"Roma və Milanın rəhbərləri ilə birlikdə Britaniyanın yürütdüyü siyasət nəticəsində Maltada əziyyət çəkən maltalıların dözülməz vəziyyətini müzakirə etdik. İtaliya və Almaniya birlikdə fəaliyyət göstərməlidir".
İkinci Dünya Müharibəsindən əvvəl "duçe" Benito Mussolininin təyin etdiyi merlərdən olan, "Milli Faşist Partiyasının" (Partito Nazionale Fascista; PNF) funksionerlərindən biri Covanni Orqera 1939-cu ildə belə demişdi.
"Parislə Marselin merləri Ann İdalqo və Benua Payyanla birlikdə Azərbaycanın ucbatından Dağlıq Qarabağda dözülməz vəziyyətldə üzləşmiş minlərlə erməninin yaşamını müzakirə etdik. Fransa və Avropa birlikdə fəaliyyət göstərməlidir", - bunu isə Fransanın Lion şəhərinin meri Qreqori Duse "Liberation" qəzetinə verdiyi müsahibəsində deyib.
İndisə Qreqori Duse İrəvana səfər edib. Səbəb şəhərin hazırda "Kond" adlanan səmtinin "rekonstruksiya və yenidənqurma"sıdır.
İrəvandakı "YerevanProject" şirkətinin və Lion meriyasının birlikdə hazırladıqları layihə ilə bağlı olaraq Qreqori Duse Ermənistan paytaxtının vitse-meri Tiqran Avinyanla birlikdə məhəlləyə baş çəkib.
"Yaxın vaxtlarda fransız və erməni mütəxəssislər işə başlayacaqlar. Prosesə məhəllənin sakinləri də cəlb olunacaqlar. Məqsədimiz tarixi məhəllənin ilkin koloritini qoruyub saxlamaqla şəhər mühitinin ənənəvi və yeni çalarlarını birləşdirməkdir", - İrəvan meriyasının yaydığı açıqlamada deyilir.
Ermənilərin "Kond" adlandırdıqları məhəllə əslində İrəvanın ən qədim məhəllələrindən biri olan "Təpəbaşı"dır.
Məhəllə qədim azərbaycanlı şəhəri olan İrəvanda Zəngi çayı ilə Şəhri məhəlləsinin arasındakı təpəlikdə yerləşir, şəhərin qərb hissəsini əhatə edirdi. Təpəbaşı məhəlləsini Şəhri məhəlləsindən İrəvanın adlı-sanlı adamlarının çoxsaylı bağları ayırırdı. Hüseynqulu xana məxsus məşhur Xan bağı da burada yerləşirdi.
1728-ci ildə tərtib olunmuş osmanlı «Müfəssəl dəftər»inə görə, bu dövrdə İrəvan şəhəri 4 məhəllədən («Köhnə şəhər», «Dəmirbulaq», «Dərəkənd», «Təpəbaşı») ibarət olmuşdu.
Şəhərin Təpəbaşı hissəsində Kənəkir yolundan solda yerləşən Abihəyat məhəlləsi, Zəngi çayının solunda, Kənəkir kəndindən aşağıda yerləşən Qızılqala məhəlləsi; Zənginin həmin tərəfində, Qızılqala məhəlləsindən aşağıda yerləşən Dərəbağ məhəlləsi; körpüdən yuxarıda, həmin yerdə yerləşən Dərəkənd məhəlləsi; Zənginin o biri tərəfində, Dərəbağla üz-üzə yerləşən Dəlmə məhəlləsi və Noraguğ məhəlləsi vardı.
Təpəbaşı hissəsində 1 xan ailəsi, 12 bəy ailəsi, 6 mirzə ailəsi, 20 molla ailəsi və 10 seyid ailəsi yaşayırdılar.
