Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ramazan bayramı münasibətilə paytaxt Tbilisidə Cümə məscidini ziyarət edib.
Senzor.az bildirir ki, o, bayram münasibətilə müsəlmanlara təbriklərini çatdırıb.
Hökumət başçısı Gürcüstanda tarixən müxtəlif etnik və dini mənsubiyyətə məxsus insanların birgə, dinc şəraitdə yaşadığını söyləyib.
İ.Kobaxidze Gürcüstanın müsəlman icmasının ölkənin inkişafına böyük töhfə verdiyini vurğulayıb.
Sonra Gürcüstanın Dini İşlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze çıxış edərək müsəlmanları təbrik edib.
Gürcüstan Müsəlmanları İdarəsinin sədri Şeyx Hacı Faiq Nəbiyev çıxışında göstərilən diqqət və qayğıya, təbrikə və xoş sözlərə görə minnətdarlığını bildirib.
Daha sonra Qərbi Gürcüstanın müftisi Adam Şantadze, Şərqi Gürcüstanın müftisi Etibar Eminov çıxış ediblər.
Ramazan bayramı münasibətilə təşkil edilmiş mərasimdə Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri Faiq Quliyev, Ali Kaan Orbay, diplomatlar, din xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Senzor.az