyyətə də meydan oxuyurlar. Bu adamlar nəyə güvənirlər? Dövlət əslində bu cür davranışa dözməməlidir. Dözəcəksə, deməli bu adamlardan çəkinəcəyi var. Təsəvvür edin ki, Akif Çovdarov, Vidadi Zeynalovun barələrində Azərbaycan Respublikası adından hökm çıxarılıb. Həmin hökmlə hər iki şəxs cinayətkar elan olunub. Hər iki şəxsin əmlakları müsadirə edilib. Cəzanı tam çəkməmiş, heç yarısını çəkməmiş azadlığa çıxıblar və sakit oturmaq əvəzinə mal-mülk davası da açırlar. Bu gedişat bu gün dövlət işində işləyənlərdə cinayət törətməyə həvəs oyadacaq. Büdcə puluna əli çatan hər kəs oğurluğa meyllənəcək, ən başlıcası isə Akif Çovdarov və Vidadi Zeynalov kimi kompromat yığmağa çalışacaq ki, həbs olunanda özünü, oğurladıqlarını qoruya bilsin”.

 

Hüquqşünas deyib ki, dövlət tez bir zamanda hər iki şəxslərə bağlı yeni araşdırmalar aparmalı və qanuni tədbir görməlidir.


Elşən MƏMMƏDƏLİYEV (“Yeni Müsavat”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.