Milli Məclisin və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfrans keçirilib.
“Report” xəbər verir ki, konfransın açılış mərasimində Milli Məclisin deputatı, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, qurumun İqtisadi məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Baş Komitəsinin sədri Azay Quliyev tədbir iştirakçılarını salamlayaraq, ATƏT-in 27 müxtəlif ölkəsindən və 4 beynəlxalq təşkilatdan bir çox nümayəndələrin toplantıya qatıldığını söyləyib.
Azay Quliyev milli iqtisadiyyatlarda "yaşıl" prinsiplərin həyata keçirilməsində parlamentlərin rolu, bu sahədə əlaqələrin, davamlı inkişafla bağlı təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb: “ATƏT regionunda daha ədalətli, davamlı və təhlükəsiz inkişafın təmin edilməsi üçün qarşıda duran hədəflər və atılacaq addımlar nəzərdən keçirilməlidir. Bölgəmiz üçün daha davamlı, daha ədalətli və daha təhlükəsiz gələcəyin təmin edilməsi baxımından qarşılıqlı hörmət və etimad üzərində əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edir”.
Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, ATƏT regionunda mürəkkəb təhlükəsizlik mühiti dövrünün pandemiyadan sonrakı iqtisadiyyatın bərpasındakı çətinliklər və digər çağırışlarla müşayiət olunduğu bir vaxtda, bugünkü konfrans davamlı inkişafda yaşıl iqtisadiyyatın və qarşılıqlı əlaqənin rolu kimi mühüm məsələlərə həsr olunub.
Bu məsələlərə qısa şəkildə münasibətini açıqlayan spiker Sahibə Qafarova bildirib ki, "yaşıl" texnologiyaların istifadəsi təkcə ətraf mühitin qorunmasını təmin etməyəcək, həm də yeni iqtisadi perspektivlər yaradacaqdır. Bu da davamlı inkişafın bütün aspektlərinə müsbət təsir göstərəcək. Əlbəttə ki, inklüziv yaşıl iqtisadiyyata keçid istər-istəməz tədricən olacaq və bir çox problemlərlə müşayiət ediləcək. Ancaq irəliyə doğru düzgün addımlar ataraq onu sabit və davamlı etmək olar.
Milli Məclisin sədri konfrans iştirakçılarına müraciətlə diqqətə çatdırıb ki, sabah Sizin bir qisminiz konfrans çərçivəsində Azərbaycanın Zəngilan rayonuna səfər edəcək. Siz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən 30 illik işğalının dağıdıcı nəticələrini öz gözlərinizlə görəcəksiniz. O illər Ermənistanın öz qonşusunun torpaqlarını işğal etdiyi illər kimi onun tarixinin ən utancverici səhifələrindən biri olacaq.
Çıxışlarda iqlim dəyişikliklərinin ölkələrin iqtisadiyyatına, ətraf mühitə, regional təhlükəsizliyə və sabitliyə mənfi təsirindən söhbət açılıb, insan fəaliyyətinin ətraf mühitə təsiri, təbii sərvətlərin istismarının ekoloji nəticələri ilə bağlı fikirlər səsləndirilib. Habelə, COVİD-19 pandemiyasının yaratdığı problemlərin, regional münaqişələrin iqtisadi və ekoloji baxımdan ciddi təhlükə doğurduğu deyilib.
Natiqlər yaşıl iqtisadiyyatın qlobal və yerli səviyyədə sosial-iqtisadi tərəqqinin və ətraf mühitin mühafizəsinin təmin edilməsində mühüm əhəmiyyət kəsb etdiyini söyləyiblər. Ekoloji təhlükəsizliyin təmin olunması və ətraf mühitin çirklənməsinin minimuma endirilməsi üçün mütərəqqi üsulların tətbiq edilməsinin önəmli olduğu vurğulanıb. Onlar alternativ və qeyri-ənənəvi vasitələrlə enerji mənbələrindən yararlanmağın həlli yollarının müəyyənləşdirilməsinin, bu sahədə potensial imkanlardan daha geniş istifadə etməyin zəruriliyini qeyd ediblər.
Çıxışlarda ekoloji problemlərin daxili potensial imkanlardan istifadə etməklə aradan qaldırılması ilə yanaşı, ətraf mühitdə baş verən neqativ dəyişikliklərin nəticələrinin qlobal səviyyədə həlli istiqamətində beynəlxalq səylərin artırılmasının və təcrübə mübadiləsinin vacibliyindən bəhs edilib. Bildirilib ki, yaşıl iqtisadiyyat, dayanıqlı inkişaf, təhlükəsizliklə bağlı məsələlərin həyata keçirilməsində beynəlxalq əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Qeyd olunub ki, ATƏT regionunda təhlükəsiz əməkdaşlığın inkişafı və sabitliyin qorunması üzv ölkələrin tərəqqisinə, xalqların milli maraqlarına xidmət edir.
Tədbirdə dayanıqlı inkişaf vasitəsi ilə təhlükəsizlik və sabitliyin təmin edilməsində, ətraf mühitin sağlamlaşdırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsində parlamentlərin xüsusi rolu qeyd edilib. Milli parlamentlər tərəfindən bu məsələlərin təşviqi ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində atılan addımların, bu sahədə təcrübə mübadiləsinin önəmli olduğu bildirilib.
Açılış mərasiminin yekununda Azay Quliyev çıxışçılara səsləndirdikləri maraqlı fikirlərə görə təşəkkürünü bildirib, konfransın işinə uğurlar arzulayıb, aparılan müzakirələrin faydalı olacağına əminliyini söyləyib.
Sonra tədbir iştirakçıları xatirə fotoları çəkdiriblər.
Konfrans öz işini panellərdə davam etdirib. “Dayanıqlı inkişaf və iqtisadiyyatın bərpasında yaşıl konsepsiya və texnologiyaların rolu” mövzusuna həsr olunmuş birinci paneli açan moderator, ATƏT PA-nın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə baş komitəsinin məruzəçisi Qudrun Kuqler (Avstriya) tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib. Mövzu ilə bağlı fikirlərini bölüşən moderator yaşıl iqtisadiyyata, yaşıl enerjiyə keçidin enerji təhlükəsizliyinin təmin olunmasındakı rolundan, bu keçidin müasir texnologiyaların və yüksək həyat standartlarının tətbiqinə təkan verməsindən bəhs edib.
Panellərdə iştirakçıların mövzu ilə bağlı şərhləri dinlənilib, sualları cavablandırılıb.
**11:44
"Yaşıl iqtisadiyyat" sabitliyə və bütün ATƏT ölkələrinə töhfə verir.
Bunu ATƏT Parlament Assambleyasının (PA) prezidenti Margareta Cederfelt Bakıda keçirilən “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransda bildirib.
O həmçinin deyib ki, "Yaşıl iqtisadiyyat" BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) bağlı birgə təşəbbüslərin reallaşdırılması ilə bağlı mühüm əhəmiyyət kəsb edir.
"Nəqliyyat və ticarətin sadələşdirilməsi insanların rifahına xidmət edir. Dayanıqlı inkişaf özündə ekoloji siyasəti, nəsillərin gələcəyini daha da təmin etmiş olur. Bu gün təhlükəsiz əməkdaşlığı müzakirə edəcəyik ki, bu da ATƏT in gündəliyində mühüm rol oynayır. Biz xalqımız tərəfindən seçilmiş nümayəndələrik və burda öz təcrübələrimiz hesabına ekologiyamızın daha da yaxşılaşdırılması üçün işlər görməliyik. Dünyamız çoxsaylı problemlərlə üzləşib. Bura sosial bərabərsizlik , artan qida qiymətləri daxildir və bunlar, həll yolları tələb edir. Rusiyanın Ukraynadakı müharibəsi kəskin su, qida, enerji böhranına səbəb olur. Pandemiya, Rusiya və Ukrayna müharibəsi mühüm iqtisadi münasibətlərin lazımi səviyyədə olmamasını göstərir. Biz münasibətlərimizi yenidən nəzərdən keçirməklə gələcək böhranlara daha dayanıqlı olmalıyıq. Sülh həmçinin yaşıl ekologiyadır. Biz daha təhlükəsiz ATƏT ölkələri üçün mübarizə aparmalıyıq", - deyə o vurğulayıb.
**10:21
Bakıda “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfrans keçirilir.
Senzor.az bildirir ki, konfransın təşkilatçıları ATƏT Parlament Assambleyası (PA) və Azərbaycan Milli Məclisidir.
Tədbirdə ATƏT Parlament Assambleyasının (PA) prezidenti Marqarita Sederfelt, Milli Məclisin sədri Sahibə Qafarova, deputatlar və xarici rəsmi şəxslər iştirak edirlər.
Konfrans çərçivəsində “Dayanıqlı inkişaf və iqtisadiyyatın bərpasında yaşıl konsepsiya və texnologiyaların rolu” və “Dayanıqlı inkişaf naminə beynəlxalq nəqliyyat və ticarətin asanlaşdırılması vasitəsilə təchizat zəncirlərinin davamlılığının gücləndirilməsi” mövzusunda panel müzakirələri keçiriləcək.
Daha sonra konfrans iştirakçıları Zəngilan rayonunun Ağalı kəndinə yola düşəcəklər.
Tədbirin rəsmi bağlanış mərasimi Bakıda olacaq.