Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında 2022-ci il 20 aprel tarixli Fərmanı milli kinematoqrafiyamızın və yayım infrastrukturunun müasirləşdirilməsi üçün geniş imkanlar açıb. Həmin Fərmandan sonra ölkəmizin kino təsərrüfatında bir sıra islahat və yeniliklərin həyata keçirilməsinə başlanılıb. Lakin mədəniyyətin bu sahəsinin yeni tərəqqi yoluna çıxması üçün fundamental yanaşmaya ehtiyac var. Yaxın müddətdə kinomanları hansı yeni filmlər gözləyir? Ölkəmizin kino sənayesində istehsal edilən filmlər beynəlxalq festivallara yol tapa, Azərbaycan filmi dünya ekranlarına çıxa biləcəkmi?
Əməkdar incəsənət xadimi, Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu AZƏRTAC-ın müxbiri ilə söhbətində bu barədə deyib:
- “Kinematoqrafiya” lüğətlərdə kinofilmlər hazırlamaq və onları nümayiş etdirmək sənəti kimi izah edilir. İlk baxışdan çox bəsit və çox asan izahdır. Bununla belə bu sənət özündə mədəniyyətin bir çox sahələrini yaşadan və real aləmdə biri-birinə sintez edən çox mürəkkəb mədəni münasibətlər məcmusudur. Bu baxımdan kino sahəsinin idarə olunması da, əlbəttə ki, birtipli deyil, polifonikdir. Kino sənəti həm mədəniyyət hadisəsi, həm də sırf istehsalat sahəsidir. Bəzi ölkələr kinematoqrafiyadan yumşaq siyasət kimi istifadə edir, onu təbliğat maşını kimi dəyərləndirir. Bəzi ölkələr üçün kino sənəti özünüifadə vasitəsi, sənət nümunəsi və reklamdır, bəzi ölkələr isə bu sahəni sənayeləşdirərək kino bazarından yaxşı gəlir əldə edirlər. Milli kinonun idarə olunması zəminində tərtib etdiyimiz yol xəritəsinin bəzi detallarını sizinlə bölüşmək niyyətindəyəm. Açığını deyim ki, bizə sələflərimizdən qalan miras, yumşaq desək, heç də ürəkaçan deyildi. Ölkədə kino sahəsində istehsal dayandırılmışdı və bu sahədə iki yaradıcı ittifaq mövcud idi. Gənclər işsiz idilər və ən yaxşı halda daha çox az büdcəli TV formatlı filmlər çəkməklə həm sənəti, həm də kinomühitin ovqatını dəyişirdilər. Kino istehsalı ilə məşğul olan müstəqil prodüser şirkətləri də yalnız dövlət vəsaiti hesabına film çəkmək istəyirdi. Animasiya sahəsi nəzarətdən kənar müxtəlif şərtiliklər fonunda mövcud idi. Sənədli filmlər bazarına ölkə xaricindən çox şübhəli kontentlər daxil olurdu. Ölkəyə film çəkmək adıyla gələn xarici kino şirkətlərinin vahid reyestri də yox idi. Ən başlıcası, çəkilən filmlərdə milli məzmun, dövlətin təməl prinsiplərinin qorunması amili nəzərə alınmırdı. Belə bir şəraitdə ağır yük dolu “kino qayığının” avarlarını çəkmək bizim boynumuza düşüb. Məşhur sualla ifadə etsək, nədən başlamalı? İlk növbədə kino sahəsinə milli məzmunu qaytarmaq istəyirik. Dövlətin kino siyasətini “prodüser kinosu” sistemi vasitəsilə icra etməyi, kino istehsalatını stimullaşdırmağı, sahəni sənayeləşdirməyi, hər bir prodüser şirkətini gücləndirməklə plüralizm və müxtəliflik yaratmağı düşünürük. Dövlət sifarişi ilə çəkilən filmlər isə əlbəttə ki, ciddi bir istiqamət olaraq Azərbaycan xalqının zehniyyətindən qaynaqlanaraq sosial sifarişlər vasitəsilə istehsal ediləcək. Eyni zamanda, yerli və xarici kino istehsalçıları üçün imtiyazlı kino istehsal şəraitinin yaradılmasını təmin edən və çox güman ki, yeni qanunvericiliklə tənzimlənmiş kino mühiti yaratmağı düşünürük.