Hazırda 13 hektara qədər kiçildilən Təpəbaşı məhəlləsi günümüzdə məhv olmaq və Yer üzündən silinmək təhlükəsi ilə üz-üzədir. Şəhərin Təpəbaşı hissəsinə ermənilərin köçürülməsi Çar Rusiyasının 1828-ci ildən sonra qonşu dövlətlərdən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi siyasəti ilə başlayıb. Köçüb gələn ermənilər sonradan Təpəbaşıda yerləşən Xan bağı adı ilə tanınan yerdə onlara ayrılmış torpaq sahələrində məskunlaşdırılıblar. 195 il öncə baş vermiş bu ilk etnik təmas Təpəbaşı hissəsinin etnik tərkibini dəyişə bilməyib və əzəldən bəri orada yaşayan azərbaycanlılar yenə də daimi sakinlər olublar. Bu gün belə bir tarixi abidənin - Təpəbaşının məhv edilməsinə dünya ictimaiyyətinin göz yumması yolverilməzdir. Çünki bu abidə dünya mədəni irsinin bir hissəsidir.
2022-ci il 4 fevral tarixində Azərbaycan, Fransa, Ermənistan liderlərinin və Avropa İttifaqı Şurası rəhbərinin videoformatda görüşünün nəticəsi olaraq həm də UNESCO-nun Ermənistana və Azərbaycana missiyalarının həyata keçirilməsi planlaşdırılmışdı. Azərbaycan cəmiyyəti UNESCO missiyasından, gedəcəyi ünvanlardan biri kimi Təpəbaşı məhəlləsinə baş çəkməsini gözləyirdi.
Azərbaycanın 102 nəfər tanınmış elm və ictimaiyyət xadimi İrəvan şəhərində yerləşən Təpəbaşı məhəlləsi ərazisində Azərbaycan xalqının irsinə qarşı həyata keçirilən mədəni soyqırımı ilə bağlı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlamışdı. Müraciətdə vurğulanırdı ki, İrəvan şəhərində Azərbaycan xalqına məxsus sonuncu maddi-mədəni irs nümunələri də məhv edilmək üzrədir. Təpəbaşı (ermənilər Kond adlandırırlar) İrəvan şəhərinin günümüzə qədər gəlib çatmış yeganə tarixi nümunəsidir.
Tarixi İrəvan şəhərinin özəyi sayılan bu hissə vahid tarixi-şəhərsalma mühitini özündə əks etdirir. XIX əsrin I yarısında Təpəbaşı hissəsində yerləşən küçə və məhəllələrin adları Azərbaycan adları idi. Məsələn, Dərəkənd, Axund, Xan bağları, eləcə də Əsəd bəy, Adalyar, Təpəbaşı, İmarət və Daşlı küçələrini sadalamaq olar. Hazırda Ermənistan Milli Arxivində saxlanılan kameral təsvirlər həmin küçə və məhəllələrin 190 il öncə inventarlaşdırılmasını və etnik tərkibini göstərən sübutlardır. Təpəbaşı öz memarlığı və tarixi ilə Azərbaycan tarixinin bir hissəsini təşkil edirdi. Vaxtilə azərbaycanlılardan ibarət olan bu məhəllənin etnik tərkibi tarixin üç mərhələsində (1918-1920-ci illər, 1948-1953-ci illər, 1988-ci illər) süni şəkildə dəyişdirilib və bu gün ermənilərdən ibarət monoetnik məhəlləyə çevrilib.
Ermənistanda azərbaycanlıların yaratdığı maddi-mədəni irs haqqında məlumatlar gizlədilir və hissə-hissə dağıdılır. Ermənistan rəhbərliyi bir müddətdir ki, Təpəbaşı hissəsini tamamilə dağıdaraq yerində müasir yaşayış binaları inşa etməyi planlaşdırırdı - həmin plan indi reallaşdırılmağa başlanıb. Onlar, bu yolla bir zamanlar İrəvanın sakinləri olan azərbaycanlıların sonuncu nişanəsini məhv etmək istəyirlər.
Xatırladaq ki, ermənilərin İrəvan şəhərində yerləşən maddi-mədəni irs nümunələrinin yaşı heç 200 ilə də çatmır. Bunun səbəbləri tarixşünaslıqda bəlli olsa da, dünya ictimaiyyəti bundan xəbərsizdir. Bəs nə üçün bu şəhərdə yaşı 200 ilə yaxın və daha çox olan heç bir maddi mədəniyyət nümunələri yoxdur və ya qalmayıb? Sualın cavabı çox sadədir. Bu abidələr Azərbaycan xalqına məxsus maddi-mədəni irs nümunələri olduğundan, ermənilər tərəfindən məhv edilib və günümüzə qədər gəlib çatmayıb.
