Xəbər verdiyimiz kimi, 3 gündür ki, Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu keçirilir.
Senzor.az xatırladır ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.
Bu dəfə “Parçalanmış dünyanın bərpası” (“Fixing The Fractured World”) mövzusuna həsr olunan XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edib və edir.
Forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılıb, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınıb, qarşıda duran çağırışların həlli yolları müzakirə olunub, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunulub. Eyni zamanda, qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə toxunulub, süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri barədə müzakirələr aparılıb.
Real Təhlil və İnformasiya Mərkəzinin rəhbəri Mir Şahin Ağayev müəllifi və aparıcısı olduğu populyar “Mir Şahinin vaxtı” proqramının dünən axşam efirə gedən buraxılışını məhz bu Foruma həsr edib.
Məşhur jurnalist verilişinə tədbirin keçirildiyi “Gülüstan”sarayından - 1994-cü il, sentyabr ayının 20-də imzalanmış “Əsrin Müqaviləsi”ndən bəri Azərbaycanın müstəqillik tarixinin bütün mərhələ hadisələrinin möhürləndiyi məkandan başlayıb.
Müəllif həmin tədbirdə Azərbaycanın o vaxtkı Prezidenti, Ulu Öndər Heydər Əliyevin çıxışından bir hissəni və onun sürəkli alqışlarla qarşılandığı epizodu tamaşaçılara təqdim edərək vurğulayıb: “O alqışlar parçalanan Azərbaycanın taleyini dəyişəcək günə ünvanlanmışdı... Təxminən 30 il sonra yenə Əliyev, bu dəfə İlham Heydər oğlu, amma indi parçalanmaqda olan dünyanın taleyini “Gülüstan”da müzakirə edir”.
Sonra əlavə edir: “Qlobusun bir tərəfində müharibələr, yanan şəhərlər, yaşayış məntəqələri, insan taleləri.... od içində...
Qlobusun yanmayan tərəfində isə Bayden bumbuz dondurma yalayır...
Dünyanın bu başında körpə bir uşaq isti göz yaşını içə-içə gedir.
Dünyanın o başında isə bir barda Makron buz kimi soyuq pivə içir...”.
Və bu məqamların hər biri konkret video-faktla müşayiət olunur.
Ardınca isə yenə Mir Şahinin səsi gəlir: “Bax belə bir zamanda Azərbaycan dünyaya Gülüstan arzulayır”.
...Yuxarıda qeyd etdik: Forumda dünyanın 70 ölkəsindən 350-dən çox qonaq iştirak edib. Çoxlu çıxışlar olub, qiymətli təşəbbüslər irəli sürülüb, dəyərli təkliflər səsləndirilib. Amma aparıcının dediyi kimi “Forumun əsas hadisəsi şübhəsiz ki, Prezident İlham Əliyevin çıxışı olub”. Ona görə həm Prezident Əliyevin həmin çıxışına, həm də artıq ranjir etibarilə Davos Forumu, Münxen Konfransı kimi mötəbər platformalarla çiyin-çiynə dayanmağı bacarmış Qlobal Bakı Toplantısı çərçivəsində müzakirə edilən yeni gələcəyin ümumi prioritetlərinə xüsusi diqqət yetirir...
Daha iki maraqlı məqam. Birincisi, buraxılışın sonuna yaxın müəllif bir daha təkrar edir ki, Azərbaycan məruz qaldığı bütün haqsız təzyiq, təhdid və tənqidlərə baxmayaraq “Sözümüz imzamızdır!” deyə yoluna davam edir: “Sadə dilə çevirsək, onlar bizə pis, biz isə onlara yaxşı gün arzulayırıq. Bütün sahələrdə, dünyanın az qala məhvərindən çıxdığı bir zamanda Azərbaycan öz sakit, dinc, amma eyni zamanda başıuca məqamında irəliləməkdədir. Torpağını, qürurunu, vətəndaşını, və öz simasını qoruyur. Bax bu da Qərb adlandırdığımız, özünü siyasi Zevs hesab edənləri özündən çıxarır... Biz heç kəsdən heç nə istəmirik və istəməyəcəyik. Bu isə onları sakit buraxmır... Azərbaycan onların yeni dünya sahmanını pozub... Avropa İttifaqı Parlamenti də, AŞPA da, ATƏT də, növ-növ Fredoom Houslar da, saxta siyahılar tərtib edərək Azərbacanı aparıb ən geridə qalmış ucqar bir meşə dövlətinin yanına qoyanlar da qondarma zevslərin iradəsinə zidd çıxdığına görə Bakını cəzalandırmaq istəyirlər. Ona görə ki, İlham Əliyev böyük dövlətlərin hikkəsini ən müxtəlif məqamlarda tapdamışdı. Müxtəlif səsvermələrdə, qərəzə, kinə, təzyiqə baxmayaraq prosesləri udan Azərbaycanın dünya göydələnində öz yerini layiqincə tutması üçün onun lideri bütün liderlərin cəmi qədər işləyirdi. Və indi biz Bakı Qlobal Forumunun Gülüstan zirvəsindən yeni Eramızın üfüqlərinə baxırıq. Və indi “Qarabağ Azərbaycandlr!” ifadəsinin, hökmünün altında bu foruma qatılmış şəxslər, onların təmsil etdiyi dövlətlərin də imzası var...”.
İkinci məqam. Aparıcı vurğulayır ki, bu gün Azərbaycana qarşı başladılan ideoloji-informasiya müharibəsində təkcə xarici qüvvələr deyil, onların ölkəmizə yeritdiyi diversantlar, dırnaqarası bizimkilər də iştirak edir: “Qondarma media qurumları ilə. Sosial Medianın yaratdığı özbaşınalığın sayəsində. Ən əcayibi də odur ki, xarici sahiblərinin pulundan asılı olan belə qurumcuqlar özlərini müstəqil sayır. Amma əsl müstəqil, dövlətin mövqeyindən çıxış edən medianı isə müstəqil hesab etmirlər. Kimdi müstəqil?”.
Daha ətraflı “Mir Şahinin vaxtı”nda: