Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da mətbuata bəyanatlarla çıxış ediblər.
Senzor.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı
-Hörmətli cənab Baş nazir.
Hörmətli qonaqlar.
İlk növbədə, cənab Baş nazir, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Mən şadam ki, Baş nazir vəzifəsində fəaliyyətinizə başlayandan dərhal sonra Siz Azərbaycana səfər edirsiniz. Bu münasibətlə mən Sizə təşəkkürümü bildirdim. Eyni zamanda, Sizi bir daha Baş nazir vəzifəsində fəaliyyətə başlamağınız münasibətilə ürəkdən təbrik edirəm.
Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır. Biz təkbətək görüş əsnasında bir çox məsələləri geniş müzakirə etdik. Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır, bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər bu möhkəm zəmin üzərində qurulmuşdur.
Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Birgə həyata keçirdiyimiz infrastruktur layihələri - nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq. Xüsusilə nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması hesab edirəm ki, böyük nailiyyətlərdən biridir. Dediyim kimi, bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq.
Bu ayın əvvəlində Bakıda ənənəvi Cənub Qaz Dəhlizinin Məşvərət Şurası keçirilmişdir, Gürcüstan bu tədbirdə yüksək səviyyədə təmsil olunmuşdur. Bütün iştirakçılar bir daha gördülər ki, burada Azərbaycan, Gürcüstan və Türkiyə bu layihənin təşəbbüskarları kimi xüsusi rola malikdirlər. Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir. Ümumiyyətlə, Azərbaycan qazını alan ölkələrin sayı 8-ə çatıb və bu, son deyil. Yaxın gələcəkdə bu ölkələrin sayı artacaq və Azərbaycanın enerji resurslarına olan tələbatı ildən-ilə artır və artacaq. Biz dünya bazarlarının xüsusiyyətlərini yaxşı bilirik, mən dünya enerji bazarlarını nəzərdə tuturam. Yaxşı bilirik ki, Avropa qitəsində Azərbaycan qazına tələbat ildən-ilə artacaq. Bizim həm resurslarımız var, sərmayə qoymaq üçün maliyyə imkanlarımız var, Gürcüstan kimi etibarlı dostlarımız var ki, tranzit imkanları genişdir. Belə olan halda bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və burada Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir.
Təbii ki, biz yeni layihələr üzərində də işləyirik. Onlardan biri yaşıl enerji layihəsidir. Burada da Gürcüstan və Azərbaycan digər ölkələrlə bərabər çox böyük və genişmiqyaslı layihənin icrasına başlamışdır. Hesab edirəm ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcəkdir. Buna da böyük tələbat var. Həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var və biz hazırda texniki-iqtisadi əsaslandırma üzərində çalışırıq. Hesab edirəm ki, ilin sonuna qədər bu iş başa çatacaq və ondan sonra praktiki addımlar atılacaqdır.
Mən bir məsələni də qeyd etmək istəyirəm ki, aparılan düşünülmüş islahatlar nəticəsində Gürcüstanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür. Bu, xüsusilə indiki geosiyasi vəziyyəti nəzərə alsaq, böyük nailiyyətdir və biz bütün bu uğurlar münasibətilə gürcü qardaşlarımızı təbrik edirik.
Bizim ticarət dövriyyəmiz də artmaqdadır. Artıq 900 milyon dollara yaxındır və keçən il təxminən 15 faiz artıb. Gürcüstan Hökumətinin düşünülmüş islahat siyasəti nəticəsində ölkədə çox gözəl sərmayə iqlimi yaradılmışdır. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoymuşlar. Təbii ki, bunun əsas səbəbi gözəl investisiya iqliminin mövcudluğudur.
Eyni zamanda, bu gün biz ölkələrimizin ərazi bütövlüyü, suverenliyi ilə bağlı bir daha qarşılıqlı dəstək ifadə etdik və bu gün mətbuat qarşısında mən bunu bir daha demək istəyirəm. Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək. Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüququn normaları hər bir ölkə üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkilik ola bilməz. Azərbaycan uzun illər ərzində işğaldan əziyyət çəkmiş, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş ölkə kimi çox yaxşı bilir ki, beynəlxalq hüququn normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Bu yol da tamamilə qanunidir. BMT Nizamnaməsi hər bir ölkəyə özünü müdafiəetmə hüququ tanıyıb və Azərbaycan məhz bu hüquqdan istifadə edərək ərazi bütövlüyünü bərpa etmişdir.