Məqsəd bu sahəni tam sənayeləşdirmək, rentabelli sahəyə çevirmək, milli məzmunla süstlənmiş universal kino dilində danışmağı bacaran yeni yaradıcı nəsil formalaşdırmaqdır. Eyni zamanda, kino bazarını yenidən və daha ədalətli şərtlərlə təşkilatlandırmaq və stimullaşdırmaq fikrindəyik. Mövcud kino vitrinimiz olan, ənənə üzərində formalaşmış kino klassikasını və yetərincə uğurları olan milli kino tariximizi bütün dünyada təbliğ etmək də bizim üçün prioritet sahələrdən biridir. Ən nəhayət, dövlətin “yumşaq siyasəti” funksiyasına qədər qaldıracağımız yeni çəkiləcək filmlər vasitəsilə dünyaya Azərbaycan həqiqətlərini çatdırmağı düşünürük. Bunun üçün kifayət qədər mobil, gənc və işlək komanda var və artıq bir sıra real işlər də görülüb. Demək olar ki, yeni redaktədə işə sıfırdan başlamalı olsaq da, milli kino mədəniyyətində yaşanan ənənəni heç zaman unutmuruq.
Mədəniyyət Nazirliyində aparılan mühüm islahatların davamı kimi Kino Agentliyi də dövrün tələblərinə, çağırışlarına, diktəsinə və bu sahədə qazanılmış kinematoqrafik təcrübəyə söykənir. İstehsalat mexanizmlərinin yenidən yazılması, çəkiləcək filmlərin şəffaf seleksiyadan keçirilməsi üçün müxtəlif müsabiqələrin təşkili, yeni idarəçilik və istehsal sistemlərinin düşünülməsi, yaradıcı şəxslərə, xüsusilə də gənclərlə xüsusi münasibət və dəstək proqramlarının real icrası əsas hədəflərdəndir. Xüsusən də Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinə dəstək olaraq 16 yeni filmin maliyyələşməsini təmin etmək, kino bazarının stimullaşdırılması üçün sahəyə yeni “oyunçuları” və “investorları” cəlb etmək, animasiya sahəsinin, sənədli film sektorunun yenidən təşkilatlanmasını həyata keçirmək, bizə keçmişdən miras qalmış gərginlik yaradan öhdəliklərin və borcların ödənilməsini təmin etmək və bu sahəni yenidən monitorinq etmək, yeni nəfəs gətirmək də görəcəyimiz çoxsaylı işlər sırasındadır.
- Artıq Agentlikdə Bədii şura da yaradılıb...
-Kino Agentliyində kifayət qədər nüfuzlu peşəkarlardan ibarət Bədii şura fəaliyyətə başlayıb. Filmlərin istehsalata buraxılması və hazır sənət nümunəsi kimi qəbul olunması kollegial şəkildə Bədii şuranın qərarından sonra olacaq. Bu vaxta qədər olan filmlərin istehsalata subyektiv baxış bucağından buraxılması heç də birmənalı qarşılanmırdı. Doğrudur, biz film çəkmirik, ancaq istehsalla məşğul olan kinoşirkətlərin çəkiliş və filmlərini nümayiş etdirmək üçün çox vacib olan münbit şəraiti yaratmağı, təşkil etməyi və rəqabət bazarını stimullaşdırmağı təmin etməliyik. Obrazlı desək, milli məzmun daşıyıcıları olacaq gəncliyi toxum kimi bu sahəyə səpirik. Ümid edirəm ki, bir neçə ilə kino sahəsi yenidən dirçələcək və dünya miqyasında elit festivallardan bizim “art filmlərin” qalib olduğu barədə xəbərlər eşidəcəyik. Əlbəttə, bunun üçün, ilk növbədə, vaxt və peşəkarlıq lazımdır. Təəssüf ki, indi onların ikisini də tapmaq bir az çətindir. Onu da deyim ki, qısa müddət ərzində biz Ssenari laboratoriyası və Alternativ Kino Akademiyası da yaratmağa nail olmuşuq.
