Xəbər verdiyimiz kimi, TikTok sosial şəbəkəsində açılmış hesablarda hərbi əməliyyatların başlaması və şəhidlərimizin olması barədə saxta (feyk) xəbərlər yayılmışdı. Artıq məlum olub ki, köhnə məlumatların manipulyasiyası nəticəsində hazırlanmış saxta xəbər heç bir reallığı əks etdirmir və ictimai rəyi çaşdırmağa yönəlmiş uğursuz cəhddir.
Bu cəhd ictimaiyyət, xüsusən də onun aktiv kəsimi tərəfindən böyük qəzəb və narazılıqla qarşılanıb. Əksəriyyət həmin cəhdi haqlı olaraq “təxribat əməli” kimi qiymətləndirir.
Senzor.az bildirir ki, məsələyə açıq və kəskin münasibət sərgiləyənlərdən biri də bu kimi hallara qarşı hər zaman prinsipial və özünəməxsus mövqe nümayiş etdirən REAL Təhlil və İnformasiya Mərkəzinin rəhbəri Mir Şahin Ağayev olub.
Tanınmış jurnalistin sosial şəbəkə hesabı üzərindən paylaşdığı və kəskin tonu ilə seçilən həmin qeydlərini təqdim edirik...
**
Vətənə sevgisini, gücünü Anasının Südündən yox, yad ölkələrdəki maliyyə döşlərinin ucundan alan “şərəf” möhtəkirləri yenidən fəallaşıb. Enerjisi ayrı-ayrı “qaragüruh” mənbələrindən çıxan bəzi sosial şəbəkə istifadəçiləri, xüsusilə bir çox tik-tokerlər öz hesablarından yalan, şayiə və panika yaymaqdadırlar: “döyüş başlayıb, şəhidimiz var!” deyə.
Bu yayıcılar 2020-ci ilin 27 sentyabr ərəfəsində də belə cinayətkar məsuliyyətsizliklə cəbhə xəttindən, həssas bölgələrdən “xəbərlər” yayır, əhalini, atəş xəttinə yaxın ərazilərdə yaşayan dinc sakinləri çaxnaşmada saxlayırdılar!
Müraciətim ilk növbədə bu cür efir diversantlarınadır:
- Susun! Dilinizi dinməz yerinizə qoyun! Beş-altı qotur layka Laykalıq etməyin! Ən yaxşı halda rədd olun kölgəsini icarəyə götürdüyünüz, haqqını “namusunuzdan” kəsərək ödədiyiniz özgə arabalarının altına! Sabit dövlətə, Qurucu xalqa öz təkhüceyrəli beyninizlə, cahil əxlaqınızla, düşmən tilovundakı soxulcan missiyanızla mane olmağa çalışmayın!
Azərbaycanın hüquq-mühafizə orqanlarından isə xahiş edirəm: ölkədə mənəvi mühiti korlamağa, ideoloji-informasayişi pozmağa qalxan əlləri, dilləri bağlayın, düşmən qüvvələrə işlədiyi zənn edilən potensial vətən xainlərinin qollarını qandallayın. Belə efir dələduzlarını qanuni cəzasına çatdırın! ABŞ, Fransa, Aİ kimi mütəşəkkil qruplardan maddi və mənəvi kömək alan Ermənistanın bu dəstəklərdən ruhlanaraq Azərbaycanla şərti sərhəddə hərbili, mülkili texnika yığdığı, Allah bilir nələrin planlaşdırıldığı bir vaxtda ölkə içində qəfil, sanki bir əlin işarəsi ilə fəallaşaraq, hərəkətə keçən məsuliyyətsiz kəsimlərin ən ciddi şəkildə cəzalandırılmasını Sizdən artıq dərəcədə xahiş edirik!
MİR ŞAHİN