Bir daha demək istəyirəm ki, Gürcüstanın Baş nazirinin - dost, qonşu və qardaş ölkənin rəhbərinin səfəri böyük əhəmiyyət daşıyır. Əminəm ki, bizim bu gün başlayan şəxsi tanışlığımız dostluğa çevriləcək, çünki xalqlarımız dost xalqlardır. Bizim nümayəndə heyətinin üzvləri bir-biri ilə uzun illər təmasdadırlar və onları da dostluq əlaqələri bağlayır. İki qardaş ölkə bundan sonra da əl-ələ verərək, çiyin-çiyinə irəliyə gedəcək və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəkdir.
Bir daha cənab Baş nazir Sizi salamlayıram, bir daha “Xoş gəlmisiniz!” deyirəm.
x x x
Sonra Gürcüstanın Baş naziri bəyanatla çıxış etdi.
Baş nazir İrakli Kobaxidzenin bəyanatı
-Hörmətli cənab Prezident.
Hörmətli media nümayəndələri.
Baş nazir seçilməyimdən sonra Azərbaycanda səfərdə olmağımdan çox məmnunam. Bizim üçün çox vacib idi ki, ilk səfərlərdən biri Azərbaycana edilsin. Mən cənab Prezident Əliyevə nümayiş etdirilən qonaqpərvərliyə görə təşəkkür edirəm.
Cənab Prezident, Siz də qeyd etdiyiniz kimi, bizim ölkələri tarixi dostluq bağları birləşdirir və bu münasibətlər çox möhkəm təməl üzərində qurulub. Əminəm ki, bu münasibətlər bundan sonra da eyni ruhda davam edəcək. Hazırda bizim siyasi, iqtisadi və digər sahələrdə çox gözəl dialoqumuz var, müsbət dinamikamız mövcuddur. Bizim niyyətimiz bu əməkdaşlığı və tərəfdaşlığı dərinləşdirməkdir.
Ölkələrimiz arasında siyasi tərəfdaşlığı bir daha qeyd etmək istərdim. Azərbaycana və Prezidentinə təşəkkür edirəm ki, hər zaman ölkəniz bizim ölkəmizin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Bildiyiniz kimi, Gürcüstan da hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
Bu gün bizim çox məhsuldar görüşümüz oldu, müxtəlif mövzulara toxunduq. Qardaş ölkələrimiz arasında qlobal siyasi hadisələri də müzakirə etdik. Ölkələrimiz arasında tərəfdaşlıq və dostluq həmin qlobal kontekstdə də olduqca vacibdir. Sülh məsələlərinə xüsusi diqqət yetirilməlidir və bizim mövqeyimiz ondan ibarət olmuşdur. Biz sabitliyə maksimum dərəcədə töhfə verməyə çalışmışıq. Biz gələcəkdə də regionumuzda bunu davam etdirəcəyik.
Bizim birlikdə təməlini qoyduğumuz bir sıra layihələr var və onlar strateji əhəmiyyət daşıyır. Gələcək üçün də çox böyük planlarımız var. Biz cənab Prezidentlə bir sıra layihələri müzakirə etdik, orada birgə iştirak imkanlarımız var. Bu sahədə işlər bizim üçün də çox önəmlidir. Eyni zamanda, ticarət məsələsini müzakirə etdik. Azərbaycan Gürcüstanın ilk beşlikdə yer alan ticarət tərəfdaşıdır və biz əminik ki, bu rəqəmlər getdikcə artacaq. Nəqliyyat, energetika sahələrində də çox mühüm potensialımız var və cənab Prezident artıq bunu qeyd etdi. Bu işlər davam etdiriləcək. Qarşılıqlı səfərlər davam edəcək. Nümayəndə heyətlərinin görüşləri davam edəcəkdir ki, bu sahələrdə də bizim əməkdaşlığımız dərinləşdirilə bilsin. Biz bu əməkdaşlığı irəliyə aparmağa tam şəkildə hazırıq.
Ümid edirəm ki, cənab Prezident tezliklə Gürcüstana səfər edəcək. Mən onu artıq dəvət etdim. Bu, bizim üçün çox böyük şərəf olardı. Bu səfər bizim əməkdaşlığımızın dərinləşdirilməsinə bir daha xidmət edəcək. Bir daha vurğulamaq istəyirəm ki, tərəfdaşlığımız mükəmməl səviyyədədir. Əlbəttə, hər zaman potensial var və biz bundan sonra da bu dostluğu, əməkdaşlığı və tərəfdaşlığı dərinləşdirmək üçün əlimizdən gələni edəcəyik.
Cənab Prezident, qonaqpərvərliyə görə bir daha sağ olun.
**17:51
Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə nahar əsnasında geniş tərkibdə görüşü keçirilib.
**15:39
Tərəfdaşlığımız mükəmməl səviyyədədir.
Senzor.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Prezident İlham Əliyev ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib.
Potensialın hər zaman olduğunu bildirən Baş nazir qeyd edib: “Biz bundan sonra da bu dostluğu, əməkdaşlığı və tərəfdaşlığı dərinləşdirmək üçün əlimizdən gələni edəcəyik”.
**
Ölkələrimiz arasında tərəfdaşlıq və dostluq qlobal kontekstdə də olduqca vacibdir.
Senzor.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Prezident İlham Əliyev ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında söyləyib.
Sülh məsələlərinə xüsusi diqqətə yetirilməli olduğunu, Gürcüstanın regionda sabitliyə maksimum dərəcədə töhfə verməyə çalışdığını və bunu gələcəkdə də davam etdirəcəklərini vurğulayan Baş nazir həmçinin bildirib: “Bizim birlikdə təməlini qoyduğumuz bir sıra layihələr var və onlar strateji əhəmiyyət daşıyır. Gələcək üçün çox böyük planlarımız var”.
**
Bizim ölkələri tarixi dostluq bağları birləşdirir. Bu münasibətlər çox möhkəm təməl üzərində qurulub.
Senzor.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib.
Münasibətlərimizin bundan sonra da eyni ruhda davam edəcəyinə əminliyini bildirən Baş nazir İrakli Kobaxidze vurğulayıb: “Hazırda bizim siyasi, iqtisadi və digər səviyyələrdə çox gözəl dialoqumuz var, müsbət dinamika mövcuddur. Bizim niyyətimiz bu əməkdaşlığı və tərəfdaşlığı dərinləşdirməkdir”.
**
Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə nahar əsnasında geniş tərkibdə görüşü başlayıb.
**
Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətimizin başçısının dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub.
Senzor.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Gürcüstanın Baş nazirinin ölkəmizə rəsmi səfərinin əməkdaşlığımızın daha da genişlənməsi işinə töhfə verəcəyi bildirildi.
Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
**15:20
Biz yeni layihələr üzərində də işləyirik və onlardan biri yaşıl enerji layihəsidir.
Senzor.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib.
Azərbaycanın və Gürcüstanın digər ölkələrlə bərabər çox böyük və genişmiqyaslı layihənin icrasına başladığını vurğulayan dövlətimizin başçısı deyib: Hesab edirəm ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcək. Buna da böyük tələbat var. Həm Gürcüstanın, həm də Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var”.
**
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da mətbuata bəyanatlarla çıxış ediblər.
**
Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüquq normaları hər bir ölkə üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkilik ola bilməz.
Senzor.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib.
“Azərbaycan uzun illər ərzində işğaldan əziyyət çəkmiş və öz ərazi bütövlüyünü, suverenliyin bərpa etmiş ölkə kimi çox yaxşı bilir ki, beynəlxalq hüquq normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Bu yol da tamamilə qanunidir. BMT Nizamnaməsi hər bir ölkəyə özünü müdafiə etmə hüquq tanıyıb və Azərbaycan məhz bu hüquqdan istifadə edərək öz ərazi bütövlüyünü bərpa etmişdir”, - deyə dövlətimizin başçısı bildirib.
**
Biz dünya enerji bazarlarının xüsusiyyətlərini yaxşı bilirik. Yaxşı bilirik ki, Azərbaycan qazına tələbat Avropa qitəsində ildən-ilə artacaq.
Senzor.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında söyləyib.
Bizim həm resurslarımızın, sərmayə qoymaq üçün maliyyəmizin, Gürcüstan kimi etibarlı dostlarımızın, geniş tranzit imkanlarımızın olduğunu söyləyən dövlətimizin başçısı qeyd edib: “Belə olan halda, bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək. Gürcüstan və Azərbaycan burada iki etibarlı tərəfdaş kimi çıxış edir”.
**
Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişdik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişdik. Bundan sonra da bu dəstək davam edəcək.
Senzor.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib.
**15:09
Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir.
Senzor.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında söyləyib.
“Ümumiyyətlə, Azərbaycan qazını alan ölkələrin sayı 8- çatıb və bu, son deyil. Yaxın gələcəkdə bu ölkələrin sayı artacaq. Azərbaycanın enerji resurslarına olan tələbat ildən-ilə artır və artacaq”, - deyə dövlətimizin başçısı əlavə edib.
