Türkiyənin 30 şəhərində Ramazan bayramı günlərində keçirilən “Qalxan-19” kod adlı əməliyyat nəticəsində 1177 qanunsuz miqrant saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya rəsmi "X" hesabında paylaşım edib.
“Mobil miqrasiya məntəqələri” adlı xüsusi avtobuslar vasitəsilə şəhərlərin müxtəlif bölgələrində 22 707 xarici vətəndaşın sənədlərinin yoxlanıldığına diqqət çəkən nazir onlardan 1 177 nəfərin deportasiya ediləcəyini bildirib.
Əməliyyata cəlb olunan 162 “Mobil miqrasiya məntəqəsindən” 103-nün İstanbulda fəaliyyət göstərdiyini qeyd edən Yerlikaya, qanunsuz miqrasiyaya qarşı mübarizənin davam edəcəyini, əməliyyatların Türkiyənin bütün bölgələrini əhatə edəcəyini deyib.
“Türkiyə qanunsuz miqrasiya baxımından “hədəf ölkə” və “tranzit dövlət” olmayacaq”, - deyə daxili işlər naziri vurğulayıb.