Agentliyin daxili strukturunun təkmilləşdirilməsi üçün indiyə qədər mövcud olmayan mərkəzləşdirilmiş kino statistikası saytını yaradıb istifadəyə vermişik. Postprodakşn dövründə maddi yardıma tələbatı olan kino şirkətlərinə birdəfəlik dəstəyin verilməsini təmin etmişik. Dünyaşöhrətli Avropa prodüserləri Martin Hagemann və Titus Kreynbeqin rəhbərliyi ilə prodüser kursları açılıb və bu kursları bitirən gənclərdə yeni zehniyyətin artırılması üçün açıq pitçinqin keçirilməsi və buradan qalib çıxan layihələrin maliyyələşdirilməsi də həyata keçirilir.
Qeyd etmək xoşdur ki, istehsalı başa çatmış “Hadrut, sən azadsan!”, “Qarabağ FK - 30 mövsüm səfərdə” sənədli filmləri və “Oğurlanmış bahar” animasiya filmi artıq ictimaiyyətə təqdim olunub.
Bu gün Azərbaycan kinosuna Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət yetirilir. Dövlətimizin başçısının kino ilə bağlı verdiyi fərman və sərəncamlar Azərbaycan kinosuna göstərilən qayğının bariz nümunəsi, kinematoqrafiyanın inkişaf etdirilməsi ilə bağlı verilən mühüm siyasi qərarlardır. Bütün bunlar bizim istinad nöqtələrimizdir.
-Azərbaycan Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun təkmilləşdirilməsi və yenilənməsi məqsədilə işçi qrupu fəaliyyətə başlayıb. Hansı dəyişikliklər gözlənilir?
-1998-ci ildə qəbul olunmuş “Kinematoqrafiya haqqında” Qanun yaradıcılıq və istehsalat münasibətlərinin tənzimlənməsini təmin edə bilmir və onun yenidən yazılması zərurəti yaranıb. Bu sahədə hüquqşünaslarla və Milli Məclisdə müvafiq komitələrlə işlər aparılıb, “Kinematoqrafiya haqqında” yeni Qanunun hazırlanması ilə bağlı Mədəniyyət Nazirliyinin tərkibində işçi qrupunun yaradılması və digər görülən işlər vəziyyəti bir qədər yüngülləşdirəcək.
Hazırlanacaq yeni qanunda kino istehsalı prosesində müxtəlif formada imtiyaz və güzəştlərin bu sahəyə tətbiq edilməsi də nəzərdən keçirilir. Tezliklə peşəkar hüquq şirkətləri ilə birlikdə yeni qanunvericilik layihəsi hazırlanaraq kino ictimaiyyətinə təqdim olunacaq. Onların təklifləri nəzərə alınandan sonra qanun daha da təkmilləşdiriləcək və sonra aidiyyəti üzrə daha yüksək ünvanlara göndəriləcək.
- Milli kino irsinin qorunması və zənginləşdirilməsi, habelə kino incəsənətinin təbliği üçün hansı addımlar atılacaq?
- Dövlət Film Fondunda, Dövlət Kino və Foto Arxivi İdarəsində və digər arxiv və mənbələrdə kinematoqrafiyaya aid vizual materialların, foto və sənədlərin vahid reyestrinin yaradılması və qorunması nəzərdə tutulur. Azərbaycan kinosunda əvəzsiz xidmətləri olan kino klassiklərinin Film Fondunda və yaxud yeni yaradacağımız kino muzeyində fərdi guşələrinin açılması və onlara aid əşya və sənədlərin toplanılaraq qorunması da görəcəyimiz işlər sırasındadır.
AMEA ilə birlikdə kino irsini təbliğ edən “Milli kino tarixi” çoxcildliyinin nəşri, kino xadimlərinin yaradıcılığını və avtobioqrafiyasını əks etdirən elektron antologiyanın hazırlanmasını nəzərdə tuturuq. Mədəniyyət naziri milli kinomuzun təbliğ edilməsi məqsədilə A kateqoriyalı festivallarda Azərbaycan pavilyonlarının açılması haqqında qərar verib. Bu ilin mayında Kann festivalında Azərbaycan pavilyonlarının qurulmasına başlanılacaq. Ölkəmiz həmin festivalda yeni yanaşma və yeni kino fəlsəfəsi təqdimatı ilə təmsil olunacaq. Həmçinin ölkəmizdə fəaliyyət göstərən telekanallarda təbliğat mexanizmi olaraq müxtəlif təyinatlı kino verilişlərin hazırlanması, müstəqil kino və mədəniyyət portallarının dəstəklənməsi nəzərdə tutulub.