**15:07
Nəqliyyat sahəsində yaradılan və yaradılacaq infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz nəqliyyat imkanları açacaq. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun artıq bir iki aydan sonra genişləndirilmiş formada fəaliyyətə başlaması hesab edirəm ki, böyük nailiyyətlərdən biridir.
Senzor.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında söyləyib.
Bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyətinin bir milyon tondan beş milyon tona çatdırılacağını xatırladan dövlətimizin başçısı qeyd edib: “Eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq”.
**
Bizim ticarət dövriyyəmiz də artmaqdadır, artıq 900 milyon dollara yaxındır, keçən il təxminən 15 faiz artıb.
Senzor.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib.
“Gürcüstan hökumətinin düşünülmüş islahat siyasəti nəticəsində Gürcüstanda çox gözəl sərmayə iqlimi yaradılmışdır. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoymuşlar. Təbii ki, bunun əsas səbəbi gözəl investisiya iqliminin mövcudluğudur”, - deyə dövlətimizin başçısı vurğulayıb.
**
Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır.
Senzor.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib.
“Bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar. Bu möhkəm zəmin üzərində dövlətlərarası münasibətlər qurulmuşdur”, - deyə Azərbaycan Prezidenti bildirib.
**14:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Respublikasının Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış edirlər.
**14:43
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstan Respublikasının Baş nazir İrakli Kobaxidze ilə təkbətək görüşü keçirilib.
**14:06
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstan Respublikasının Baş nazir İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb.
**13:57
Martın 16-da Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında görüş keçirilib.
Nazirlər Kabinetindən Senzor.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyəsindən məmnunluq ifadə olunub.
İki ölkə arasında fəal siyasi dialoqun aparıldığı, Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədikləri vurğulanıb. İqtisadi əməkdaşlığın yaxşı dinamikaya malik olduğu məmnunluqla qeyd edilib.
Bildirilib ki, Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkələrdən və onun əsas ticarət tərəfdaşlarından biridir.
Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələri uğurlu regional əməkdaşlıq nümunəsi kimi səciyyələndirilib. Bu kontekstdə Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti xüsusi vurğulanıb.
Eyni zamanda Azərbaycan və Gürcüstanın iştirakı ilə yaradılmaqda olan Avropaya yaşıl enerji körpüsünün bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyinə əlavə töhfə verəcəyinə əminlik ifadə olunub. Nəqliyyat-tranzit sahəsi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi dəyərləndirilib. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyəti vurğulanıb.
Həmçinin Orta Dəhlizin inkişaf etdirilməsi istiqamətində birgə atılan addımların önəmi vurğulanıb. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə açılan yeni əməkdaşlıq imkanlarına toxunulub, Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpasının yük daşımalarının artmasına xidmət edəcəyinə və bütün region ölkələrinə iqtisadi cəhətdən əhəmiyyətli fayda verəcəyinə əminlik ifadə olunub.
Mədəni-humanitar sahədə əməkdaşlığın dinamikası təqdir edilib. Bu əməkdaşlıq Azərbaycan-Gürcüstan dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə, iki xalqın bir-birinə daha da yaxınlaşmasına mühüm töhfə verir. Bununla yanaşı, ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün hələ istifadə olunmamış geniş potensialın olduğu məmnunluqda qeyd edilib. Bu imkanların reallaşdırılması baxımından Baş nazirlərin həmsədrləri olduqları Birgə hökumətlərarası komissiya mühüm platforma kimi dəyərləndirilib.
Ə.Əsədov Azərbaycan-Gürcüstan əlaqələrinin inkişaf dinamikasını və əməkdaşlığın geniş gündəliyini nəzərə alaraq Komissiyanın 10-cu yubiley iclasının yaxın aylarda Bakı şəhərində keçirilməsini təklif edib, bununla əlaqədar İ.Kobaxidzeni Azərbaycana səfərə dəvət edib.
Gürcüstanın Baş naziri dəvəti məmnunluqla qəbul edib.
Görüşdə iki ölkə arasında əlaqələrin ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, humanitar və qarşılıqlı maraq doğuran bir çox digər istiqamətlərdə inkişaf perspektivləri müzakirə olunub.
**12:20
Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Şəhidlər xiyabanını ziyarət edib.
Senzor.az xəbər verir ki, Baş nazir İrakli Kobaxidze Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
**11:49
Gürcüstan Baş naziri İrakli Kobaxidze martın 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Senzor.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
**11:27
Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Senzor.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Gürcüstanın Baş nazirini Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Samir Şərifov, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və digər rəsmi şəxslər qarşıladılar.