Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 17-dən Bakıdan Londonun daha bir hava limanına - Qetvikə reyslərin icrasına başlayıb.
Senzor.az bildirir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
“Azərbaycan Hava Yolları” aviaşirkətinin Londonun Qetvik aeroportuna ilk reysinin qarşılanması mərasimində Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov, Qetvik hava limanının aviasiya inkişafı üzrə vitse-prezidenti Stefani Uir, media nümayəndələri, aviaşirkətin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Aviaşirkət Bakıdan Qetvik hava limanına reysləri həftədə üç dəfə - çərşənbə, cümə və bazar günləri yerinə yetirəcək. Yeni marşrutun açılması ilə AZAL Bakı ilə London arasında həftəlik uçuşlarının sayını 6-ya çatdırıb.
Aviaşirkətin uçuş coğrafiyasının genişləndirilməsi çərçivəsində atılan bu addım sərnişinlərin artan tələbatını qarşılamaq məqsədini daşıyır.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.