Ölkəmizin zəngin kino irsi və kino təcrübəsi irsinin qorunması və təbliği sahəsində Kino Agentliyi Mədəniyyət Nazirliyi ilə birgə silsilə tədbirlər həyata keçirir. Gənc nəslin mədəni-milli ruhda formalaşmasına töhfə vermək, habelə klassik və müasir filmləri tamaşaçılara daha yaxından tanıtmaq məqsədilə ali məktəblərdə onların nümayişinə başlanılıb. Bundan başqa kino xadimlərinin yubileylərinə həsr olunmuş “Kinomuzu yaradanlar... kinomuzu yaşadanlar” adlı layihəyə start verilib. Layihə milli kino ənənələrinin qorunması və gələcək nəsillərə çatdırılması, kino sənətkarlarının irsinin tamaşaçılara daha yaxından tanıdılması və onun əbədi olaraq yaşadılması məqsədi daşıyır. Ayda dörd dəfə həyata keçirilən layihə hər dəfə bir kino xadiminə həsr olunacaq və filmlərin nümayişi təşkil ediləcək.
- İki il ərzində Agentlik nazirliyin tabeliyindəki kinematoqrafiya müəssisələrini idarə etmək və onların fəaliyyətinə nəzarəti həyata keçirmək sahəsində hansı nöqsanları aşkarlayıb?
- Kino Agentliyi kino mühitində bizə qədər mövcud olan müəyyən çarpazlılığı vahid istehsal mühitində birləşdirmək niyyətindədir. Biz heç kəsdə nöqsan axtarmırıq. Mövcud nöqsanları aradan qaldırıb yeni istehsal mühitinə uyğunlaşdırırıq. Mədəniyyət naziri Adil Kərimlinin tapşırığı ilə bizə qədər nazirliyin öhdəliyində olan borcların ödənilməsini həyata keçiririk ki, bu sahədə olan gərginlik aradan qalxsın. Əminəm ki, yenidən hazırlanan qanunvericiliyə əsaslanan istehsal mühiti müxtəlif zehniyyətli və zövqlü prodüser şirkətlərini formalaşdıracaq ki, bu şirkətlər kino bazarının müəyyənləşdirdiyi reallıqda daha dövlətdən pul ummayacaqlar, əksinə dövlət büdcəsinə pul gətirəcəklər. Kino sahəsi sənayeləşdikdən və yaradıcılıqla qanunvericilik birgə addımlamağa başladığı zamandan kifayət qədər gəlirli və rentabelli sahəyə çevriləcək. Mən ARKA-nı bu işlək halqada ancaq istehsalat və bazarı təşkil edən, stimullaşdıran mərkəz kimi görürəm. Nəhayət, milli məzmun daşıyıcısına çevrilmiş, eyni zamanda, bütün dünyaya universal hekayə kontekstində vizual dil ilə bizdən danışan bir kino mühiti formalaşacaq. Ancaq yenə də son seçim prodüser şirkətlərinin olacaq. Biz sadəcə sahəni stimullaşdıracağıq.
-Dövlət sifarişi və ya dəstəyi ilə milli və müştərək filmlərin istehsalı sahəsində hansı işlər görülür?
- Kino Agentliyi kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, gənc rejissorların fəaliyyətini stimullaşdırmaq, eləcə də kino mühitinə yeni adlar qazandırmaq məqsədilə 2023-2024-cü illərdə istehsal olunmaq üçün film layihələri müsabiqəsi keçirib və müsabiqədən keçən filmlər istehsalata buraxılıb. Onların içində, əlbəttə ki, dövlət sifarişi ilə maliyyələşən filmlər də var. Müstəqil mütəxəssislərdən ibarət Seçim komissiyası və Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert Şurasının iştirakı ilə açıq səsvermə nəticəsində tammetrajlı, qısametrajlı bədii, sənədli, animasiya və tələbə filmləri layihəsinin istehsalına dəstək göstərilməsi təsdiq edilib.
