Bütün diqqətlərin HƏMAS-İsrail savaşına yönəldiyi bir vaxtda, Qərb üçün ən arzuolunmaz durum Ukraynada yaşanır.
Ukrayna savaşını Rusiyanın zəiflədilməsi, Qara dəniz hövzəsindən sıxışdırılıb çıxarılması, Putinin hakimiyyətdən uzaqlaşdırılması və yerinə də Qərbyönümlü bir şəxsin gətirilməsi ssenarisinə çevirməyə çalışan, bu məqsədlə də 52 ölkədən ibarət hərbi koalisiya quran Qərbin ağzı Ukraynada artıq daşa dirənib.
Bütün dünyaboyu, xüsusən də Rusiya ilə həmsərhəd ölkələrdə formalaşdırdığı şəbəkələr vasitəsiylə Rusiyanın Ukraynada tezliklə məğlub ediləcəyi və Putinin də devriləcəyi təbliğatı aparılsa da, bununla digər qonşu ölkələrdəki hakimiyyətləri də antirus nifrəti üzərində Rusiyaya qarşı yeni bir cəbhənin açılmasına sövq etməyə çalışılsa da, Rusiya Ukraynanın ən varlı vilayətlərini işğal edib özünə birləşdirməklə və həmin ərazilərdə də çox ciddi müdafiə zolağı qurmaqla, Qərbin kiberməkan üzərindən apardığı təbliğatın üfürülmüş sabun köpüyündən başqa bir şey olmadığını ortaya qoydu.
Baxın, müharibənin rəsmən başladığı 2022-ci ilin 24 fevralından bu yana 630 gündən çox vaxt keçib, Rusiya isə bu müddət ərzində xeyli itkilər hesabına olsa belə, Ukaynanın Azov dənizinə çıxışını tamamilə qapadıb, Donetsk, Luqansk, Xerson, Zaporojye vilayətlərinin xeyli ərazilərini tutaraq özünə birləşdirib, 2014-cü ildə işğal etdiyi Krıma quru yol açmağa və bölgənin şirin su ilə təchizatına müvəffəq olub.
Bunun qarşılığında isə Qərb koalisiyası sanksiyaların əzici təsirini indi öz üzərində daha çox duyan cəmiyyətlərini və Rusiyaətrafı ölkələr qurşağını Ukraynanın 2023-cü ilin iyunun 4-dən rəsmən başladığı “4 aylıq əks-hücum” əməliyyatlarının uğurlu olacağına və bunun üçün də Ukrayna Silahlı Qüvvələrinə gərəkli dəstəyi verdiklərinə kökləsə də, artıq geridə qalan 6 ayın rəsmi statistikası Ukraynanın əks-hücum kampaniyasının da iflasa uğradığını göstərir: son 6 ay ərzində Ukrayna Silahlı Qüvvələri nəinki hər hansı strateji hərbi üstünlüyə, heç taktiki əhəmiyyətli bir şəhəri belə, tutmağa müvəffəq olmayıb!
Üstəlik, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının Qərbin böyük ümid bəslədiyi bu əks-hücum əməliyyatlarının yekununu elə Qərb mətbuatına - “The Economist”ə məqaləsində “Dalana dirənmişik. Yeni texnologiyalar olmasa, qələbə qazanmağımız mümkün deyil” formasında ifadə etməsi, əks-hücumlarının gözlədikləri kimi alınmamasını açıq şəkildə dilə gətirməsi və situasiyanın təhlili üçün çox gərəkli detalları açıqlaması artıq həm psixoloji, həm də təbliğati üstünlüyün tam şəkildə qarşı tərəfə - Rusiyaya keçdiyini göstərir.
Əgər bir Ordunun ən güvənilən və peşəkarlığı şübhə doğurmayan Komandanı bütün riskləri nəzərə alaraq açıqca deyirsə ki, “dalana dirənmişik, daha irəliləyə bilmirik”, deməli, o Ordunun şəxsi heyəti artıq tükənib, əsgərdə döyüş əhval-ruhiyyəsi, qələbə əzmi və iradəsi yoxdur!
Qələbəyə inamı və döyüş əzmi olmayan Ordu isə müharibədə heç vaxt qalib gələ, o ölkənin siyasi rəhbərliyi də danışıqlarda heç bir uğur qazana bilməz!
İndi 52 ölkənin dəstəklədiyi Ukraynada, faktiki olaraq, ikihakimiyyətlilikdir – bir tərəfdə, Qərbin təbliğat maşını vasitəsilə "Rusiyaya qarşı mübarizə aparan qəhrəman" obrazı yaradılmış və geriyə - Rusiya ilə danışıqlara yolu qapanmış Zelenski hökuməti var, o biri tərəfdə də real döyüş meydanında hər şeydən xəbərdar olan və bu müharibənin Ukraynanın müharibəsi olmadığını getdikcə daha dərindən anlayan, əsgərini Qərbin maraqları üçün qurban vermək istəməyən və əhali arsında çox populyar olan komandan Valeri Zalujnı...
Hər ikisi də artıq çox yaxşı dərk edir ki, Qərb bu savaşın yekununda onları Rusiya ilə sövdələşmənin əsas qurbanlarına çevirəcək.
Bu səbəbədən indi Zelenski də, Zalujnı da ya Rusiya rəhbərliyi, Putinin özüylə dil tapmağa, ya da ABŞ-dakı gələnilki seçkilərin nəticəsi bilinənədək vaxt udmağa çalışacaqlar.
Putinlə gizli danışıqlar Zelenskini bitirə bilər, Ordusunu qorumağa çalışan və Rusiya Baş Qərargahının rəisi Gerasimova rəğbətini heç vaxt gizlətməyən, onunla istənilən an rabitəyə çıxmaq imkanı olan Zalujnını isə yox... Hətta bunu nəzərə alaraq, hər ikisinin son bəyanatlarını Ukraynanın xilas etmək üçün razılaşdırılmış oyun kimi xarakterizə edənlər də az deyil.
...Ukrayna üzərində bir-biriylə savaşan tərəflərin hər ikisində - 2024-cü ilin martında Rusiyada, noyabrında isə ABŞ-da prezident seçkiləridir. Müharibə şəraitində olan Ukrayna isə gələn il seçkiləri keçirib-keçirməyəcəyinə hələ qəti qərar verə bilmir.
Bu üç ölkədən birində hakimiyyət dəyişikliyi Ukrayna savaşını yekunlaşdırmağa imkan verəcək. Gözləyək, görək, üçündən hansında dəyişiklik daha tez baş verəcək?
Mümkündür ki, bu gediş Ukraynanın özündə "razılaşdırılmış hərbi çevriliş" ssenarisinin tətbiqiylə də yekunlaşsın.