“Biz yüngül silahlar, helikopterlər, haubitsalar, pilotsuz uçuş aparatları və gəmilər istehsal edirik. Onları dost və qardaş ölkələrə ixrac edirik”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
"Biz bu səviyyəni daha da irəli aparmalıyıq. Geriyə nə qaldı? Təyyarə qaldı, tank qaldı. Biz həm təyyarələr, həm də tanklar istehsal edəcəyik. Şükürlər olsun ki, bunun üçün işçilərimiz, infrastrukturumuz, mühəndislərimiz var. Bir tərəfdən vəqf şirkətləri, universitetlər, digər tərəfdən özəl şirkətlər və ictimaiyyət - bunlar bir yumruq kimi işləyir.
Ölkəmizin təhlükəsizliyi, yaşaması və rifahı baxımından biz yerli və milli səviyyədə ordumuzun istəklərinə cavab verməliyik. Bu, lüks və ya seçim deyil, zərurətdir. Bunu gələcəyimiz və yaşamağımız baxımından etməliyik, ümid edirəm ki, bunu da edəcəyik”, - deyə H.Akar vurğulayıb.