Qardaş Türkiyə və Özbəkistan, eyni zamanda, digər ölkələrlə birgə layihələrin həyata keçirilməsi də təmin edilib. Konkret olaraq Özbəkistan kinematoqrafçıları ilə görkəmli alim Maqsud Şeyxzadənin həyatından bəhs edən bədii filmin çəkilməsi üçün Bakıda memorandum imzaladıq. Ümumiyyətlə, bizim hədəfimiz iqtisadi səmərə baxımından daha çox xarici kino bazarına, xüsusilə də TÜRKSOY-a daxil olan ölkələrin bazarlarına yönəlib. Bu günlərdə Türkiyənin tanınmış film şirkətləri olan “Skala Film Prodüksiyon” və “Tulpar Film” şirkətləri ilə də anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, yaxın vaxtlarda Azərbaycan və Türkiyə bazarlarına çıxacaq “Qızıl qatar” (“Altın tren”) adlı birgə filmin istehsalı nəzərdə tutulur. Film XX əsrin əvvəllərində Türkiyə və Azərbaycanın əlaqələrindən bəhs edir. Filmdə 1918-ci ildə Nuru paşanın komandanlığı ilə Osmanlı ordusunun Azərbaycan Xalq Cümhuriyyətinə köməyə gəlməsi, həmçinin Azərbaycandan qardaş Türkiyəyə qızıl yüklü qatarın göndərilməsi öz əksini tapacaq.
Türkiyə ilə birgə istehsal olunacaq daha bir film Nargin adasında saxlanılan türk əsirlərinin həyatından bəhs edən “Narginli Sona” filmidir. Film Türkiyənin “Yerli Düşünce Basın Yayın Medya” şirkəti tərəfindən bizimlə birgə maliyyələşdirilir.
- Azərbaycanı beynəlxalq çəkiliş məkanı kimi inkişaf etdirmək və xarici şirkətlərin bu işə cəlb olunması istiqamətində nə kimi yeniliklər var?
- Əlbəttə ki, bu haqda düşünürük və yeni yanaşmamız da var. Təbii pavilyon tipli çəkiliş məkanlarının xarici film şirkətlərinə verilməsi, digər imtiyazların və vergi güzəştlərinin onlara tətbiq olunması, hotel və aviabiletlərin güzəştli şərtlərlə film istehsalçılarına təklif edilməsi əməkdaşlıq planlarımızın mərkəzində durur. Azərbaycanda film çəkmək istəyən əcnəbi kino şirkətlərinə texnikanın kirayə verilməsi də təmin ediləcək. İndiyə qədər bu işlə məşğul olan “Filminq Azerbaijan” MMC-nin fəaliyyətini yenidən və daha səmərəli şəkildə təşkil etmək, ölkəmizə gəlmək arzusunda olan kino şirkətlərinə layiqli və peşəkar xidmət etməklə doğru şərait yaratmaq əsas görüləcək işlər sırasındadır.
Onu da deyim ki, Türkiyə şirkətləri ilk dəfə olaraq məhz indi Azərbaycanın kino sənayesinə investisiya yatırır. Qarşılıqlı razılaşmaya əsasən Türkiyənin tanınmış film şirkətləri ölkəmizdə olan çəkiliş məkanlarından istifadə edəcəklər.
- Orxan bəy, Kino Agentliyi 2023-2024-cü illərdə istehsal olunmaq üçün film layihələri müsabiqəsi təşkil etdi. Seçim komissiyasının qiymətləndirməsinə əsasən 30, tələbə altistiqaməti üzrə isə 16 layihə məqbul hesab edilərək pitçinq mərhələsinə buraxılıb. Müsabiqədə uğur qazanan layihələrin sonrakı taleyi necə olacaq?
- Bildiyiniz kimi 2023-2024-cü illərdə istehsal olunmaq üçün film layihələri müsabiqəsində “Xəzinə” (“Ultra Production” MMC), “Günəşdə də ləkələr olur” (“AzərNyuMedia” MMC), “Borc” (“Bakı Media Mərkəzi” MMC), “Arılar və qəbirlər” (“SFN Production” MMC) tammetrajlı bədii, “Nargin” (“Karvan Production” MMC), “Ölüm axtaran qadın” (“Bakı Media Mərkəzi” MMC), “Kür – çaylar anası” (“OD-MEDİA Production” MMC) tammetrajlı sənədli, “Daş” (“ART Baku Production” MMC), “Erkən hisslər” (“Rental Azərbaycan” MMC) qısametrajlı bədii, “Kapitan və Xəzər dənizi” (“Rental Azərbaycan” MMC) qısametrajlı sənədli, “Narqız” (“Peri Film” MMC) qısametrajlı animasiya film layihələrinin və 16 qısametrajlı bədii və sənədli tələbə film layihəsinin istehsalına dəstək göstərilməsi təsdiq edilib. Qalib gələn layihələrlə müqavilələr bağlanılıb və onların istehsalına start verilib. Artıq bir çox filmlərin hazırlıq mərhələsi başa çatmaq üzrədir, bəzi filmlərin isə çəkilişlərinə başlanılıb. Xüsusilə vurğulamaq istəyirəm ki, müsabiqənin ən müsbət nəticəsi özəl sektordan maliyyə cəlb olunmasıdır. Qeyd edim ki, istehsal olunacaq 11 layihənin ümumi istehsal dəyərinin 1 milyon 400 min manata yaxın vəsaiti özəl şirkətlər tərəfindən cəlb olunub.