Azərbaycan xalqına qarşı aparılan qeyri-insani siyasət Ermənistan tərəfindən Azərbaycan abidələrinə qarşı da davam etdirilib. Nəticə etibarilə, Azərbaycan xalqının İrəvan şəhərində mövcud olmuş İrəvan qalası, Xan sarayı, Abbas Mirzə məscidi, Zal xan məscidi, Dəmirbulaq məscidi, Sərtip xan məscidi, Hacı Novruzəli bəy məscidi, Hacı Cəfər məscidi, Qantar (bazarı) karvansarası, Hacı bəyim hamamı, Hacı Əli hamamı, Axund Şeyxülislam hamamı və bu kimi bir çox digər dini və tarixi abidələri məhv edilib. Hazırda İrəvanda mövcud olan iki məscidi – Hacı İmamverdi məscidi və Göy məscidi isə Ermənistan fars məscidi adlandıraraq taleyin hökmünə buraxıb. Bu gün XVII əsrə aid olan Hacı İmamverdi məscidi tamamilə yox olmaq üzrədir.
Və indi Ermənistanın hakimiyyət dairələri sonradan süni şəkildə, qədim Azərbaycan torpaqlarında yaradılmış bu dövlətin ərazisində qalmış son tarixi-mədəni irs nümunələrimizin sürətlə məhv edilməsinə Fransanı da böyük məmnuniyytələ əlavə ediblər.
Lion şəhərinin meri Təpəbaşında Hacı İmamverdi məscidinin qalıqlarının yanından keçərkən ona həmin tikilinin "fars məscidi" olduğunu deyiblər.
Duse də başını yellədərək təsdiqləyib.
Lion şəhərinin merinin ermənilərə olan "sevgisi" barədə danışmağa dəyməz, çünki Fransanın hakimiyyət və siyasi elitaları üçün Ermənistanla ermənilər daim istifadə materialı olub.
Fransadakı 300 minlik erməni diasporu fransız siyasətçilər üçün fasiləsiz qaydada, daima və dəyişmədən sadəcə, seçkilərdə səs mənbəyi qismində qəbul olunursa, rəsmi Paris üçün Ermənistan Cənubi Qafqaz bölgəsində təsir imkanlarının əldə edilməsi üçün rıçaqdır.
Eyni zamanda, Fransa isteblişmenti Azərbaycanın dövlət ideologiyasının və strateji fəaliyyət proqramının tərkib hissəsini təşkil edən "Böyük qayıdış"dan narahatdır.
Həmin qayıdış sadəcə, erməni işğalından azad edilmiş ərazilərə soydaşlarımızın qayıtmasını yox, həm də Qərbi Zəngəzura, tarixi torpaqlarımıza dönüşü nəzərdə tutur.
Ermənilərin fövqəladə sürətlə, tələsik olaraq tarixi irsimizin azsaylı qalıqlarını da məhv etmək, İrəvandakı Təpəbaşı kimi azərbaycanlıların mədəni irsini məhv etmək planları da bununla bağlıdır.
Tikililər sökülə, evlər dağıla, irs yerlə-yeksan edilə bilər, təbii. Bu, çətin proses deyil.
Tarixi silmək, məhv etmək və olmuşları yenidən, fərqli yazmaq isə mümkün deyil.
Ermənilər zamana qarşı mübarizə aparmaq istəyirlər. Zaman isə belə "mübariz"ləri həmişə, hər yerdə məğlub edib.
Əfsuslar olsun ki, ermənilərin belə nasist davranışını Liondan İrəvana gələrək italyan faşistlərinin bəyanatlarını təkrarlayan, özünü siyasətçi sayan, amma siyasətdə döşəmə taxtası qədər primitiv olan Qreqori Duse də dəstəkləyir.