ABŞ Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Rusiya qüvvələri İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı şəxsi heyəti rus hərbçilərinə “Şahed-136” PUA-larından istifadəni öyrətmək üçün Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinə gətirib. Bildirilib ki, iranlı təlimatçılar Ukraynada, o cümlədən Nikolayev və Odessa vilayətlərində mülki hədəflərə pilotsuz təyyarələrin buraxılmasına birbaşa nəzarət edirlər.
Təxminən bir ay əvvəl İran istehsallı PUA- ların Ukraynadakı savaşda iştirak etməsinə dair məlumat yayılmışdı və bu, ciddi ajiotaja səbəb olmuşdu. İran XİN indiyədək bunu təkzib edir, Rusiyaya PUA vermədiyini bildirir. Amma fakt ondan ibarətdir ki, İran texniki vasitələri Ukraynadakı savaşda iştirak edir. Və əslində siyasi məntiq də onu deməyə əsas verir ki, Tehran Moskvaya yardım etməlidir. Bu müharibədə Rusiyanın uduzması İran üçün o qədər də arzuolunan deyil.
Görünür, İran Rusiyaya dəstəyini artırmaq qərarına gəlib. ABŞ-ın Müharibə Tədqiqatları İnstitutunun yaydığı məlumat da məhz bu baxımdan qiymətləndirilməlidir.
Əslində İranın Rusiyaya dəstəyinin artacağı gözlənilən idi. Hətta istisna deyil ki, müharibə bir az da davam edərsə, İran döyüşlərin birbaşa iştirakçısı olacaq. Bütün hallarda yaxın gələcəkdə Kiyevlə Tehran arasındakı əlaqələrin bir az da gərginləşəcəyi mümkündür. Bu XİN, hətta dövlət başçıları səviyyəsində müşahidə oluna bilər.
İranın Rusiyaya artan yardımları, əlbəttə, bir sıra Qərb ölkələrinin, o cümlədən ABŞ - ın ürəyincə deyil. Vaşinqtonla Tehran arasındakı münasibətlər məlumdur. Ağ Evin əsas rəqiblərindən biri də cənub qonşumuzdur. Bu mənada İranın Ukraynada Qərbin maraqlarına zidd hərəkət etməsi, əlbəttə, tərəflər arasında gərginliklə nəticələnə bilər. ABŞ - ın yaxın gələcəkdə İrana əlavə sanksiyalar tətbiq edəcəyi istisna deyil. Yəni İranın Ukraynadakı savaşda iştirakı təkcə regional yox, həm də qlobal xarakter daşıyır. Bu həm də Rusiyanın tədricən zəiflədiyini göstərir.
Ukraynadakı döyüşlər indiyədək lokal xarakter daşıyırdı. Amma bundan sonra müharibənin miqyasının genişlənəcəyi və dünya savaşının elan olunacağı heç də utopiya deyil.
Kənan Novruzov,
siyasi ekspert