“Azərbaycanla sülh müqaviləsi bağlamaq mümkündür”.
Senzor.az bildirir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bunu Argentinanın “Todo Noticias” telekanalına müsahibəsində deyib.
“Çətinliklər və problemlər mövcuddur. Lakin hesab edirik ki, Azərbaycanla sülh müqaviləsi bağlamaq mümkündür. Biz öz tərəfimizdən həll yollarını tapmaq üçün səylər göstəririk. Müqavilə imzalamaqdan danışarkən, razılaşdırılmalı olan vacib məqamlar mövcuddur. Onların arasında 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədlərin demarkasiyası da var”, - deyə o qeyd edib.
A.Mirzoyan onu da vurğulayıb ki, Rusiya ilə münasibətlərdə mövcud olan problemləri gizlətmək mümkün deyil: ““İndi Brüssel və Vaşinqtonla iqtisadi və siyasi əlaqələri dərinləşdiririk. Mən bunu dönüş nöqtəsi adlandırmazdım, biz öz təhlükəsizliyimizi təmin etməyə çalışırıq və bunun üçün Qərbdə yaxşı tərəfdaşların olduğunu görürük.
NATO-ya daxil olmaq niyyətinə gəlincə, yox. Bu, bu gün Ermənistanın gündəmində olan məsələ deyil. Amma Aİ məsələsində deyə bilərəm ki, ermənilərin doğrudan da Avropa istəkləri var”.