Bundan başqa, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Kino Agentliyinin Ssenari laboratoriyası nəzdində yaradılmış ssenarinin inkişaf proqramı çərçivəsində Berlin Film Festivalının baş mükafatını almış, tanınmış kinorejissor Semih Kaplanoğlunun rəhbərliyi ilə dinləmələr keçirilib. Artıq inkişaf proqramına cəlb olunan ssenarilərin yazılışı yeni istiqamətə yönləndirilib.
- Agentlik Animatorların İnkişaf Proqramı və “Prodüserlərin yüksəlişi təlim proqramı”na start verib. Həmin layihələr milli kino sənətinin inkişafına nə kimi töhfələr verəcək?
- Yeni prodüser və yeni animatorların yetişdirilməsi layihələri həmin sahənin rentabelli işləməsi məqsədi daşıyır. Həmin prosesin nə dərəcədə səmərəli olacağını zaman göstərəcək. Hər halda biz buna böyük ümid bəsləyirik...
- Ötən il Azərbaycan III “Korkut Ata” Türk Dünyası Film Festivalına ev sahibliyi etdi. Türk xalqlarından təqdim olunan 40-a yaxın bədii, sənədli və animasiya filminin Nizami Kino Mərkəzində nümayişi oldu. Qarşıdakı illərdə də belə festivallar təşkil olunacaqmı?
- Azərbaycan III “Korkut Ata” Türk Dünyası Film Festivalına ev sahibliyi edib. Festival Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Festivala Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla yanaşı, Qaqauz Yeri (Moldova), Tatarıstan, Altay və Başqırdıstan (Rusiya Federasiyası), həmçinin azsaylı türk xalqlarından təqdim olunan 40-a yaxın bədii, sənədli və animasiya filminin nümayişi baş tutub. Türk dünyası kinematoqrafiyasına verdiyi töhfələrə görə bir sıra kino xadimləri mükafatlarla təltif olunub. “Ən yaxşı aktyor”, “Ən yaxşı aktrisa”, “Ən yaxşı ssenari”, “Ən yaxşı rejissor” nominasiyalarında qaliblər mükafatlandırılıb. “Ən yaxşı sənədli film”, “Ən yaxşı bədii film” nominasiyalarında da qaliblər mükafata layiq görülüblər.
Əlbəttə ki, Azərbaycanda digər festivallar da təşkil olunacaq. Bu ilin payızında ilk dəfə olaraq ölkəmizdə Beynəlxalq tələbə gənclər festivalı keçiriləcək. Ümid edirəm ki, maliyyələşdirdiyimiz Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin filmləri bu festivalda ölkəmizi uğurla təmsil edəcək.
Bundan başqa Agentliyin dəstəklədiyi “Doku Baku”, “Anima Film” və kiçikhəcmli filmlər “Short film” festivalları da var. Qeyd etmək istərdim ki, bu il keçirilməsini təmin edəcəyimiz yeni tammetrajlı filmlər festivalı da Kino Agentliyi tərəfindən maliyyələşdiriləcək.
Ümid etməyə dəyər ki, bu il Agentlik tərəfindən dəstəklənən yeni filmlərimiz də milli təqdimatda daha effektiv şəkildə dünya miqyasına çıxacaq və nəhayət ki, Azərbaycanı kino ölkəsi kimi dünyada tanıdacaq. Bütün çətinliklərə baxmadan mən bu uğurlu sonluğa inanıram və bu belə də olacaq, çünki yaxşı filmin sonu həmişə yaxşı ovqat yaradır...